Bir-birini təkrarlayan qurumların olduğundan ixtisarla bağlı islahatlar davam etməlidir; Əgər biz liberal iqtisadiyyata keçiriksə, o zaman daha çevik, optimal, yığcam idarəetmə aparatı yaradılmalıdır...
Ulus.Az xəbər verir ki, bu liberal bazar sisteminin tələbidir. İdarəetmə strukturunda bir-birini təkrarlayan qurumlar ölkədə səmərəli, optimal idarəetməni hansısa formada tormozlayır. Həyata keçirilən islahatları ləngidir, qəbul edilən qərarların icrasını gecikdirir və idarətemədə bürokratik əngəllər yaradır.
O baxımdan idarəetmədə bir-birini təkrarlayan qurumların ləğv edilməsi, idarəetmədə çalışanların sayının optimal dərəcəyədək azaldılması dövrün tələbidir və buna gedilməlidir.
Odur ki, qısa vaxtda idarəetmədə ən əhəmiyyətli və faydalı islahatların uğurla həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur və ölkə iqtisadiyyatında tezliklə bunun müsbət təsiri hiss ediləcək.
Hökumətə ləğvinə zərurət olan qurumların siyahısı da təqdim olunub. "Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması təklif edilib.
Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsi istənilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılması tövsiyə edilib.
Ulus.Az xəbər verir ki, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye nazirliyinə verilməsini təklif edilib.
Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır.
Hazırda dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var.
Məsələn, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də neft şirkətinin yaşıllaşdırma idarələri var. Mənzil Istismar Sahələri də ləğv oluna bilər.
Bu, xüsusilə Bakıya aiddir. Həm Bakı, həm də rayonların ”JEK"ləri var. Hökumət bunları bir qurumda birləşdirməyi düşünür.
Bundan başqa, icra hakimiyyətlərinin tikinti idarələrində də ixtisarlar aparılması düşünülür.
Bir sözlə, yaxın aylarda neftin qiymətində əhəmiyyətli artım olmayacağı təqdirdə hakimiyyət böyük ixtisar planını işə salacaq.
Tarix: 5-05-2017, 23:14