Müxalif siyasi partiyalar Elçibəyə qarşı hücumları pislədi, iqtidarı tənqid etdi
Musavat.com xəbər verir ki, KXCP qərargahında 14 fevral 2017- ci il tarixində ADP, VİP, Aydınlar, BAP, AĞ Parti, AXP, ALDP və KXCP sədrlərinin toplantısı olub. Toplantıda ölkədə və dünyada vəziyyət və siyasi partiyaların əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirə olunan məsələlərə aid aşağıdakı rəylər barədə ictimaiyyətin məlumatlandırılması razılaşdırılıb:
1. Hazırda qeyri – qanuni inhisarlaşmanın ən təhlükəli forması kimi bank monopoliyasının ifrat dərəcədə artması, milli valyutanın məzənnəsində süni dalğalanmalar yaratmaq yolu ilə iş adamlarının müflisləşməsi, işgüzar fəallığın aşağı düşməsi, bank maliyyə sistemi və əməliyyatları öz əlində cəmləşdirən siyasi iqtidarla bağlı məhdud bir qrupun geniş vətəndaş kütlələrini açıq aydın soyğunçuluq yolu ilə istismarının, bahalaşma və işsizliyin dözülməz şəkil aldığı qeyd olunsun;
2. Nəqliyyat nazirliyinin rabitə və texnologiyalar nazirliyi ilə birləşdirilməsilə bağlı şərhlərdə iqtidarın bu cür yollarla iri miqyaslı qanunsuzluq, dövləti cinayətlər və korrupsiyaya dair sənədlərin və dəlilləri yox etmək, bu faktları unutdurmaq və vəzifəli şəxsləri məsuliyyətdən yayındırmaq üçün istifadə etdiyi barədə əsassız görünməyən iddialarla bağlı izahat verilməsi hakimiyyətdən tələb edilsin;
3. Son dövrdə Elçibəyə, Nuru Paşaya, Azərbaycan tarixinin digər görkəmli simalarına hücumların artması pislənsin. Bu tipli hücumlarda ölkənin içində olduğu problemlərin guya milli vətənpərvər və demokratik qüvvələrin Rusiyaya münasibətdə mövqelərinin nəticəsi olması, məsələn, “Qarabağ ona görə işğal olunub ki, rus qoşunları Azərbaycandan çıxarılıb”, kimi ideyaların təbliğatı təhlükəli niyyətlərdən xəbər verir. Eyni zamanda bu kampaniyanın Moskvada Azərbaycanı Rusiya quberniyasına çevirmək kimi sərsəm fikirlərin səsləndirildiyi məqamla üst- üstə düşməsi də təsadüfi sayılmamalıdır. Diqqət ona cəlb olunur ki, belə hücumların icraçılarının hakimiyyətdə həlledici mövqelərdə yerləşən vəzifəli şəxslərlə bağlılıqları vardır və bu səbəbdən bu kampaniyanın vahid mərkəzdən idarə olunduğu şübhə doğurmur. Adı çəkilən siyasi partiyalar hesab edir ki, bu mövzulara biganəlik yolverilməzdir və milli maraq və mənafelərimizə təhdiddir. Bununla əlaqədar siyasi partiyalar konkret tədbirlər həyata keçirilməsini, o cümlədən 2018 – ci ildə Elçibəyin anadan olmasının 80 illiyinin tamam olmasını nəzərə alaraq 2017- ci ildən başlayaraq bu hadisəni ümummilli səviyyədə qeyd olunmasını faydalı hesab edirlər.
4. Fransa prezidentinin Dağlıq Qarabağ məsələsinin xalqların öz müqəddəratını təyin etməsi kimi qələmə verməsi məzmunundakı açıqlamaları ədalətə, beynəlxalq hüquqa və regionda sülhə təhlükə sayılaraq rədd edilir və XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının 25 illiyi ərəfəsində Minsk qrupunun həmsədr ölkələrinin birinin dövlət başçısı tərəfindən belə bəyanatın verilməsi mənəviyyatsızlıq nümunəsi kimi hiddətlə pislənilir pislənilir.