Dağıstan sakini: “İki oğlum qərib yerdədir, Rusiyaya işləməyə gedib”
Yeni heç nə demirəm. SSRİ dövründə Azərbaycan suveren dövlət deyildi, sadəcə Azərbaycan SSR adı altında imperiyanın tərkibində idi. O vaxtlar birinin övladı Rusiyanın şəhər və kəndlərinə işləməyə gedəndə deyərdilər ki, oğlum “Ursiyət”dədir. Düzü, bu sözün dərinliyinə varmazdıq. Axı ortalıqda RSFSR də vardı. Kimsə iddia edə bilər ki, həmin söz RSFSR-yə şamil olunub. Belələri də haqlıdır. Lakin Azərbaycan insanı heç vaxt qəlbində Rusiyaya doğma vətən kimi baxmayıb. Bu sadəcə şüarlarda, sözdə və yaxud kağız parçası üzərində olub. Yetmiş il “Ursiyət”i yad yer kimi sayanlar sonda sözü reallığa çevirdilər. İndi RF özü bizim kimi müstəqil bir dövlətdir.
Bunu yazmaqda məqsədim tarixə qayıtmaq deyil. Ötən ay Dağıstanda olarkən bir nəfər avarla söhbət etdim. Oradan-buradan danışdıq. Övladları ilə maraqlandım. Dedi ki, iki oğlum qərib yerdədir, Rusiyaya işləməyə gedib. Biraz söhbət edib aralandıq. Amma son vaxtlar dağıstanlılardan və bəzi Şimali Qafqaz xalqlarının nümayəndələrindən tez-tez eşitdiyim bu söz məni biraz fikirləşməyə vadar edir. Məgər Dağıstan, İnquşetiya və digər respublikalar RF ərazisi deyil? Adamların danışığından belə çıxır ki, onlar Şimali Qafqaz hüdudlarından kənara yad ölkə kimi yanaşırlar. Yoxsa nə fərqi? Elə Şimali Qafqaz da faktiki Rusiya ərazisidir də. Deməli, insanlar içlərində belə hesab etmirlər. İndi kimsə mənə irad tuta bilər ki, RF-nin ərazi bütövlüyünə xələl gətirirəm. Bu cür yazılar iki ölkə arasındakı münasibətlərə ziyandır. Bunu özümdən demirəm, dəfələrlə eşitmişəm. Əgər sıravi jurnalist bir yazı ilə iki ölkə arasındakı münasibətləri korlaya bilirsə, deməli bu münasibətlər sap üstədir. Digər tərəfdən, mən dağıstanlıların dediklərini təkrarlayıram. Onlar da bu sözü elə-belə işlətmirlər. Nə qədər Rusiya telekanallarından “Qafqaz millətindən olan şəxslər” ifadəsini eşitmək olar? Hətta bir ara vəziyyət o həddə gəlib çatmışdı ki, Rusiyanın Cənub Dairəsindən Moskvada işləyənləri deportasiya etmək eşqinə düşmüşdülər. Vladimr Jirinovski kimi “dahi siyasətçilər” hətta Şimali Qafqazla Rusiya arasında tikanlı məftil də çəkmək istəklərini bəyan edirdilər. Moskvada nə qədər üstü açılmayan cinayətlər var, yıxırlar şimali qafqazlıların boynuna. İnsanların şərəf və ləyaqətini nə qədər alçaltmaq olar? Uzağa getməyək. Dağıstanın müstəqil nəşrləri də bu barədə çox yazıblar. Açıq-aydın bildirilir ki, Kremldəki bəzi dairələr Şimali Qafqaz respublikalarına özlərinin pulsilən əraziləri kimi baxırlar. Arada bir bəzi xəyallara da düşürlər. Adıgey respublikasını Krasnodar vilayətinə birləşdirmək, Karaçay Çerkezi Stavropol diyarının içində əritmək və sair. Bir-iki dəfə cəhd etdilər də, amma alınmadı. Bütün bu baş verənlər fonunda bir avarın Rusiyanı qərib yer adlandırması çox təbiidir. Mən hələ Şimali Qafqazda vaxtilə Rusiyanın da qoşulduğu və sonradan birtərəfli qaydada imtina etdiyi “Cinah” sazişinin pozulduğunu demirəm, kvotadan danışmıram. Bu gün şimal qonşumuz sərhədlərimiz yaxınlığında on minlərlə yerli-yersiz qoşun, çoxsaylı hərbi texnika saxlayır. Deyərsiniz ki, bu RF-nin daxili işidir. Amma indiki dünyada qonşunun çəpərinin dibində ağac yerinə hərbçilər və hərbi texnika “əkmək” heç də yaxşı iş deyil...
Qayıdıram söhbətin əvvəlinə. Yetmiş il “Ursiyət” deyə-deyə canımız həqiqətən sovet imperiyasından qurtuldu. İndi də dağıstanlılar, bəzi Şimali Qafqaz respublikalarının xalqları RF-nin tərkibində ola-ola Moskvada, Sankt-Peterburqda işləyənlərə “Rassiyadadır” deyirlər. Mən başa düşmürəm, bu əsl Rusiya haradan başlayır və harada qurtarır. Xəritəni demirəm, orada çox böyükdür. Necə ki, SSRİ xəritəsi palaz boyda idi, sonradan bu palaza qurd düşüb parçaladı. İndi də həmsöhbətim avarın iki oğlunun qərib yerdə-yəni Rusiyada olduğunu deməsindən heç gözüm su içmir. Deyəsən ağaca qurd düşüb axı.
Allah axırını xeyirli etsin!
Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” qəzetinin baş redaktoru
Tarix: 17-02-2017, 23:57