Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb. Bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Ötən gecə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Bu gün Suriya münaqişəsinin həlli üzrə Astana prosesi çərçivəsində danışıqların növbəti raundu başlayıb. Amerika bir həftə ərzində ikinci dəfə “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib. ABŞ-ın Cənubi Koreyada qurduğu THAAD raket əleyhinə müdafiə sistemi döyüş hazırlığı vəziyyətinə gətirilib.“Beynəlxalq Avrasiyaçılıq Hərəkatı”nın rəhbəri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin Bakı səfəri Ermənistanda narahatlıq yaradıb. Erməni ekspert Qalust Qriqoryan son vaxtlar Rusiyadan Azərbaycana çoxsaylı nümayəndələrin getdiyini yazıb: “Vladimir Jirinoviski, Vladimir Solovyev, ardınca da Duqin. Duqinin səfəri Rusiyanın anti-Ermənistan davranışının son damlası oldu”.
Erməni ekspert qeyd edib ki, Duqinin Bakı səfəri Rusiya və Azərbaycanın Qarabağ məsələsində anlaşdığını göstərir.
“Duqinin səfəri sübut edir ki, Bakı və Moskva pərdəarxasında Qarabağla bağlı razılığa gəlib. İndiyə qədər bununla bağlı çoxsaylı nümunələr, fikirlər var idi. Lakin bu səfər heç nəyə şübhə yeri qoymadı”, - deyə Qriqoryan vurğulayıb.
Bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Təkbətək görüşdən əvvəl Rusiya prezidenti türk həmkarı ilə işçi rejimdə görüşmək imkanını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Suriya böhranını operativ müzakirə etmək imkanı Rusiya və Türkiyə münasibətlərinin bərpasını göstərir.
“Yaxşı ki, işçi rejimdə görüşərək ikitərəfli münasibətlər və beynəlxalq gündəliyin əsas problemləri üzrə danışmaq imkanı var. Bizim birgə işimizin belə rejimi göstərir ki, Rusiya-Türkiyə münasibətləri xüsusi xarakter əldə edir və tam formatda bərpa olunur”, - Putin bildirib.
Putinin fikrincə, Türkiyədə daxili siyasi vəziyyətinin tədricən bərpası Rusiya ilə münasibətlərin inkişafı üçün şərait yaradacaq. Türkiyə prezidenti öz növbəsində, Suriya üzrə Rusiya ilə əməkdaşlığı effektiv adlandırıb.
“Mən əminəm ki, bizim birlikdə atacağımız addımlar bütün regionun taleyini dəyişəcək”, - Türkiyə prezidenti deyib.
Təkbətək və geniştərkibli görüşlərdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Putin qeyd edib ki, Rusiya və Türkiyə Suriya münaqişəsinin yalnız siyasi-diplomatik yolla həllini görür. Rusiya prezidenti qeyd edib ki, Rusiya Astanada keçirilən görüşdə Suriyada təhlükəsizlik zonalarının yaradılması haqqında qərarı qəbul edəcəyinə ümid edir. Putin deyib ki, ABŞ da təhlükəsizlik zonalarının yaradılması ideyasını dəstəkləyir.
ABŞ-ın Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlaşır. Pentaqon Rusiya ilə müharibə planını “İldırımsürətli qlobal zərbə” adlandırıb. Bu plan istənilən ölkəni 1 saat ərzində tutmağa imkan verən strategiyaya əsaslanır.
İldırımsürətli qlobal zərbənin vurulmasında qitələrarası ballistik raketlərindən istifadə olunmayacaq. Əksinə, bu dəfə tamamilə yeni texnologiyalardan istifadə ediləcək. Hətta yeni texnologiyaların tətbiqi zamanı planetdəki canlılara zərbə vurulmayacaq.
Planlaşdırılan hücumda istifadə olunacaq silahlar aşağıdakılardır.
Rusiyada inkişaf etdirilən A-100 radar kompleksi yeni növ hava hücumlarını görmək qabiliyyətindədir. Bu haqda Rusiyanın Müdafiə naziri Sergey Şoyqu məlumat verib. Bu kompleks düsmən təyyarələrini 600 km məsafədən görməyə qadirdir. Onun işlənməsində əsas məqsəd yeni növ hücumların, o cümlədən yeni nəsil operativ-taktiki təyyarələrin gəlişinə hesablanıb. Təyyarənin ilk uçuşu 2018-ci ildə həyata keçiriləcək.Rusiyanın PAK-FA (T-50) beşinci nəsil qırıcısı ən yeni X-35UE taktik raketi ilə təchiz edilib. Radio elektron maneələr və zenit-raket sistemləri X-35UE üçün problem yaratmayacaq.
