Qadir İbrahimli: “Hökumət islahatlardan imtina edib”

Qadir İbrahimli: “Hökumət islahatlardan imtina edib” Siam.az Manatın bahalaşması, monopoliyalar və başqa aktual problemlərlə bağlı Azadlıq.info-nuniqtisadçı-ekspert Qadir İbrahimli ilə müsahibəsini təqdim edir:

– Manatın bahalaşması prosesi gedir. Manatın məzənnəsini sabitləşdirmək mümkün olacaqmı?


– Müvəqqəti tendensiyadır. Manat bir azdan yenidən ucuzlaşmağa başlayacaq. Çünki manatın sabitləşməsi üçün zəruri şərtlər hələ də təmin edilməyib.

– Hansı şərtlərdən söhbət gedir?

– Əvvəla, Beynəlxalq Bank və SOCAR-la bağlı problemlər həllini tapmayıb. Hökumət 2 ildir Beynəlxalq Bankı sağlamlaşdıra bilmir. 2 ildə BB-də 2 dəfə rəhbərlik dəyişdirilsə də, bank hələ ki böhrandan çıxa bilmir. Baxmayaraq ki, son 2 ildə bankın sağlamlaşdırılmasına 8 milyard ayrılıb. Bank aktivlərinin 70 faizinin BB-də cəmləndiyini nəzərə alsaq, bu amlin birbaşa maliyyə sabitliyinə təsirini xüsusi sübuta ehtiyacı yoxdur. Məndə olan məlumatlara görə, hökumət BB-ı kiçildərək özəlləşdirmək istəyir. Yəni BB-in bank sektorundakı dominant mövqeyini dağıtmaq istəyir. Prinsipcə, anlaşılan qərardır. Ancaq bu qərarın icrası üçün vaxt tələb edilir.

Eyni zamanda SOCAR-ın 9,4 milyard manat borcu var. Bu balaca məbləğ deyil – büdcə xərclərinin 58 faizinə bərabərdir. Bunun 1,2 milyard dolları – indiki rəsmi məzənnə ilə 2,2 milyard manatı BB-yə olan borcdur. Əslində BB-nin indiki vəziyyətə düşməsində SOCAR-ın da müstəsna “xidməti”var. Ölkənin ən iri bank və şirkətinin problemli vəziyyəti təbii ki, maliyyə sabitliyinin təmin edilməsinə əsas vermir.

– Ancaq ölkənin xarici ticarət saldosu müsbətdir. 2016-cı ilin yekunlarına görə, xarici ticarət saldosu müsbət olub – 4,2 milyard dollara yaxın. Yəni ölkəyə daha çox valyuta daxil olur, nəinki çıxır. Bu manatın məzənnəsinin sabitləşdirilməsi üçün yetərli deyilmi?

-Nəzəri baxımdan yetərlidir. Ancaq real göstəricilər fərqlidir. 2016-cı ilin yanvar-noyabr aylarında ölkədən 11,9 milyard dollarlıq mal ixrac edilib, 7,7 milyardlıq mal isə idxal edilib. Yəni müsbət saldo 4,2 milyard dollara yaxındır. Ancaq ölkədən 11,9 milyardlıq məhsul ixrac edilib ki, bunun da 91 faizi xam neft ixracının payına düşür. Xam nefti isə ABƏŞ ixrac edir və bu mənbədən gələn valuyta isə birbaşa bazara daxil olmur və Neft Fondunun hesabına keçir. Bu baxımdan maliyyə bazarındakı situasiya çox müərəkkəbdir. Başqa bir amil isə ölkədə olan valyuta ehtiyatlarının xaricə çıxarılması ilə bağlıdır. Dollarlar ya sandığa yığılır, ya da ölkədən çıxarılır. Yəni istənilən halda bazarda dollara tələb təklifi üstələyirsə, manatın bahalaşmasına sevinmək çox tezdir.

