Problemlərin həlli xalqın ayaqda olmasından keçir
Ölkə başçısı İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzaladı.Belə ki, 2 həftə öncə imzalanmış fərmana görə məcburi köçkünlərə edilən güzəştlər ləğv olunmuşdu və tam sayğaclaşdırılmaya start verilmişdi. Amma bu qərar məcburi köçkünlər arasında ciddi narazılığa səbəb oldu, etiraz aksiyaları keçirildi, xeyli yataqxanalarda sayğac quraşdırılmasına imkan verilmədi. Narazılığın getdikcə kütləviləşməsi hökuməti yenidən düşünməyə məcbur etdi və ölkə başçısının yeni fərmanı ilə nəticələndi. Yeni fərmana görə bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçənə qədər dövlət hesabına ödəniləcək.
Yazımızın məqsədi bu fərman üzərində gəzişmək deyil, fərmandan çıxan nəticəni şərh etməkdir. Hamılıqla müşahidə etdik ki, ölkə başçısının ikinci fərmanı kütləvi etirazlardan sonra ortaya çıxdı. Yəni, vətəndaşların yeni qaydalara etirazı, ayağa qalxması hökuməti geri addım atmağa məcbur etdi.
Bugünə qədər ölkənin talan edilməsinin, vətəndaşların haqqının oğurlanmasının əsas ilhamvericisi insanların susqunluğu olub. 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə Universitetdən kənarlaşdırılanda, 13500 şəhid ailəsi “qan pulu”nu ala bilməyəndə, seçkilər rüsvayçı şəkildə saxtalaşdırılanda, məmurlar aşırı dərəcədə varlananda, saysız-hesabsız korrupsiya faktları ortaya çıxanda vətəndaşlar etiraz etsəydi, bu gün tamam fərqli bir Azərbaycanı müşahidə edərdik.
Minimum əməkhaqqının 116 manat olduğu ölkədə vətəndaş susursa, hökumətin yeni “ənənə”lər formalaşdırması təbiidir. Yaxud, ölkəyə gətirilən məhsulların inhisar nəticəsində 10 qat baha qiymətə satılmasına seyrçi qalmışıqsa, məmurların daha çox qazanmaq eşqinə düşməsi başadüşüləndir.
Hökumət qarşısında hesabat verəcəyi qüvvəni görməyəndə çox arxayınlaşır. Və bu arxayınçılığın nəticəsidir ki, 140 milyard dollar həzm edilib. İnsanlar susa-susa özünəinam hissini itiriblər. Amma müxtəlif yerlərdə sayğaclaşdırmaya etiraz edilməsi göstərdi ki, hökuməti tərpətmək mümkündür. Ölkədə 2.5 milyon insan kredit borcu ödəyir və bankların böyük əksəriyyəti məmurlara məxsusudur. Faktiki olaraq məmur bankları vətəndaşı ən yüksək faizlərlər süründürür, məhkəmələrdə baxılan işlərin 75 faizi kredit ödənişləriylə bağlıdır. Devalvasiyadan sonra insanlar öz haqqını tələb etsəydi, hökuməti məsuliyyətə səsləsəydi, bu gün başqa mənzərə yaranardı. Amma hamı susdu və nəticədə vətəndaşa yox, Beynəlxalq Banka yardım edildi. Hansıki, Beynəlxalq Banka ayrılan vəsaitin 10 faizi dollarla krediti olanlara güzəşt məqsədiylə ayrılsaydı, minlərlə ailə yükün altında qalmazdı.
Qazın qiymətinin 100 faiz, işığın qiymətinin 57 faiz, suyun qiymətinin 36 faiz qalxmasına kütləvi etiraz müşahidə olunmadı və hökumət də verdiyi qərardan məmnun oldu.
Xülasə, ölkə başçısının sərəncamından çıxan nəticə budur ki, problemlərin həlli xaqldan asılıdır. Yoxsa, problemyaradanlar “fəaliyyət”lərini davam etdirəcəklər.
Samir
Tarix: 15-02-2017, 15:32