İndi Rusiya qırıcısı təyyarədaşıyanlar da daxil olmaqla, istənilən gəmini, həmçinin yerüstü obyektləri - anbarları, hərbi texnikanı və müxtəlif müdafiə-istehkam qurğularını məhv edə bilər. Agentliyin yazdığına görə, T-50 beləliklə, yalnız qırıcı deyil, həm də çoxfunksiyalı hərbi maşın rolunu yerinə yetirəcək.
“Vikiliks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi mənim prezident seçkisini uduzmağımda əsas günahkarlardır. Bunu CNN televiziyasına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton söyləyib.
“Seçki kampaniyam ideal deyildi, amma qələbə yolunda idim. Bu, 28 oktyabrda Ceyms Kominin məktubu və “Rusiya Vikiliksi”nin insanlarda şübhə yaradana qədər davam etdi. Onlar sayəsində insanlar mənə səs verməyə qorxdular. Əgər seçki 27 oktyabrda keçirilsəydi, mən sizin prezidentiniz olardım”, – deyə o bildirib.Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə bağlı dünənki bəyanatına cavab verib. Məruzəçi yeni müzakirə başlıqlarının açılmasının müzakirə mövzusu belə olmadığını deyib.
Xatırladaq ki, Ərdoğan dünən Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında çıxışında Avropa İttifaqına sərt mesajlar göndərib.
Almaniya kansleri Angela Merkel isə deyib ki, rəsmi Ankaranın edam qərarını təsdiq etməsi Türkiyə ilə Avropa Birliyi arasındakı danışıqlar prosesinin əsas sütununu sarsıdacaq”. “Türkiyənin “prezident respublikası” sisteminə keçid alması məsələsinə münasibətimizi, tənqidimizi açıq şəkildə bildirməliyik. Lakin çox da dərinə getmək olmaz, çünki Türkiyə ilə müttəfiq olmaq bizim mənafeyimizə uyğundur.
ABŞ əsgərlərinin Suriyanın şimalında olmasının heç bir əhəmiyyəti yoxdur. Bunu CRİ radiosunda çıxışı zamanı Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik söyləyib.
“PKK terrorçuları məhz bu bölgələrdən ölkəmizə sızırlar. Əl Babda olanlar Suriyanın şimalına da aiddir. Əgər daha çox provokasiyaya yol verməyə çalışsalar, amerikalılara baxmayacağıq. Günlərin birində ola bilər ki, qəza ilə atılacaq raketlər bu amerikalılara da dəyər”.
Ötən gecə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Kremldən verilən məlumata görə, liderlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Qeyd olunur ki, Putin qarşı tərəfi gərginliyin səviyyəsini aşağı salmağa və təmkinli olmağa çağırıb.
Putin və Tramp telefonla əlaqə saxlamaq barədə razılığa gəliblər və G20-nin iyulda Hamburqda keçiriləcək sammiti çərçivəsində şəxsən görüşmək fikrində olduqlarını ifadə ediblər.
Telefon söhbətinin detalları ilə tanış olan mənbə “The Wall Street Journal” nəşrinə deyib ki, Ağ Ev Suriya münaqişəsinin həlli üzrə Moskvanın səmimiyyətinə inanmır.
Avropa İttifaqı Böyük Britaniyadan Breksitə görə 100 milyard avro miqdarında kompensasiya ödəməsini tələb edib. Bu barədə informasiyanı “Faynənşıl Tayms” qəzeti yayıb. Qəzet bu tələbin Almaniya və Fransaya aid olduğunu bildirib. Britaniya artıq Avropa İttifaqının tələbinə cavab verib. Rəsmi London quruma 100 milyard avro ödəməyəcəyini açıqlayıb.
ABŞ-ın Cənubi Koreyada qurduğu THAAD raket əleyhinə müdafiə sistemi döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu haqda rəsmi Seulun yaydığı bəyanatda deyilir.