– SOCAR-ın borcları da manatın kursuna təsir edir?

– Təbii ki. SOCAR hələ də ölkəyə valuyuta gətirən əsas şirkətdir. Ona görə də bu şirkətdə olan problem bütövlükdə iqtisadiyyata təsir edir. Bu yaxınlarda iqtisadiyyat naziri rəsmən açıqladı ki, SOCAR zərərlə işlədiyindən əhaliyə satılan qazın qiyməti qaldırılıb. Təbii ki, absurd açıqlamadır. Əhaliyə satılan qazın maya dəyəri 4 qəpikdir. Əhaliyə isə 20 qəpiyə satılır. Bu o deməkdir əhaliyə qaz satışı kifayət qədər gəlirlidir. Ancaq SOCAR-ın başqa layihələri ziyanlıdır. Tutaq ki, SOCAR gedib Avropada turizm layihələrinə pul yatırıb, borclanmaya gedib. Heç bir rəsmi izahat da yoxdur ki, həmin turizm layihələrindən SOCAR və ya ölkə hansı iqtisadi faydanı götürüb? Ancaq həmin layihələrin xərcini də əhaliyə yükləyib qazın qiymətini qaldırdılar.

– Bəs manatın bahalanması nə ilə bağlıdır?

– Bu sadəcə Mərkəzi Bankın spekulyasiyasıdır. Üzən məzənnənin əsas mahiyyəti əhalinin sərəncamında olan dollar ehtiyatını banklara cəlb etməkdir. Ucuzlaşma da bu siyasətin tərkib hissəsidir – əhalidən dolları ucuz qiymətə alınır ki, az sonra yenidən baha qiymətə satışa çıxarılsın. Banklara da imkan yaradılır ki, dollar satışından böyük qazanc götürüb, problemli kreditlər hesabına yaranan ziyanı kompensasiya etsinlər.

– Hökumət rəsmiləri qeyri-neft sektorunn canlanmasından danışırlar…

– Hansı canlanmadan söhbət gedir? Rəsmi statistikaya görə, 2016-ci ilin 11 ayında 1 milyard 117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır. Neftdən sonra 2-ci yüksək ixracat potensialı olan kənd təsərrüfatı məsullarının ixracında isə azalma 25 faizə çatıb. Real rəqabət mühitinin olmaması qeyri-neft sektorunu iflic edib. Adicə bir fakt. Azərbaycanın qida sənayesi bazarını inhisara alan “Azersun”un ixracı 3 dəfəyə yaxın azalıb. Bu o deməkdir ki, artıq “Azərsun” xarici bazarlarda rəqabətə tab gətirmir. “Azersun” ixracatdakı itkilərini kompensasiya etmək üçün daxildə qiymətləri qaldırır. Ümumiyyətlə bu tendensiya geniş yayılıb ki, hansı monopolist ziyana düşürsə qiymətləri qaldırıb əhalini öz ziyanına şərik edir.

– İdxal-ixrac əməliyyatlarının liberallaşdırılması deyilir. Bu da rəqabət mühitinə təsir etmir?

