Azərbaycan hakimiyyəti yarım il ərzində iki telekanal bağlayıb. Hər iki efir azərbaycanlı tamaşaçıların üzünə qapadılıb:
ANS və FOX TV. Ölkənin ilk müstəqil teleyayım şirkətinin lisenziyası ləğv olunub, Türkiyənin tənqidçi mediası isə kabel televiziyada qadağan edilib.
Onun yerinə təbiət və heyvanlar aləmi haqqnda sənədli verilişlər yayımlayan TRT Belgesel yayıma buraxılıb.
ANS-in isə yaxın gələcəkdə efirə qayıdacağı gözlənilmir. Və hər iki qərar Türkiyə ilə münasibətlər üzərindən qaynaqlanır.
AnaXeber.Az yazır ki, bu, praktikada ilk belə hadisə deyil. Bir neçə il qabaq da Kanal D Azərbaycan yayımından yığışdırıldı. Ekranda ikinci türk telekanalıdır ki, yayım yasaqlanır.Və bu, Türkiyə iqtidar tərəfindən susqunluqla qarşılanır. Yəni, qardaş ölkə hökuməti qətiyyən etiraz etmir, tamamilə razıdır.
Sonuncu hadisə - FOX TV-nin bağlanmasına gəlincə, buna iki qardaş arasında ödəşmək də demək olar. Bizdən ANS, sizdən FOX...
Təbii ki, ABŞ-ın nəhəng Doğan media holdinqini çökdürmək hər iqtidarın işi deyil və qərar lokal səviyyədədir, yəni kabel televiziyada qadağan edilib.
Amma hər halda ABŞ-ın Bakıdakı “Azadlıq” radiosunun qapılarını möhürləyən hakimiyyətə FOX TV-yə görə “gözün üstə qaşın var” deməzlər.
İqtidar isə qəzəblidir və şərhçi Fatih Portakalın arxadan bıçaq endirməsi gözlənilməz olub. Ərdoğan hakimiyyəti də improvizənin qabağın ala bilməzdi. Çarə qalırdı cəza maşınını işə salmağa...
Bəs, iki qardaş ölkənin iki qardaş prezidenti media mövzusunda niyə qarşılıqlı anlaşma şəraitində təmas qurur?
Rəsmi Bakı ilə rəsmi Ankaranın münasibətlərinin ən yüksək səviyyədə olmasını görmək üçün bir qədər keçmişə getmək lazımdır.
AnaXeber.Az yazır ki, bir neçə il əvvəl Bakıda QHT rəhbərlərinin həbsi dalğası başlamışdı. O prosesdə hüquq müdafiəçisi İntiqam Əliyev üçün Türkiyə gömrüyündə tələ quruldu və həmin hadisələr xatirinizdədir.
İ.Əliyevlə gömrükçülərin insidenti baş vermişdi. Çox keçmədi ki, jurnalist Rauf Mirqədirov Türkiyədən Gürcüstana keçərkən türk gömrükçülər tərəfindən saxlanıb Bakıya təslim edildi.
Sonra siyasi hakimiyyətlə bağlı növbəti tənqidi yada salmaq lazımdır. Kanal D efirindəki tənqidi süjet indiyə qədər telekanalın ölkəmizə girişini bloklayıb. Bu xahişlərin əvəzi olmalı idi.
15 iyul gecəsi Türkiyədə hərbi çevrilişə cəhd edən generalların hocası Fətullah Gülənin mətbuat konfransında Qənirə Ataşovanın iştirakı və baş verənləri Mir Şahinin siyasi şou adlandırması ANS-in axırına çıxdı.
Eyni siyasi xətanı bu dəfə bizimkilər etdilər. Ərdoğanın qardaş xahişi yerinə yetirildi və onsuz da bağlanması çoxdan hakimiyyət tərəfindən arzulanan telekanal arxivə qovuşdu.
Bu dəfə isə FOX TV Azərbaycan tərəfinin xətrinə dəydi. İki qardaşın arasına nifaq salan bu hallar bağışlanmazdır. Çünki qardaş qardaşı öz tribunasından “vurmur”.
Ərdoğanla Əliyevin İstanbul toplantısından sonra dediklərini də xatırlamaq yerinə düşər. Hər iki prezident “qardaşımla çox xoşbəxtəm, daha böyük işlər görəcəyik” mesajı vermişdilər. İndi nə ANS, nə FOX iki böyük siyasətdə kiçik oyunlarla münasibətləri korlaya bilməz.
AnaXeber.Az yazır ki, iki hakimiyyət arasında qarşılıqla anlaşma var və bu, media siyasətində də öz əksini tapır.
Azərbaycan mətbuatı daha əvvəlki kimi Ərdoğanı tənqid edə bilmir, Türkiyə mediası da Əliyevin üstünə getmir. Bu qərar müxalif KİV-ə də şamildir.
Bu gün AKP iqtidarın küsdürmək olmaz. Bəlkə də yan-yörədəki düşmənləri, iki qardaş millətin həmrəyliyini gözü götürməyənləri, ikitərəfli münasibətlərin inkişafını nəzərə alaraq başa düşmək olar.
Nə də olmasa, ölkələrin siyasi maraqlar və geostrateji mövqelər baxımdan hansısa mərhələdə bəzi nüansları keçmək mümkündür.
Onu da deməliyik ki, ölkəmizin efir məkanına biz nəzarət etmirik. Əhalinin 60-65%-i Türkiyə, 10-15%-i Rusiya telekanallarına baxır.
Yerdə qalanlar yerli TV-ləri izləyir, ya da baxmır. Ona görə də, Türkiyə efirində bizim iqtidarı tənqid edən hər süjet rəsmi Bakının reaksiyasına səbəb olur. Bundan sonra bilməyənlər də FOX TV ilə yaxından maraqlanacaq.
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin tanınmış telekanallarından biri - "FOX TV"nin qurumun göstərişi ilə bağlanmasını təkzib edib.
Bunu MTRŞ-nın sədr müavini Qafar Cəbiyev deyib. Onun sözlərinə görə, MTRŞ Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.
"Hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili işidir. Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamaq üçün heç kim müdaxilə etmir.
Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial şifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”.
Ailə TV-nin Tvitter səhifəsində qeyd edilib ki, FOX Türk TV kanalının yayımı MTRŞ göstərişinə əsasən dayandırılıb və kanal digər bir TV kanalı ilə əvəz olunacaq.
AnaXeber.Az
Turan
Tarix: 24-02-2017, 08:56