Bəlkə də hələ bir əsr bundan qabaq A.Şpenqler “Qərbin qürubu”nu yazarkən bununla bağlı xeyli mübahisələr və tərəddüdlər olmuşdu. Mən o əsəri oxumamışam. Amma onu deyə bilərəm ki, A.Şpenqler ən azı azı yaxın müddətli perspektiv baxımından haqlı çıxdı - əsrin birinci yarısında Avropanı müharibələr və inqilablar öz ağuşuna aldı...Mənim Şpenqler qədər iddiam yoxdur. Amma bir müddətdir görürəm ki, atıq Qərb adlı siyasi müstəvi tədricən aradan qalxır.
Nə qədər qəribə olsa da, bəzi “ucqar avtoritar məkan”ların insanları hələ də düşünürlər ki, onların ölkəsində bu və yaxud digər olay ona görə baş verir ki, bunları Qərb istəyir...
Halbuki, indi Qərb heç bir vaxt olmadığı qədər böyük böhranlar keçirir və başı tamamilə özünə qarışıbdır. Elə “avtoritar ucqarlar” da bunlardan istifadə edir, fürsəti fövtə vermirlər.
Baxın, ABŞ sanki öz daxilinə çəkilibdir. Böyük Britaniya Avropa Birliyindən çıxmaq prosedurlarını yerinə yetirməklə məşğuldur. Fransa “qaynayır”, orada da oxşar çağırışlar eşidilir. Yalnız Almaniya NATO-nun və digər Avropa strukturlarının təəssübünü çəkməklə məşğuldur. Belə bir vəziyyətdə heç Avropanın başqa ölkələr, xüsusən də kiçik ucqar sərt, avtoritar cəngəlliklər yadına düşürmü?..
Prinsipcə, demək olardı ki, bəli, bütün bunlar onsuz da nə vaxtsa baş verməli idi, çünki NATO da, hətta Avropa Birliyi də müəyyən mənada soyuq müharibə dövrünün laiyihələri idi. Kommunizmə qarşı durmaq və Avropa ölkələrini ayağa qaldırıb Rusiyaya qarşı qoymaq üçün lazım idi bütün bunlar. Ona görə də kommunizm çəkildikcə, “ümumi düşmən” xofu aradan qalxdıqca, bunlar da duman kimi çəkilməlidi, çünki daha bir olmaq üçün elə bir zərurət yoxdur və indi birləşdirici məqamların deyil, fərqli məqamların axtarışı zamanıdır...
Belə desəniz, sözsüz ki, müəyyən qədər haqlı olarsınız. Hətta onu da deyim ki, Avropa Birliyinin də “mühərriy”i ABŞ idi. Deməli, “mühərrik” daha işləmək istəmirsə, avtomobil də gedə bilməyəcək...
Təsəvvür edin, elə bir vəziyyət yaranıb ki, birləşməyin, inteqrasiya olunmağın zəruriliyi haqda, Rusiya təhlükəsi haqda hamıdan çox Baltik ölkələrinin siyasətçiləri danışırlar. Digərləri isə buna bir az süni, hətta bir az da ironik təbəssümlə cavab verirlər...
Bəs onda nə olacaq? Dünya doğrudanmı tamam “yiyə”siz qalacaqdır? Heç nə demək olmur. Ona görə ki, hələ bir çox şeylər tapmaca olaraq öz mahiyyətini gizlədir. Bu mahiyyət nə vaxt çılpaqlaşacaq və biz nə vaxt o mətləbləri biləcəyik, - təəssüf ki, bu xüsusda hələ heç nə demək olmur.
Hər şeydən də əvvəl “yetim” qalan qlobal demokratiya səyləridir. Söz yox ki, onlar da müəyyən mənada soyuq müharibə dövrünün və ümumi cəhdlərin hissəsidi. Amma nə etmək olar? Bütün məqsədlərin mayasında başqa umacaqlar da olur. O üzdən bunu bağışlamaq olardı...
İndi nə olacaq? Ümumi demokratiya fonu əvəzinə ayrı-ayrı adalar qalacaqmı? Gənc demokratiyaların aqibəti nə olacaq? Mən bilmirəm və əgər siz bilirsinizsə, mənə də xəbər edin...
Prinsipcə, demək olardı ki, ayrı-ayrı yerlərdəki demokratiyaların taleyi həmin yerlərin insanlarının səylərindən asılı olacaqdır. Həmişə demişəm ki, ABŞ-da demokratiya qurularkən Avropa Şurası və yaxud da başqa bir demokratiya institutu yox idi. Amma quruldu...
İndi də insanlar səy etsələr çox şey edə bilərlər. Amma edirlərmi? Təəssüf, heç də hər yerdə yox. Ona görə də adam optimist olmaq üçün böyük əsaslar tapa bilmir...
Əksinə, dirçəliş, tərəqqi, demokratiya bir tərəfə, getdikcə gerilik, deqradasiya bərqərar olur. Hər şeyin bizdən - özümüzdən asılı olduğu bir vaxtda isə bunu qəbul etmək olduqca çətindir. Belə alınır ki, daha heç nəyə ümid bəsləmək lazım deyil, çünki hər şey özümüzdən asılıdır, özümüz isə...
Nə edək? Görən, başımıza hansı çarəni qılaq? Təəssüf bu xüsusda heç düşünən də yoxdur. Ona görə ki, belə düşünənlərin sayı artsaydı qutuluşa və dirçəlişə ümid də yaranardı, çünki hər şey ondan başlayır ki, hamı nəsə eyni bir şey haqqında fikirləşməyə başalyır. Bəli, zarafat deyil, Dekart deyirdi ki, düşünürəmsə, deməli yaşayıram...
Qərəz, indinin məlumu budur ki, Qərb bir generator və hami kimi ölür. Yetim kim və nələr qalacaqdır, - elə bunlar da bilinəcək...
Hüseynbala Səlimov
Tarix: 28-02-2017, 09:39