– Gömrük sisteminin liberallaşması deyilənlər çox şişirdilib. Mənim araşdırmalarıma görə, qeyri-ərzaq məsullarının idxalı bir az liberallaşıb. Əslində böhran dövründə qeyri-ərzaq məsullarının idxalı bir elə əhəmiyyət kəsb etmir. Tikinti materallarının satış bazarını götürək. Tikinti bumu artıq bitib. Tikinti materiallarının satışı ilə məşğul olan şirkətlər artıq ziyana düşüb, bəziləri isə fəaliyyətini dayandırıb. Bu halda tikinti materiallarının idxalının inhisara alınması da “sərfəli” deyil. Bu yaxınlarda tikinti materallarının idxalı ilə məğul olanlardan biri mənimlə söhbətində etiraf etdi ki, gömrükçülər özləri onlara yalvarır ki, mal gətirsinlər, gömrük rüsumlarını hissə-hissə ödəyərlər. Ancaq tikinti materialları bazarı çökdüyündən həmin idxalçı mal gətirmək niyyətində deyil.
Qida məhsullarının idxalında isə monopoliylara ləğv edilməyib. Bu bazarın ayrı-ayrı seqmentləri konkret şirkətlərin inhisarındadır. Məsələn, kərə yağını hansı şirkətin, taxılı hansı şirkətin gətirəcəyi bəllidir və ikinci şirkətin belə bir hüququ faktiki olaraq yoxdur. Ona görə də hətta manat bahalaşanda da monopolistlər qiyməti rahatlıqla qaldıra bilirlər.
Ən böyük problem isə istehsal monopoliyalarıdır. Əmək tutumlu iş yerləri istehsal sektorunda yarana bilər. Xüsusilə də kənd təsərrüfatı məhsullarının emal sənayesində. Məşğul əhalinin 38 faizi aqrar sektorda çalışırsa, deməli, diqqət bu sektorun inkişafına yönəlməlidir. Bu həm də ərzaq təhlükəsizliyinin təminatı baxımdan əhəmiyyətlidir. Ancaq təəssüf ki, hökumət bu barədə düşünmək belə istəmir. Məşğul əhalinin 38 faizi aqrar sektorda çalışdığı halda, əhalinin qida məhsulları ilə təminatının bütövlükdə 60 faizə yaxını idxalın payına düşür. Bir qədər uğursuz müqayisə də olsa deyim ki, Almaniyada əhalinin cəmi 1,7 faizi kənd təsərrüfatında çalışır. 1,7 faiz nəinki Almaniyanın daxili tələbatını ödəyir, eyni zamanda aqrar məhsullar ixrac edilir. Emal sənayesi inkişaf etməyincə, ölkədə inkişadan danışmaq mümkün deyil. Nəinki ölkənin, heç kənd təsərrüfatının inişafından danışmaq olmaz. Kənd təsərrüfatı mallarının satış bazarı yaranmayınca, bu sektor inkişaf etməyəcək. Emal müəssisələri isə satış bazarı rolunu oynayacaq.

– Bəs hökumət nəyə ümid edir?

– Hökumət yaxın prespektivdə qaz gəlirlərinə və neftin yenidən bahalanmasına ümid edir. “Şahdəniz” qazının dünya bazarına çıxarılması gözlənilir. Ancaq bu optimist yanaşmadır. Sabah qazın bazarda neçəyə olacağını planlamaq mümkün deyil. Neftin yenidən fantastik həddə qədər bahalanması isə ümuiyyətlə real görünmür. Artıq dünyada alernativ enerji növlərinə maraq artıb və bu sahənin araşdırılmasına milyardlar ayrılıb. İlkin nəticlər müsbətdir. Alternativ enerji növlərinin tətbiqi isə neft və qazın qiymətlərinə öldürücü təsirlər göstərə bilər.

-Hokuməti arxayın edən elə budur?

-Bəli. 2015-ci ilin sonunda neftin qiyməti 27 dollara enəndə hökumət şoka düşmüşdü və anti-böhran tədbirlərinə hazırlaşırdı. Ancaq neftin qiyməti tədricən 50 dollara çatandan sonra hökumət bu tədbirlərdən vaz keçdi. Neftin qiyməti 50 dolları ötəndən sonra isə hökumətdə “bəlkə də qaytardılar” ovqatı gücləndi. Hökumət rəsmən bəyan etsə də “nefti heç vaxt unutmayıb”.

– Neft yenidən kəskin ucuzlaşsa necə olacaq?

