“Avropadakı mitinqləri Fərhad Əliyev təşkil edir” -ŞOK İTTİHAM
“Son zamanlar Avropanın bir sıra şəhərlərində Azərbaycana qarşı etiraz mitinqləri təşkil olunmaqdadır. Bu aksiyaların arxasında vurulmuş məmurlar durur.”
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri konkret ad çəkərək bildirdi ki, aksiyaların əsas təçkilatçısı eks-iqtisadi inkişaf naziri Fərhad Əliyevdi:
“Mən ötən ay Avropanın bir sıra şəhərlərində olaraq oradakı soydaşlarımız arasında olan əhval-ruhiyəni öyrəndim. Bəzi şəxslərdən məlumatlar topladım. Deməli Azərbaycan xalqının prezidentə verdiyi dəstəyi görüb ölkəni daxildən parçalaya bilməyən xəyanətkar, vurulmuş məmurlar planlarında dəyişikliyə əl atıblar. Onlar indi də Azərbaycana xaricdən inqilab ixrac etmək istəyirlər. Bu planın başında isə Fərhad Əliyev durur. Fikir verin bu günə qədər xaricdə yaşayab azərbaycanlıların təşkil etdikləri etiraz aksiyalarında 3-5 adam iştirak edirdisə, son zamanlar iştirakçıların sayı yüzlərlədir. Məndə olan dəqiq məlumata görə bu mitinqləri Fərhad Əliyev təşkil edir. Bildiyimiz kimi Fərhad Əliyevin Cəmil Həsənli ilə də sıx əlaqələri var. Fərhad Əliyev milyardları hesabına yenidən Azərbaycan hakimiyyətinə qayıtmaq istəyir. Prezidentin son vaxtlar Avropa İttifaqı ilə danışıqlara başlaması bir sıra məmurların kürkünə birə salıb. Onlar hər cür yollara əl ataraq qardaşıma mane olmaq istəyirlər. Amma bu məmurlar bilsin ki, İlham Əliyevin yanında nə qədər ki, mən varam bu xəyanətkar məmurların hamısının kələyini kəsəcəm. Fərhad Əliyevə daxildə dəstək verən məmurlar onun Azərbaycana qayıtması üçün zəmin hazırlamağa çalışırlar. Fərhad Əliyevə artıq Sumqayıtda yağ zavodu tikdiriblər. Azərbaycanda FETÖ- metodundan istifadə olunmağa başlayıb. Məmurları ideoloji baxımdan öz tərəflərinə çəkə bilməyən xəyanətkarlar pul hesabına ayağı sürüşkən məmurları ələ alır. Fərhad Əliyev artıq Azərbaycanda dövlət çevrilişi etmək üçün böyük məbləğdə pullar ayırıb. Onlar seçkilər ərafəsində Azərbaycanda kütləvi aksiyalar etməyi planlaşdırırlar. Amma bu insanlar bilməlidir ki, nə qədər ki, mən sağam onların heç bir planı həyata keçməyəcək və onlara dəstək verən məmurlar ifşa olunaraq layiqli cəzalarına çatacaqlar.”