Gürcüstan iqtidarının azərbaycanlılar yaşayan bölgələrə verdiyi açıq mesaj: "Problemlərinizin həllini gedin seçkidə səs verdiyiniz azərbaycanlı namizədlərdən isdəyin”
Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Kvemo-Kartli (Borçalı) bölgəsində seçkilərin nəticəsi hakim "Gürcü arzusu" partiyasını necə deyərlər "yasa batırıb". BakiPost.az xəbər verir ki, Gürcüstan müstəqillik əldə edəndən indiyədək adətən mütləq əksəriyyəti hakimiyyətdə olan partiyaya səs verən və əlahiddə siyasi fəallığı ilə seçilməyən azərbaycanlıların 2016-cı ilin oktyabr seçkilərində ortaya qoyduğu siyasi iradəni, siyasi palitrada daha fəal şəkildə iştirak etməyə iddialarının ilkin simptomlarını İvanaşvili iqtidarı hazırda ciddi təhlil etməkdədir. Ekspertlər hakim partiyanın soydaşlarımızdan aldığı zərbəni bir neçə səbəb üzrə qruplaşdırırlar: 1. Svan əsilli kriminal şəxs kimi tanınan Tamaz Naverianinin hakim partiya tərəfindən 2016-cı ilin oktyabr seçkilərində Marneulidən namizəd göstərilməsi.
Əhalisinin 92% azərbaycanlı olan rayondan ötən əsrin 90-cı illərində soydaşlarımıza qarşı adam oğurluğu cinayətləri ilə xatırlanan şəxsin deputatlığa namizəd göstərilməsi seçicilərdə ciddi qıcıq doğurdu. Yerli azərbaycanlılar "Gürcü Arzusu"nun bu addımını onları heçə saymaq kimi qiymətləndirdilər və bütün maddi şirnikləndirmələrə və təhdidlərə baxmayaraq, seçkidə alternativ namizədlərə səs verdilər.
2. Hakim partiyanın verdiyi vədlər özünü ötən 4 ildə doğrultmadı. Sosial-iqtisadi güzəranlarında heç bir müsbət dəyişiklik hiss etməyən, əksinə daha da vəziyyətləri pisləşən insanlar eyni siyasi komandaya növbəti 4 ildə də mandat verməyə çəkindilər.
3. Azərbaycanlılar ilk dəfə olaraq məhz Saakashvilinin prezidentliyi dönəmində sosial, siyasi, mədəni hüquqlarının təminatı istiqamətində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər hiss etdiyindən müxalif Vahid Milli Hərəkat Partiyasına səs verdilər.
4. Azərbaycanlılar öz seçimləri ilə artıq Gürcüstandakı siyasi proseslərdə "yedək"də getməklə razılaşmadıqlarının, fəal oyunçu olmağa iddialı olduqlarının ilk reflekslərini göstərdilər.
Artıq siyasi palitrada öz yerlərini tutmağa müvəffəq olan Samirə İsmayılova, Əhməd İmmaquliyev kimi azərbaycanlı siyasi personajların sayının qarşıdakı illərdə artacağı şübhə doğurmur. Son zamanlar soydaşlarımızın vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində daha yaxından iştiraka meylinin artması da bu qəbildəndir. Doğrudur, seçkilərin nəticələri heç də azərbaycanlıların siyasi gözləntilərini tamlıqla doğrultmadı. Seçkilərdə açıq fərqlə rəqiblərini üstələmələrinə baxmayaraq, İvanaşvili iqtidarı Bolnisidən (Çörük Qəmərli) Samirə İsmayılovaya və Marneulidən (Borçalı) Əhməd İmamquliyevə parlamentə daxil olmağa icazə vermədi. Hakim "Gürcü Arzusu" partiyasından irəli sürülən 3 nəfər daha "sözəbaxan" azərbaycanlının deputatlığa namizəd göstərilməsi və onların hər üçünün mandat qazanması isə şübhəsiz ki, soydaşlarımız üçün uğurlu haldır.
Savalan Mirzəyev və Ruslan Hacıyevin gənc olması onların gürcü istişblementinin hər zaman "bazar" adamı kimi baxdığı azərbaycanlıların tapdanan hüquqlarının müdafiəsi istiqamətində daha çevik fəaliyyət göstərəcəyinə ümid yaradır. VMH-dan növbəti dəfə deputat seçilən Azər Süleymanovu (iqtidar onun növbəti dəfə deputat mandat qazanmaması üçün oktyabr seçkilərində mümkündürsə etdi.- red.) isə həm azərbaycanlılar, həm də Gürcüstanda yaşayan digər millətlərdən olan opponentləri hər zaman Azərbaycanla, Türk dünyası ilə bağlı məsələlərdə yüksək duyarlılıq göstərən, çəkinmədən separatçı Cavaxetiyalı siyasətçilərə qarşı çıxış edərək Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən şəxs kimi tanıyır.
