Mehman Əliyev: “Razılaşma var idi, aprelin ikinci yarısında təzyiq dalğası yenidən güclənməyə başlayıb”
Elçin Mirzəbəyli: “Qərbin sanksiyalarının heç bir önəmi qalmayıb, ABŞ və Avropa artıq dünya üçün etalon deyil”
Artıq Qərb öz təsisatlarının Bakıda qapadılan ofislərinin fəaliyyətini yenidən bərpa etmək iqtidarında olmadığını anlayıb. Hər halda ATƏT-in Bakı Ofisinin fəaliyyətinə razılıq almaqdan ötrü növbəti cəhdlərin uğursuzluqla nəticələnməsi belə qənaətə gəlməyə əsas verir. Ancaq təkcə bu deyil.Son illərdə ABŞ və Avropaya yaxın bir sıra qurumların Bakı ofisləri yer-yığış edib Azərbaycanı tərk etməyə vadar oldular. Bir sıra hallarda bu, Qərbin Azərbaycanın demokratikləşməsini prioritetlər sırasında saymamasının əlaməti kimi yozulsa da, daha çox inandırıcı görünən Azərbaycan hakimiyyətinin bu təşkilatların sabitliyə təhlükə yaratdıqlarını nəzərə alıb onlarla əməkdaşlığa son qoyduğu ehtimalı olub. Hesab olunur ki, postsovet məkanındakı bir sıra ölkələrdə rəngli inqilabların törədilməsi, qarışıqlığın yaradılması hakimiyyəti radikal addımlara sövq edib.
Cəmiyyəti təəccübləndirən budur ki, Azərbaycan hakimiyyəti ABŞ-a yaxın olan bütün təsisatları qapayır, hətta Konqresin media orqanının internet üzərindən də yayılmasını əngəlləyir, amma Vaşinqtondan ənənəvi reaksiya yoxdur. Bakı və Vaşinqton arasında hansısa anlaşmamı var, yoxsa ABŞ Azərbaycandakı proseslərə marağını dəyişib?
“ABŞ-ın Azərbaycanla bağlı susqunluğu 17 iyul 2016-cı ildən, yəni referendum elan olunan gündən başlayıb. O zaman birdən-birə bütün təzyiqlər dayandı, Azərbaycana qarşı tənqidlər səngidi, demək olar ki, heç olmadı. Hətta referenduma münasibətdə də hər şey kifayət qədər formal idi. Bu, onu göstərirdi ki, ortada razılaşma var və növbəti proseslər razılaşma əsasında baş verib”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu fikirləri “Yeni Müsavat”a açqlaması zamanı bildirdi.
Onun sözlərinə görə, razılaşmalar öncə “Yol xəritəsi” ilə bağlı olub: “Əslində biz indi görürük ki, bütövlükdə konstitusonal dəyişikliklər komandanın dəyişməsinə yönəlmiş bir prosesdir. Bilirik ki, paralel olaraq birinci vitse-prezidentin komandasının formalaşması prosesi gedir. Nəticə olaraq mənim fikrimcə, bu komanda köhnə komandanı əvəz edəcək. Əsas maraq da burdadır. Daha çox texnokrat kadrlar olacaq. Əlbəttə ki, bu, korrupsiyanın həcmini də azaldacaq, effektli işin görülməsini təmin edəcək. Bunun ardınca qeyri-neft sektorunun inkişafı və bu sahədə aparılacaq islahatlar məsələsi var”.