-Təəssüf ki, hökumət buna qətiyyən hazır deyil. Kəskin ucuzlaşmanın olacağı təqdirdə nə baş verəcəyini proqnozlaşdırmaq belə vahiməlidir. Nəzərə alın ki, hazırda ölkəni neft hökuməti idarə edir. Bu isə böhran hökumətidir – ölkəni bu günə gətirib çıxaran hökumət. Təbii ki, böhran hökuməti islahatın heç ”i” hərifindən xəbəri yoxdur və heç vaxt da olmayacaq. Nazirlər Kabinetinin indiki tərkibi dəyişməyincə islahat haqda ümidləri dəfn etmək lazım gəlir.

– Siz hökumətin indiki tərkibinin dəyişəcəyinə inanmırsınız?

-Bu yaxınlarda Milli Məclisin viitse-spikeri Ziyafət Əsgərov bildirdi ki, böhran Azərbaycandan yan keçdi. Ardınca da YAP-ın aparıcı şəxsi Siyavuş Növruzov bildirdi ki, hakimiyyət komandası dəyişməyəcək. Yəni neftin qiyməti 50 dolları keçibsə, böhran yan keçib və komanda dəyişməyəcək. Bu, hakimiyyətdəki ovqatdır.

– Bəs referendumdan sonra köklü islatlar vəd olunmuşdu?

-Hökumət islahat əvəzinə bürokratiyanı gücləndirməyə başlayıb. Eyni zamanda yeni monopoliyalar yaradılır. Tutaq ki, sosial mənzillərin tikintisi ilə səhmləri 100 faiz dövlətə məxsus ASC məşğul olacaq. Bu o deməkdir ki, Azərbaycan hökuməti rəsmən bazar iqtisadiyyatından imtina edib, sırf inzibati idaretməyə keçir. Bu isə böhranı nəinki səngitmir, əksinə, daha da dərinləşdirir. Ancaq böhrandan çıxmağın tək yolu iqtisadi mühiti liberallaşdırmaq, rəqabət mühitini gücləndirməkdir ki, hökumət də bundan imtina edib. İcra başçılarına tapşırıq verildi ki, investor tapsınlar. Sanki balıq ovuna həvəs göstərməyən adamlara “qızıl balıq” tutmaq tapşırığı verildi. Nəticə sıfırdır, heç çay balığı da tuta bilmədilər və belə də olmalıydı. Çünki indiki biznes mühiti ölkənin qapılarını investorların üzünə bağlayıb. Qapıların açılması üçünsə birinci indiki böhran hökuməti dəyişməli, ardınca da biznes mühiti dəyişməlidir. Dəyişməyəcəksə, böhran da dərinləşəcək və hansısa mərhələdə hakimiyyət daha pis nəticələrlə üzləşməli olacaq. Bu qaçılmazdır.

– Bəs sosial gərginlik hansı həddə qədər davam edə bilər?

– Onu proqnozlaşdırmaq çətindir. Hökumət bütün ziyanlara əhalini şərik edib. SOCAR ziyanla işləyir, qazın qiyməti qaldırılır, “Azərenerji” ziyanla işləyir işığın qiyməti qaldırılır, “Azersun”un gəlirləri azalır, qiyməti qaldırırlar. Eyni zamanda hökumət sosial xərclərdən imtina edir – pensiya yaşını 65-ə qaldırır, məcburi köçkünlərə güzəştlər ləğv edilir. Əhali böhranla baş-başa buraxılıb. Sabah nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Hələ neft pullarının fontan vurduğu 2012-2013-cü illərdə heç kimin proqnozlaşdırmadığı Quba, İsmayıllı hadisləri baş verdi. Hələ onda sosial mühit indiki ilə müqayisədə xeyli normal idi. Bundan sonra nə baş verəcək? Proqnozlaşdırmaq çətindir, ancaq nələrsə baş verəcək. Kütləvi yoxsulluq və işsizlik heç bir halda syasi sabitlik üçün zəmin ola bilməz. Bu artıq aksiomadır.

Siam.az
Tarix: 13-02-2017, 15:15
Xəbəri paylaş





Xəbər lenti