Naqif Həmzəyevə "Elmar Vəliyevin deputatı" deyirlər... - Birinin vəzifəsi alınır, birinin mandatı...
Milli Məclisdə deputat mandatı alan şəxslərin mandatlarının verdiyi 5 ildə özlərini necə aparmaları onlar üçün növbəti seçkilərdə işığın rəngini müəyyənləşdrir: 5 illik fəaliyyət bu işığı ya yaşıl edir, ya da qırmızı.
Sonuncu parlament seçkilərində mandat alan Naqif Həmzəyev elə deputatlardandır ki, onun 5 illik fəaliyyətini gözləməyə ehtiyac qalmayıb desək yanılmarıq. Tərəfdar.az xəbər verir ki, deputatlığının ilk günlərindəcə Məmmədəmin Rəsulzadə ilə bağlı verdiyi açıqlama onun taleyini həll etmiş oldu.
Sitat: “Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram...
Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub…
Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub…”Həmin vaxt məsələyə ən yaxşı münasibəti Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev bildirmişdi: “Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaqkı tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır...
Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı “Azərbaycanın düşməni” adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun”.
Tərəfdar.az xəbər verir ki, N.Həmzəyev üçün qırmızı işığın yanmasına tək bu məsələ səbəb olmayıb. Onun parlamentdəki passivliyi də mandatdan məhrum olması üçün yetərli ola bilər. Düzdür, parlamentdə susqun deputatlar çoxdur və onlar dəfələrlə mandat ala biliblər. Lakin belə deputatların dəfələrlə MM-də təmsil olunma səbəbi ən müxtəlifdir. N.Həmzəyev isə təsadüfi deputatlardan hesab olunur və passivliyi onun özünü doğrulda bilməməsi gerçəkliyini bir daha ortaya qoyur. 2015-ci il noyabrın 1-də parlament seçkiləri keçirilib və nəticələrin təsdiqlənməsi 1 ay çəkib. 1 aydan sonra yeni deputatlar rəsmən işə başlayıblar. Həmin ilin dekabrından bəri keçirilən və stenoqramları Milli Məclisin saytında yerləşdirilən iclasların heç birində N.Həmzəyevin hər hansı məsələ ilə bağlı çıxış etməsi göstərilməyib. Bu qənaətə müvafiq məlumatlarda axtarış apardıqdan sonra gəldik. Gəncə kiçik şəhər deyil, ölkənin həssas bölgələrindən biridir. Heç şübhəsiz orda da müəyyən problemlər, tələbatlar var. N.Həmzəyevin heç bir məsələyə münasibət bildirməməsi, hər hansı təkliflər çıxış etməməsi başqa şübhəli məqamlardan xəbər verir.
Tərəfdar.az-a danışan adının çəkilməsini istəməyən deputatlardan birinin sözlərinə görə, onun mandatı alına bilər: “Ona Rəsulzadə haqda açıqlamasından sonra danışmaq qadağan edilib. Rəhbərlik ehtiyyat edir ki, parlamentin tribunasından ona oxşar bir çıxış edər, fikir söyləyər, bu, daha böyük ajiotaja səbəb olar. Ona görə də onun çıxışlarına qadağa qoyulub. Bilirsiniz ki, N.Həmzəyev o çıxışına görə Müsavat Partiyası tərəfindən məhkəməyə verilmişdi. Düzdür, məhkəmə onun barəsində müsbət qərar çıxardı, amma təbii olaraq, bu onu dəstəkləyən qüvvə üçün başucalığı gətirən fakt deyil. Ona görə də ilk fürsətdəcə onun mandatı alınacaq”.Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Tarix: 20-02-2017, 09:21