Ancaq yazının əvvəlində qeyd etdiyimiz kimi, oktyabr seçkilərindən sonra Gürcüstan iqtidarı özünəməxsus təhlillərə başladı. Buna baxmayaraq, ötən 4 ayda baş verənlər göstərir ki, bu "təhlil"lər təəssüflər olsun ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-kartli bölgəsində sosial, siyasi, mədəni vəziyyətin yaxşılaşdırılmasına yox, əksinə daha da pisləşdirilməsinə, vəziyyətin gərginləşdirilməsinə yönəlib. Fikirlərini öyrənməyə çalışdığımız yerli azərbaycanlı ictimai fəalların dediyinə görə, bütün inzibati rıçaqlardan istifadə edəndən sonra da seçkinin nəticəni xeyirlərinə dəyişə bilmədiyini görən İvanaşvili iqtidarı Borçalıda yalnız saxtalaşdırma hesabına deputat mandatlarına sahib ola bildi. Seçkidən dərhal sonra isə azərbaycanlıların, xüsusi ilə kiçik və orta sahibkarlıqlıqla məşğul olan şəxslərin və gənclərin cəzalandırılmasına start verildi. İlk olaraq "qara məni basınca mən qaranı basım" prinsipi ilə hərəkət edən gürcü hakimiyyəti Qzılhacılı kəndində seçki saxtakarlığına etiraz edən 6 azərbaycanlını elə seçki günü həbsə atdı. Seçkidən ötən aylar ərzində isə Əhməd İmamquliyevə dəstək verən demək olar ki, bütün soydaşlarımızın ticarət obyektləri 70, 80, 90 min lari və daha çox miqdarda cərimələrə məruz qoyuldu. Bu proses hazırda da davam etməkdədir. Eyni zamanda yerli icra nümayəndəlikləri vasitəsi ilə Marneuli və Bolnisinin kəndlərində yaşayan azərbaycanlılara açıq şəkildə deyilir ki, kəndin infrasturkturunun yenidən qurulması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılması nəzərdə tutulan bütün addımlar təxirə salınıb: "yolunuzun asfaltını da, körpünü də, kəndinizin içməli su, qaz, işıq məsələlərini də gedin səs verdiyiniz azərbaycanlılardan istəyin. Əgər xoşunuza gəlməyən nəsə varsa çıxın gedin Azərbaycana..." Yəni necə deyərlər, abxaz və osetinlərsiz Gürcüstan arzumuzu "reallaşdırdığımız” kimi, azərbaycanlılarsız, Borçalısız Gürcüstan istəyimizidə "həyata keçirə” bilərik.
Qarşıda isə yeni seçkilər gəlir: 2017-ci ilin payızında Gürcüstanda növbəti seçkilər keçiriləcək. Bu dəfə yerli seçkilər... Ekspertlər ağır sosial, siyasi durumun hökm sürdüyü Gürcüstanda yerli icra hakimiyyətlərinin seçilməsində ciddi rəqabətin və qarşıdurmaların olacağını proqnozlaşdırırlar. Elə bu günlərdə inzibati və iqtisadi təzyiqlər yolu ilə müstəqil Rustavi 2 telekanalının fəaliyyətinin dayandırılmasını da gürcü hakimiyyətinin sürətlə vətəndaşlar arasında nüfuzunu itirməsindən doğan həyəcandan qaynaqlandığı bildirilir.
Gözlər isə ölkənin bir neçə qaynar bölgəsinə, xüsusi ilə azərbaycanlılarının çoxluq təşkil etdiyi Borçalıya (Kvemo-Kartli) yönəlib. Gərginliyin azaldılması üçün ən rasional addım kimi isə ekspertlər "Gürcü arzusu" partiyasının Marneuli (keçmiş Sarvan, Borçalı rayonu) perefektliyinə azərbaycanlı namizəd irəli sürməyində görürlər. Əks halda iqtidar partiyasının Vahid Milli Hərəkat Partiyasına və digər müxalif opponentlərinə qalib gəlməsi çətin olacaq...
BP Təhlil Mərkəzi
Tarix: 22-02-2017, 14:51