Bu iş hakimiyyəti atadan oğula ötürməklə olmur - Erkin Qədirli

Bu iş hakimiyyəti atadan oğula ötürməklə olmur - Erkin Qədirli Erkin Qədirli

Hökumətin (formasından asılı olmayaraq) vətəndaşlarla düzgün davranması üçün, onların arasında, başqa şərtlərlə yanaşı, doğmalıq olmalıdır - vətəndaşlar hökuməti, hökumət də vətəndaşları özününkü saymalıdır. Bu, həm monarxiyalar üçün, həm də respublikalar üçün keçərlidir.

Monarxiyalarda bunun təməlində bir tərəfdən hamının qəbul və əməl etdiyi ənənələr, digər tərəfdən də hər bir monarxın, onun özündən öncə olmuş və onun özündən böyük sayılan monarxların adına layiq olmaq ehtiyacı dayanır.

Özündən öncə olmuş və özündən böyük sayılan monarxların adına layiq olmaq bir tək monarxın şəxsi ehtiyacı deyil. Onun yaxın ətrafı da, bütün toplum da bu ehtiyacı duyur və monarxı bu ehtiyacı qarşılaya bildiyinə görə dəyərləndirir. Monarx üçün bu, legitimlik məsələsidir. Hekayəsini buna uyğun qura bilməyən monarx hörmət qazana bilmir, onun hakimiyyəti zəif olur (şiddəti getdikcə artan məcburiyyətə əl atmaq gərəyi yaranır).

Respublikalarda hökumətlə vətəndaşlar arasında doğmalığı təmin etmək üçün azad seçkilər, hüququn üstünlüyü, hakimiyyət bölgüsü və bildiyiniz başqa təminatlar olur. Bu da onların (respublikaların) legitimlik məsələsidir.

Ənənələr respublikalarda da önəmlidir. Onların bəziləri mahiyyətinə görə monarxikdir. Örnəyi qurucu atalara sayğı... Amma əksəriyyəti şəxsiyyətsiz(-ləşdirilmiş) davranış örnəklərindən ibarətdir. Ona görə də respublikalarda heç bir hökumət soyağacına, nəcabətə (eləsi varsa da) istinad edə bilmir. Bunu etməyə çalışarsa, legitimliyini itirər, toplumun gözündən düşər və yekunda, hakimiyyəti əlindən alınar.

Bizdə nə monarxiyalara, nə də respublikalara xas olan doğmalıq var. Bizdə vətəndaşlar hökuməti yad sayır, hökumət də vətəndaşlara yad gözlə baxır. Qarşılıqlı yadlaşma gedir. Bunun əsas məsuliyyəti, heç şübhəsiz, indiki hökumətin üzərinə düşür. Soyağaclarını qanuniləşdirə bilmirlər (ümid edirəm, istəmirlər də).

Özlərindən öncə olmuş və adlarına layiq olmaq üçün çalışmağa dəyəsi monarxlar da olmayıb. Bir ara "Şah İsmayıl mövzusu"nu açmışdılar, amma bu örnək heç bir baxımdan uyğun deyil, olası da deyildi. Monarxiyanı qurmaq respublikanı qurmaqdan daha çətindir (təhlükələrlə doludur). Bu iş sadəcə hakimiyyəti atadan oğula ötürməklə olmur.

Bizdə respubkalara xas olan doğmalığı qurmaq olardı (hələ də olar). Qurucu atalar da, onların qurduğu hekayə də var. SSRİ unutdura bilməyibsə, heç kəs unutdura bilməyəcək. Yuxarıda yazdığım kimi, respublikalara xas olan doğmalığı yaratmaq üçün şəxsiyyətsizləşdirilmiş (de-personified) davranış örnəkləri gərəkdir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
Tarix: 2-05-2017, 15:56
Xəbəri paylaş





Xəbər lenti