''Fəaliyyətini dayandır, ''Facebook'' hesabını bağla''

''Fəaliyyətini dayandır, ''Facebook'' hesabını bağla'' Orduxan Teymurxan qohumlarının hələ də polis bölməsində saxlanıldığını deyir

Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın bacıları bir gün saxlanıldıqdan sonra azadlığa buraxılsalar da, bacısının oğulları və qayını hələ də Suraxanı rayon Polis İdarəsindədir.

Bu barədə Meydan TV-yə bloqqerin özü məlumat verib. Onun sözlərinə görə, polislər ona "fəaliyyətini dayandır, "Facebook" hesabını bağla, ondan sonra qohumlarını azad edək" şərtini irəli sürüblər. O.Teymurxan isə "gedin, nə istəyirsiz edin" - cavabını verib. Buna görə də qohumları hələ də azadlığa buraxılmayıb.


Suraxanı rayon Polis İdarəsindən Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər.

Fevralın 18-də O.Teymurxanın yaxınları saxlanılıb və polislər ona zəng edərək fəaliyyətinə son qoymağı tələb ediblər. O.Teymurxan ilə polis əməkdaşlarının telefon danışığının səs yazısı Meydan TV-də yayımlanıb. Adını açıqlanmayan polis əməkdaşı O.Teymurxana "Sən kişi olsaydın bacılarını bura gətirməzdik" deyir və onu hədələyir.

Bloqqerin sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərinə görə incidilir. Ailəsindən O.Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.

32-ci polis bölməsinin rəisi fevralın 18-də Meydan TV-yə bölməyə qadınların gətirilmədiyini demişdi. Ötən bir gün ərzində DİN məsələyə münasibət açıqlamayıb.

Bir müddət əvvəl bloqqerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan etmişdi.
Tarix: 19-02-2017, 23:27
Xəbəri paylaş





Xəbər lenti