ABŞ-ın Azərbaycanla bağlı siyasətinin necə olacağına gəlincə, M.Əliyev hesab edir ki, əksinə, aprelin ikinci yarısında təzyiq dalğası yenidən güclənməyə başlayıb: “AŞ PA-da baş verən olaylar, Aqtramunt məsələsi, ”kürü diplomatiyası” ilə bağlı Azərbaycanı da adının hallandığı məhkəmə prosesinin başlanması buna misaldır. Bu, Azərbaycana təpkidir. Həmçinin Mehman Qələndərovla bağlı birinci dəfədir ki, Dövlət Departamenti açıq şəkildə məhkumun ölümünün araşdırılmasını, məhkumların buraxılmasını tələb etdi. Ona görə də mən düşünürəm ki, Azərbaycana təzyiqlərlə bağlı aktivlik başlayıb. Hakimiyyət referendumdan sonra söz vermişdi ki, islahatlara başlayacaq, yəni martın sonu, aprelin əvvəllərində. Ancaq bunu etmədi. Hələ ki islahatlara gedəcəklərindən danışırlar. Son vaxtlar Əli Əhmədov da administrativ islahatların hazırlandığı barədə fikirlər səsləndirdi. Hesab edirəm ki, bu mesajlar hakimiyyətin cavabıdır ki, “biz işləyirik, hazırlıq gedir və s.” Ancaq fakt budur ki, islahatlar mərhələsi başlamayıb, “Yol xəritəsi” ilə bağlı demək olar ki, ciddi bir iş görmürük. Ona görə də cavab olaraq qarşı tərəf yenidən təzyiq etməyə, xatırlatmağa başlayıb ki, əgər belə davam etsə, razılaşmalara uyğun şəkildə vədlər yerinə yetirilməsə, digər addımlar atıla bilər. Məndə olan məlumata görə, yenidən Maqnitski məsələsi gündəmə gəlir. Azərbaycanda siyasi proseslərdə fəallara qarşı zor işlədənlər, ədalətsiz qərarlar qəbul edənlər məsələsi gündəmdədir. Eyni zamanda saytların qapadılması ilə bağlı ilə bağlı sanksiyalar məsələsi ortaya çıxa bilər. Yəni hələ ki proseslər bütövlükdə gərginliyə doğru gedir”.
Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, hakimiyyət ABŞ-a yaxın olan təsisatları qapatmağı qarşısına məqsəd qoymayıb: “Rəsmi Bakı ölkə qanunvericiliyini əsas götürərək informasiya təhlükəsizliyini qoruyur və bu təhlükəsizliyə təhdid yaradan təsisatlara qarşı hüquqi müstəvidə müvafiq addımlar atır. Azərbaycanın mövcud qanunvericiliyi, o cümlədən Konstitusiyaya edilən dəyişikliklərə əsasən, təkmilləşdirilmiş sahə qanunları ”Azadlıq” radiosu kimi öz qanuni öhdəliklərinə əməl etməyən təsisatların ölkəmizdə yayımına imkan vermir. Vaşinqtonun reaksiyasına gəldikdə isə, o, nəyi əsas götürüb reaksiya göstərməlidir? Donald Tramp seçki kampaniyasından başlayaraq, ABŞ mətbuatını, xüsusilə də mərkəzi ABŞ-da olan transmilii KİV-ləri korrupsiyada, böhtançılıqda, qərəzli olmaqda ittiham edir. Hətta bizim demədiklərimizi belə Tramp deyir. ABŞ prezidentinin belə qərəzli saydığı ABŞ mətbuatına biz niyə qucaq açmalıyıq ki? Digər tərəfdən, dünya sürətlə dəyişir. İnformasiya və kommunikasiya sahəsində alternativlər çoxalır. İndi “Azadlıq” radiosu yoxdur, sosial şəbəkələr var. Radiolar, telekanallar və digər bu kimi artıq klassik sayılan vasitələr soyuq müharibə dövründə olduğu qədər ideoloji müharibə, yaxud informasiya savaşı üçün o qədər də əlverişli deyil. Azərbaycanda internet azaddır, internet və sosial şəbəkə istifadəçilərinin sayı gündən-günə artır. Bu baxımdan Azərbaycan qarşı neqativ mövqe sərgiləmək üçün heç bir əsas da yoxdur”.
M.Əliyevin dediklərindən fərqli olaraq E.Mirzəbəyli bildirdi ki, artıq Qərbin sanksiyalarının heç bir önəmi qalmayıb: “Qərb öz dəyərlərini dəyərdən saldığı kimi, özü də dəyərdən düşüb. Nə ABŞ, nə də Avropa artıq dünya üçün etalon deyil. Trampın prioritetlərinin nə olduğunu deyə bilmərəm. Çünki bu prioritetlərin hərdən bir işartısı görünsə də, ardıcıl bir strategiyanın olmaması da nəzərə çarpır. Digər tərəfdən, respublikaçılar demokratlardan fərqli olaraq ABŞ-ın maraqlarını ön planda tuturlar”.
Tarix: 6-05-2017, 13:12