Bildirilir ki, THAAD sistemləri Koreya Xalq Demokratik Respublikasının ballistik raketlərini ələ keçirməsi üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. İnternetdə isə keçmiş qolf meydançasında yerləşdirilən raket əleyhinə müdafiə sisteminin şəkilləri yayılıb.
Pekin Pentaqonun hərəkətlərini öz təhlükəsizliyi üçün təhdid adlandırıb.
Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin binası yaxınlığında güclü partlayış baş verib. Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, partlayış nəticəsində ən azı 8 nəfər həlak olub, daha 25-i yaralanıb. NATO missiyası ittifaqın 3 hərbi qulluqçusunun yaralandığını açıqlayıb.Partlayışın törədildiyi yer həmçinin NATO-nun “Qətiyyətli dəstək” missiyasının qəsəbəsinin yaxınlığında yerləşir. TOLOnews telekanalı öz mənbəyinə istinadən qeyd edir ki, partlayış NATO güclərinin hərbi kolonunun keçidi zamanı kamikadze tərəfindən törədilib. Şahidlərin və məmurların sözlərinə görə, terror aktının hədəfi hərbi kolon olub.
İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.
Bu gün Suriya münaqişəsinin həlli üzrə Astana prosesi çərçivəsində danışıqların növbəti raundu başlayıb. ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Stüart Cons Vaşinqtonu təmsil edir. Danışıqlarında qarant ölkələrin (Rusiya, İran və Türkiyə) nümayəndə heyətlərinə Rusiyadan prezidentin Suriya münaqişəsinin nizama salınması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyədən xarici işlər nazirinin Yaxın Şərq və Afrika məsələləri üzrə müavini Sedat Onal, İrandan isə xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi Ənsari başçılıq edir.
Dəməşqi isə Suriyanın BMT yanında xüsusi nümayəndəsi Bəşər Cəfəri, silahlı Suriya müxalifətini isə “Ceyş-al-İslam” təşkilatının başçısı Məhəmməd Alluş təmsil edir. BMT baş katibininn Suriya məsələləri üzrə xüsusi elçisi Steffan de Mistura və İordaniya xarici işlər nazirinin siyasi məsələlər üzrə məsləhətçisi Nauaf Uasfi Tell qatılıb.
Suriyalı müxaliflər Astana görüşünə qatılmaqdan imtina edib. Buna səbəb kimi müxalif güclərin Hama və Der bölgələrində bombardmana məruz qalması göstərilib.
Suriyada atəşkəs üzrə qarant ölkələrin (Rusiya, İran və Türkiyə) arasında Astanada bu axşam üçtərəfli görüş keçiriləcək. Bu haqda danışıqlara yaxın mənbə bildirib.
Onun sözlərinə görə, hazırda müzakirə olunacaq mövzular üzərində iş gedir. Mənbə qeyd edib ki, danışıqlarda Suriya müxalifətinin iştirakının dayandırması haqqında rəsmi informasiya yoxdur.
Daha əvvəl yayılan məlumata görə, suriyalı müxaliflər Astana görüşünə qatılmaqdan imtina edib. Buna səbəb kimi müxalif güclərin Hama və Der bölgələrində bombardmana məruz qalması göstərilib.
Amerika bir həftə ərzində ikinci dəfə “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən “Fox News” telekanalı bildirib.
Kaliforniya ştatında yerləşən Vandenberq bazasından buraxılan raket dörd min mildən (1 dəniz mili 1,852 metrə bərabərdir) çox uçub və Marşall adaları yaxınlığında Sakit okeanın sularına düşüb.
“Minuteman III” raketinin birinci sınağı aprelin 26-da keçirilib.
Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbələr üzrə Komandanlığının nümayəndəsi bildirib ki, sınaqların bir il ərzində həyata keçirilməsi planlaşdırılıb və onların Koreya yarımadasındakı vəziyyətlə əlaqəsi yoxdur.
Qeyd edək ki, “Minuteman III” ABŞ-da silahlanmasına qəbul edilmiş yeganə qitələrarası yerüstü yerləşdirmə ballistik raketidir. ABŞ Hərbi Hava Qüvvələrinin əsas nüvə qüvvəsini təşkil edən “Minuteman-III” 12 min kilometr radiusda hədəfləri vurmağa qadirdir. Son məlumata görə, ölkənin 450 belə raketi var. Bu raketlər ən azı 2020-ci ilə qədər silahlanmada qalacaq.
Ömər Dağlı
Tarix: 3-05-2017, 22:05