Gələnlər və gedənlər haqqında xalq nə düşünür? Mövcud hakimiyyətin dövründə ölkədə çox şey dəyişib. Yeni “ənənə”lər yaranıb, insanların baş verənlərə ümumi baxışı formalaşıb. Azərbaycanda vəzifəyə gələnlər və vəzifədən gedənlər haqqında da ümumi fikir mövcuddur. Bir şəxs vəzifə kürsüsünə əyləşdisə, qısa müddətdə var-dövlət sahibi olacağına şübhə edilmir. Hamı başa düşür ki, bu adam verdiyi rüşvəti işləyib çıxardacaq. “Filankəsin oğlu gömrükdə işə düzəlib”, “filankəsin oğlu vergidə işləyir” kimi xəbərlər el arasında dolaşır. Yəni, diqqətə çatdırmaq istəyirlər ki, filankəsin oğlu yaxşı pul yeri tapıb. Bəli, bu ölkədə vəzifə pilləkəninə dırmaşan adamın dəbdəbəli evi, bahalı maşını, obyektləri mütləq olmalıdır. Hamı dərk edir ki, mövcud şərtlər daxilində vicdanla xidmət etmək, maaşla dolanmaq qəbuledilməzdir. Ona görə də vəzifəyə gələn şəxs haqqında “yeyib dağıdanın biri də gəldi” deyirlər.
Əlbəttə ki, insanlar kor-təbii olaraq bu qənaətə gəlmirlər. Uzun illərin təcrübəsi, zamanın ortaya çıxardığı gerçəkliklər belə bir ümummilli fikir formalaşmasını zəruri edir.
Amma bu ümumilik təkcə vəzifəyə gələnlərlə bağlı deyil, vəzifədən gedənlərlə bağlı da keçərlidir. Əgər diqqət etsək görərik ki, vəzifədən gedən şəxs haqqında cəmiyyətdə neqativ şaiyələr yayılmağa başlayır. Kimsə istefaya getdisə “filankəsi vurduar”, “filankəs komandadaxili toqquşmanın qurbanı oldu” kimi fikirlər səslənir. Ən əsası isə vəzifədən gedən şəxsin həbs olunacağı haqqında müxətlif versiyalar gündəmə gəlir. Son olaraq belə müzakirə Ziya Məmmədovla bağlı aktualdır. Xeyli insan düşünür ki, Ziya Məmmədovu həbs edəcəklər.
Bəs, istefaya göndərilənlər, vəzifədən uzaqlaşdırılanlar haqqında niyə “həbs olunacaq” proqnozu üstünlük təşkil edir? Cavab çox sadədir. Çünki, bir vəzifəlinin quru maaşla villalar tikdirməsi, holdinqlər yaratması, ölkə xaricində biznes imperiyası quraması mümkünsüzdür. Orta məktəb şagirdi də başa düşür ki, bu adamlar vəzifə cinayəti törədiblər, bu adamlar dövlətin sərvətinə xəyanət ediblər. Ona görə də “həbs edəcəklər”, “yığdıqlarını əlindən alacaqlar” proqnozu ana xətti təşkil edir.
Hansıki, vəzifəyə gələn şəxs haqqında “çiyninə ağır yük götürdü”, vəzifədən gedən şəxs haqqında “xidmətinə görə mükafatlandırılacaq” deyilməlidir.
Həqiqətən də dəhşətli reallıqdır. Xalqa və dövlətə xidmət etməli olan şəxsin çirkaba batdığını hamı bilir, görür və ümid edirlər ki, bu adam nə vaxtsa cəzalanıdırılacaq. Yaxud, hamı başa düşür ki, bu ölkədə səbəbsiz istefa olmur, ölənə qədər vəzifədən sallaşmaq ənənəsi var . Ona görə də kiminsə istefaya göndərilməsi sensasiya kimi görünür və bu adamın sonrakı taleyini heç kim yaxşı təsəvvür edə bilmir.
İlham
Tarix: 14-02-2017, 22:48