İqtidardan şok addım: Əhmədzadənin nəhəng idarələri Hüseyn Bağırovla Qorxmaz Hüseynova verilir - Siyahı

İqtidardan şok addım: Əhmədzadənin nəhəng idarələri Hüseyn Bağırovla Qorxmaz Hüseynova verilir - Siyahı Qarabağ meşə meliorasiya idarəsi, Mil-Muğan meşə meliorasiya idarəsi və Şirvan meşə meliorasiya idarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilə bilər

Politika.Az-a daxil olan xəbərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan bu idarələrin ETSN-ə veriləcəyi bildirilir.

Habelə, hidroqovşaq istismarı idarələrinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi nəzərdən keçirilir. Bu struktur islahatlar nəticəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir qurum olaraq səlahiyyətləri itiriləcək və ləğvi prosesinə start veriləcək.

Məlumata görə, Ağstafaçay hidroqovşağının istismarı idarəsi, Bəhramtəpə hidroqovşağının istismarı idarəsi, Yuxarı Xanbulançay hidroqovşağının istismarı idarəsi, Mil-Muğan hidroqovşağının istismarı idarəsi, Tərtərçay hidroqovşağının istismarı idarəsi Əhməd Əhmədzadənin rəhbəri olduğu qurumun tərkibindən çıxarıla bilər.

Eyni sözləri Viləşçay su anbarının istismarı idarəsi, Əyriçay su anbarının istismarı idarəsi, Yuxarı Qarabağ kanalının istismarı idarəsi, Yuxarı Şirvan kanalının istismarı idarəsi, Samur-Abşeron kanalının istismarı idarəsi, Cənubi Muğan kanalının istismarı idarəsi, Şəmkirçay su anbarı və maşın kanalının istismarı idarəsi, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi haqda söyləmək olar. Məqsəd qənaət rejimində izafi xərcləri azaltmaq və bir-birini təkrarlayan strukturları demontaj etmək ya da birləşdirməkdir.

Ağcabədi meliorasiya idarəsi, Sabirabad meliorasiya idarəsi, Ucar meliorasiya idarəsi və Beyləqan meliorasiya idarəsi ləğv oluna bilər.

Əldə etdiyimiz xəbərdə deyilir ki, “Azdövsutəslayihə” institutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrup, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti və digər idarələr demontaj ediləcək.

Meliorasiya və Su Təsərrüfatı Agentliyinin KTN-nin tabeçiliyindən çıxarılaraq müstəqil quruma, Açıq Səhmdar Cəmiyyətə çevrilməsi dövlətin maraqlarına deyil, təqaüd yaşına çatmış bir məmurun maraqlarına xidmət edir.

Hakimiyyət postneft dövrünü struktur islahatları ilə keçməkdədir. Dövlətin israfçılıq yaradan qurumları ləğv edilir ya da birləşdirilir. Neftin dünya bazarında ucuzlaşması artıq qənaət rejiminə keçməyə vadar edib.
Tarix: 24-02-2017, 00:21
Xəbəri paylaş





Xəbər lenti