ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə təkbətək və birgə görüşün yekunlarına dair bəyanat yayıblar.



APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, ATƏT-in Hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də iştirak etdiyi görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarında əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair 1994/95-ci il tarixli razılaşmalara riayət etməyə çağırıblar.



Bəyanatda daha sonra deyilir:



"Həmsədrlər prezidentlərin Dovildəki birgə bəyanatlarını xatırladaraq, gücdən istifadənin yalnız əzab gətirəcəyini qeyd ediblər. Həmsədrlər Vyana və Sankt-Peterburqda keçiriləm yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün görüləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparıblar.

Həmsədrlər nazirlərə çeviklik nümayiş etdirmək və mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıblar. Həmsədrlər Ermənistan hakimiyyətinin Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı son qərarını yararlı humanitar jest kimi qiymətləndiriblər. Hər iki ölkənin naziri bütün beynəlxalq humanitar öhdəliklərə, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan prezidentləri tərəfindən 2010-cu ilin oktyabrında imzalanmış Həştərxan Bəyannaməsi ilə üzərilərinə götürdükləri öhdəliklərə sadiqliklərini bir daha nümayiş etdirdilər.

Həmsədrlər, 2017-ci il 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar. Həmsədrlər, Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan əhalinin ictimai həyatını formalaşdırmaq cəhdi kimi istifadə etdiyini qeyd etsələr də, bir daha vurğulayırlar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.

Buna görə də, həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər həmçinin qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir.

Həmsədrlər cari ilin mart ayında regiona səfər etməyi planlaşdırırlar".
Tarix: 17-02-2017, 07:59
Xəbəri paylaş





Xəbər lenti