Naxçıvan quru dəhlizi ilə Azərbaycana birləşdirilir, Şuşanı isə birdəfəlik itiririk? – MƏXFİ HƏLL PLANI

Naxçıvan quru dəhlizi ilə Azərbaycana birləşdirilir, Şuşanı isə birdəfəlik itiririk? – MƏXFİ HƏLL PLANI Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının nəticəsizliyi fonunda sülhyaratma prosesi ilə bağlı yeni tezislərin ortaya atılması “sakit səmada şimşək” effekti yaradıb.

Əslində, Rusiya hakimiyyətinə bağlı müxtəlif şəxslər tərəfindən mütəmadi olaraq səsləndirilən ideyanı heç də təzə saymaq olmaz. Odur ki, Rusiya kəşfiyyatının sabiq başçısı, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ordu generalı Vyaçeslav Trubnikov Ermənistanın arm.info portalına müsahibəsində səsləndirdiyi fikirlər sensasiya sayılmasa da, müzakirə olunan mümkün həll variantları haqda fikir yürütmək üçün baza rolunu oynaya bilər.

Savash.org məsələylə bağlı bəzi məqamlara işıq salmaq məqsədilə yenidən mövzuya qayıdıb. Xatırladaq ki, Rusiyanın ordu generalı Vyaçeslav Trubnikov Ermənistanın arm.info portalına müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsinə öz baxışlarını təqdim edib.

O bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması kifayət qədər problematikdir və Azərbaycana kompensasiya kimi 7 işğal edilmiş rayon və Naxçıvan üçün dəhliz qaytarıla bilər: “Bu, Azərbaycan üçün müəyyən kompensasiya olacaq. Əlbəttə, bu variant, ola bilsin ki, heç də hamını qane etməsin. Lakin hər halda, ciddi ərazi iddiaları üçün zəmin olmayacaq”.

Rusiyanın Qarabağ üzrə mövqeyini şərh edərək, o bildirib: “Rusiyanın mövqeyi onsuz da bəllidir – Qarabağda qalib və məğlub olmamalıdır. Bütün bunlar, üçüncü tərəf də daxil olmaqla, hamı üçün pis bitəcək. Qarabağ ətrafında münaqişədə nöqtə qoymayacaq həllin iştirakçısı olmaq düzgün deyil və olmaz. Güzəştin olmadığı, qisas üçün imkanların qaldığı yerdə yekun razılaşma mümkün deyil. Bu yalnız müvəqqəti saziş olacaq. Buna görə də, Qarabağı birdəfəlik və həmişəlik həll etmək lazımdır”.

Görünən isə odur ki, təklif olunan “birdəfəlik və həmişəlik” həll modeli Azərbaycan üçün heç də itkilərsiz sayıla bilməz. Təqdim olunan “həll modeli”nin qısa mahiyyəti bundan ibarətdir ki, işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının geri qaytarılmasından söhbət belə gedə bilməz. Əvəzində Qarabağ ətrafındakı işğal olunmuş 7 rayon Azərbaycanın idarəçiliyinə qaytarılır. Üstəlik isə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək ensiz quru dəhlizi yaradılır.
Savash.org xatırladır ki, Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 inzibati ərazi vahidi aşağıdakılardır:

Kəlbəcər rayonu - bütün ərazi işğal olunub.
Laçın rayonu - bütün ərazi işğal olunub.
Qubadlı rayonu - bütün ərazi işğal olunub.
Cəbrayıl rayonu - 1 kənddən başqa (Cocuq Mərcanlı kəndi) bütün ərazi işğal olunub.
Zəngilan rayonu - bütün ərazi işğal olunub.
Ağdam rayonu - ərazinin 77 faizi işğal olunub.
Füzuli rayonu - ərazinin üçdə biri işağl olunub.


Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan və təklif olunan “həll modeli”nin şərtlərinə görə Azərbaycanın birdəfəlik gözünü çəkməli olduğu inzibati ərazi vahidləri isə bunlardır: Xankəndi şəhəri, Ağdərə, Xocavənd, Əsgəran, Şuşa və Hadrut rayonları.

Bunun əvəzində Ermənistanın gedəcəyi güzəşt isə olduqca kiçikdir. Naxçıvanı Azərbaycanla birləşdirəcək kiçik bir dəhliz. Güzəşt kimi təqdim olunan bu kiçik ərazi isə elə tarixi azərbaycan torpaqlarıdır. Bildirək ki, qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırıb. İndi isə ən yaxşı halıda həmin 44-45 km ərazi güzəştə gediləcək ki, bunun əvəzində isə Azərbaycandan Şuşa da daxil olmaqla bütün Dağlıq Qarabağdan gözünü çəkmək tələb olunur.

Həm də birdəfəlik.

Orxan Həsənli
Tarix: 10-05-2017, 21:22
Xəbəri paylaş





Xəbər lenti