Ramiz Mehdiyevin vitse-prezidentlik yolunun bağlanmasının - Gizlinləri

Ramiz Mehdiyevin vitse-prezidentlik yolunun bağlanmasının - Gizlinləri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev siyasi komandanın ən aparıcı qanadının lideridir.
Onun siyasi təcrübəsi və hakimiyyətin idarə olunmasında beynəlxalq əlaqələri 2003-cü ildən xüsusi ilə faydalı olub.
R.Mehdiyev olmasaydı, bəlkə də iqtidarın saxlanmasında yaranan təlatüm və siyasi böhran dövrü daha uzun çəkəcəkdi.
Bu mənada 2005-ci ildə prezident İlham Əliyevin Qərb mediasına müsahibəsində altından xətt çiziləcək cümləsini xatırlamaq yerinə düşür.
İ.Əliyev qeyd edirdi ki, 2003-2005-ci illər onun üçün çox çətin keçdi və gecələr rahat yata bilmirdi.


Əlbəttə, bu etiraf həm də onu göstərir ki, mərhum prezident Heydər Əliyevin vəfatından sonra iqtidarı qoruyub saxlamaq, asan deyildi.
Ona görə də həmin 2 il ərzində İ.Əliyevin püxtələşməsi, hakimiyyətin saxlanması siyasətində R.Mehdiyevin rolu az olmamışdı.

AnaXeber.az yazır ki, son vaxtlar gah ölüm, gah xəstəlik xəbəri yayılan, sonra PA rəsmiləri tərəfindən təkzib edilən R.Mehdiyev iqtidardakı fenomenliyini itirmək üzrədir.

Artıq Naxçıvan klanının liderinin yerini xələfi davam etdirir. Onu konfranslarda, tədbirlərdə də əvvəlki qədər tez-tez görmək olmur. Bu baxımdan PA rəhbərinin siyasi qürubunu yaşadığı müşahidə edilir.
Təbii ki, İ.Əliyevin onu istefaya göndərmək planı yoxdur və ömür vəfa etdiyi qədər bu postda qalacağı şübhə doğurmur. Lakin onun vitse-prezident təyin olunacağı gözəntisi var idi.
Hətta bəzi mülahizələrə görə, PA rəhbəri postunda prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təyin ediləcəkdi, R.Mehdiyev isə vitse-prezident olacaqdı.

Bununla da Naxçıvan qruplaşması yeni yaranan idarəçilik institutunda öz mövqeyini möhkəmləndirəcəkdi.
Fəqət, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident olacağı məsələsi gündəmə gəlməklə R.Mehdiyevin ampluasında qalacağı məlum oldu.
Beləliklə, İ.Əliyev yeni idarəçilik sistemində Nazirlər Kabineti və Prezident Administrasiyasını arxa plana keçirir. Bunun bariz nümunəsi prezidentin parlamentə təqdim etdiyi layihədə edilən dəyişikliklər idi.
Düzdür, elektron media dərhal məlumatı PA ləğv olunur başlığı altında sevincək tirajladı.
Az sonra R.Mehdiyev kluarlarının parlamentdəki sözçüsü Zahid Oruc operativ reaksiya bildirərək PA-nın ləğv olunmadığı və layihənin detallarını şərh etdi.
PA rəhbəri Ramiz Mehdiyevin şəkillərini yerləşdirən saytlara daha da irəli getmək istəmədilər.

Çünki Zahid Orucun operativ reaksiyası həm də R.Mehdiyevin, eləcə də PA-nın açıqlamasıydı. Yəni, narahat olmayın, heç yerə getmirik, qurum da ləğv edilmir.
Bütün bunlar R.Mehdiyev ətrafında dolaşan proseslər idi. Qısacası, İ.Əliyev R.Mehdiyevi vitse-prezident postuna təyin etməyi planlaşdırmır.
Lakin PA-nın ləğvindən söhbət getməsə də, edilən dəyişikliklər şəkk-şübhəsiz ki, Prezident Administrasiyasında yeni bir ab-havanın yaranması ilə müşahidə olunacaq.
Hətta R.Mehdiyevin səlahiyyətlərinin getdikcə azaldılması, bu aparatın funksionallığının əhəmiyyətsizləşdirilməsi prosesi istisna olunmur.
I vitse-prezident institunun yaradılması birmənalı olaraq PA rəhbəri və Baş nazir vəzifələrinin önəmini arxa plana keçirib. Bu qanun layihəsi isə prezidentin siyasi islahatlara keçidinin inqilabi projesidir.

AnaXeber.az yazır ki, R.Mehdiyev fenomeni öz siyasi gücünü zəiflətməkdə olsa da, ümumilikdə qruplaşma heç də gücsüz deyil.
Bir müddət əvvəl PA rəhbərinin icra başçılarını, məmurları, polis rəislərini və prokurorları, əhkəmə hakimlərini toplayb danlaması çox ciddi bir mesaj idi.
Əslində, Mehdiyevin Gülər Əhmədova olayında mövqelərinin zəifləməsi barədə fikirlər yaranmışdı.
Onun adının həmin alverdə keçməsi, çemodan, “otvyorka” ifadələri reputasiyasına iddi zərbələr idi. Amma son proseslər heç də bunun belə olmadığını göstərdi.
Hətta hakim komanda daxilində birincilik savaşı getdiyi, gələcəyə dair qeyri-müəyyənliyin hökm sürdüyü və bir sıra iqtisadi qrupların siyasi itaətsizlikdə və qiyamda bulunacağını iddia edənlər vardı.

Lakin Mehdiyev dövlətin dəqiq strategiyaya malik olduğunu, heç bir tərəddüd və sarsılmadan söhbət getmədiyini ortaya qoydu.
Eyni zamanda PA rəhbəri bu qvardiyanın iqtidar sarayında hələ çox öz siyasi kursunu diktə edəcəyinə işarə vurmuş oldu.
Beləcə, paradoksal vəziyyət yaranır və müqavimət göstərmək də olan ənənəvi klan bəzi itkilərə baxmayaraq, dirəniş göstərməkdədir.
Yəni, Mehdiyev vitse-prezident təyin olunmasa belə, Naxçıvan qruplaşması hələ bütün imkanları əldən verməyib.
Reallıqda administrasiyanın resursları yetərincə böyükdür və istər onun texnoloqları, istərsə də beyin mərkəzləri bu kompromat savaşına daha sistemli və dəqiq cavab verə bilir.

Hakimiyyətin önəmli simalarından sayılan bu şəxsin xarakterik cizgilərinin hələ ki, tam açılmaması ciddi düşünməyə əsaslı səbəblər verir. Onun qapalı və gizli kimliyi iqtidarla cəmiyyətin birgə problem olduğu üçün birgə də həllini tapmalıdır.
O, adi vəzifə daşımır, hündür mərtəbə sahibidir. Qaranlıqlar onun şəxsiyyətini öyrənməyə və görməyə imkan vermir.
Sanki işıqsız tunelə bənzəyir, bilmədən oraya daxil olub sonradan günəşli dünyaya yol tapa bilməzsən, birdəfəlik itib-batarsan. Darıxmayın, R. Mehdiyev kultunun daha dərin kök atmasına zaman bundan sonra daha imkan verməz...

Siam.az
Tarix: 8-05-2017, 20:37
Xəbəri paylaş





Xəbər lenti