Xalq olaraq bizdə nə çatışmır? Sən demə, kiçicik bir sual!
Sual çox səsləndirilib, amma yersiz deyil. XIX və XX əsrlər Azərbaycan ədəbiyyatında oxuduğumuz bir çox problemlər hələ də cəmiyyətimizdə öz aktuallığını qoruyub saxlamaqdadır. Əsrdən uzun bir zaman bizə bəs etmədimi bir millət olaraq problemlərimizi həll edib qurtarmağa? Nədə ilişib qalmışıq görəsən? Xalq olaraq keçmişdəmi ilişib qalırıq? Maraqlıdır ki, həm də keçmişimizlə fəxr edirik. Gözəl! Amma hərdən indi fəxr etməyə bir şey tapmadığımızdan bunun belə olduğu ağıla gəlir.Niyə bir çoxumuz özümüzə “niyə?” sualını vermirik?! Niyə hər şeyin belə olmağını asanca qəbul edirik?!“Niyə?” sualının rolunu uşaq ikən anlamışam. Kənddə yaşadığımızdan və təbii ki, evin qız övladı olduğumdan mənə qardaşımdan daha çox məhdudiyyət qoyardılar. “Niyə?” deyə üsyanlarıma anam “Dünyanı sən dəyişəsi deyilsən ki!” cavabını verərdi. Mən heç dünyanı dəyişməyə də çalışmırdım, amma nəyisə dəyişmək istəyirdim, ən azı özümlə bağlı nəyisə…
O zamandan anladım ki, dünyanı dəyişmək istəyirsənsə, özünü dəyişməkdən başlamaq lazımdır. Bu müdrik deyimi kim deyibsə, ən azı bunu həyatından keçirdikdən sonra söyləyib. Son illər gənclərin müxtəlif xarici dilləri öyrənmək meyli artıb. Bir çoxları müxtəlif xarici dilləri ana dili səviyyəsində öyrənməyə nail olurlar. Bu təqdirə layiq bir haldır, əlbəttə. Bəs yaxşı ingilis, yapon, alman və s. dilləri mükəmməl öyrənirik də, bəs niyə onlar kimi rasional düşünməyi də öyrənməyək? Nədən onlar kimi həyatlarındakı hər məsələyə “Niyə?” sualı verməyi öyrənmirik?
Niyəsini anlamadan, ailəmizin və cəmiyyətimizin anadan olandan bizə biçdiyi qəlibə uyğunlaşmağa çalışırıq və bizə aşıladıqları dəyərlərə əlli-ayaqlı elə yapışırıq ki, bir ömür buraxmırıq. “Dünyadakı ən mükəmməl mentalitet bizimkidir” sanırıq və bunu edən tək xalq da biz deyilik yəqin. Amma niyəsini düşünməyə dəyər. Niyəsini bilməyə dəyər. Bəlkə artıq başqa cür ola bilər? Bəlkə fərqli olmalıdır? Əvvəlki kimi davam edirik… Niyə?
Deyəsən, bizdə çatışmayan ən böyük şey o xırda “Niyə?” sualıdır.“Niyə” sualı olmadan emosiyalarla qərar veririk, emosiyalarla hərəkət edirik və emosiyalarımızın nə ilə nəticələnəcəyini də düşünmürük. Bu sual olmadan emosiyalar yanlış ola bilər, ziyanlı ola bilər. Reallıqda da belədir
Görünən budur ki, problemlərimizin səbəbini bir az da özümüzdə axtarmalıyıq.
Unutmamalıyıq ki, kimisə günahlandırmaq üçün bir barmağımızı uzadanda, qalan dörd barmağımız da bizim özümüzü göstərir.
O dörd barmaq da sual edir ki, “Bəs sən niyə..?”
Yenə də bu xırdaca “niyə?” sualı!
Fatma Babayeva
Tarix: 19-02-2017, 22:21