ABŞ separatçı rejimlərə niyə “bir gözlə” baxmır - iki səbəb

ABŞ separatçı rejimlərə niyə “bir gözlə” baxmır - iki səbəb Gürcüstanın ərazilərini geri qaytarmağa çağıran Dövlət Departamentinin ardınca ABŞ Senatı da separatçılarla bağlı mühüm qərar verdi, amma...


“ABŞ-ın belə selektiv yanaşması Cənubi Qafqaz ölkələrinin müstəqillik qazandığı son 26 ildə hər zaman özünü qabarıq göstərib”. Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc bu fikirləri ABŞ Konqresinin Gürcüstanın ilhaq olunmuş ərazilərində mövcud olan separatçı rejimlərlə bağlı verdiyi qərarı “Yeni Müsavat”a şərh edərkən söylədi.



Xəbər verdiyimiz kimi, ABŞ Senatının 2017-ci il üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələr yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur. Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir.


Deputat Zahid Oruc bu barədə danışarkən dedi ki, bir neçə gün öncə gürcü baş naziri Georgi Kvirikaşvilini Ağ Evdə qəbul edən prezident Donald Tramp və digər yüksək çinli rəhbərlər Obama dönəmində Gürcüstana yönəlik seçilən kursu davam etdirəcəklərini və kəşfiyyat məlumatları, digər təhlükəsizlik tədbirləri ilə rəsmi Tbilisinin ərazi bütövlüyünə kömək göstərəcəklərini bildiriblər: “Çox alqışlanası mövqedir. Zatən Qafqazlarda yeni siyasi subyektlərin yaranmasına qarşı belə kəskin münasibət ərazi bütövlükləri pozulmuş ölkələrə böyük dəstəkdir. Lakin Qarabağ münaqişəsi ABŞ-ın xarici siyasətində hər zaman nəinki regionda nüfuz uğrunda mübarizənin tərkib hissəsi və savaş tərəflərinə təzyiq aləti olub, eləcə də Rusiya və Fransanın maraqları qarşısında sipər çəkilməsi üçün çox mühüm hərbi-siyasi meydandır. Ötən illərdə bir-birini əvəz edən demokratlar və respublikaçıların hakimiyyəti məlum kursa sadiq qalıblar. Çünki Qara dəniz və Xəzər regionunda Rusiyanın təkbaşına liderlik mövqeyini sarsıtmaq üçün onun yaxın sərhədləri ətrafında daimi gərginlik ocaqlarının saxlanılması çox əhəmiyyətli silahdır”.


Qeyd edək ki, mayın 6-da qüvvəyə minən qanuna görə, ABŞ-ın dövlət idarələrinə bu bölgələrin Rusiya tərəfindən işğalına kömək olan addımlar atmaq qadağan olunur. Göründüyü kimi, Vaşinqton Gürcüstan əraziləri uğrunda SSRİ imperiyasının varisi ilə açıq döyüşə girişib. Ancaq qəribəsi odur ki, analoji prinsipiallıq Qarabağa münasibətdə müşahidə olunmur. Hətta bundan əvvəl ABŞ rəsmiləri Gürcüstan əraziləri geri qaytarılmalıdır deyə, açıq mövqe ortaya qoyduqları halda, Azərbaycanın 20 faiz ərazi işğalını görməzdən gəlmişdilər. Bundan əlavə, təsdiqlənmiş büdcə layihəsində ABŞ dövlət katibinə vəzifə olaraq tapşırılır ki, sənədin qüvvəyə mindiyi andan 90 gün ərzində Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı Rusiyanın hərəkətləri haqda məlumat versin.


Z.Orucun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyi tanınmasa da, onun üzərindən Moskvanın əleyhinə siyasət aparmaq imkanları böyükdür: “Konqres tərəfindən ötən illərdə edilmiş 200 milyon dollardan artıq yardımı Azərbaycanın suveren maraqları əleyhinə atılan addımlar kimi dəyərləndirməkdən başqa adı yoxdur - baxmayaraq ki, bununla əlaqədar siz çox fərqli diplomatik izahlar eşitməkdəsiniz. Halbuki Abxaziya, Cənubi Osetiya və Krımın məruz qaldığı siyasi-iqtisadi sanksiyaların həmin rejimləri əldən salmaqda və zəiflətməkdə nə qədər mühüm rol oynadığı öz yerində, ancaq burada ən vacib məqam həmin subyektlərin özünü xarici aləmdə müstəqil tərəf kimi təqdim etməyə şansın verilməməsidir. Əvəzində Bako Saakyan bir neçə dəfə Birləşmiş Ştatlarda müxtəlif rəsmi şəxslərin qəbulunda olub, Konqresin binasına yaxın ərazidə yerləşən ofisi Qarabağın səfirliyi və təmsilçiliyi kimi qələmə verib, üstəlik, ”dövlət quruculuğu"na maddi yardım üçün böyük telekörpülər də keçiriblər. Təsəvvür edin ki, Krım Respublikasının başçısı Sergey Aksyonovu Nümayəndələr Palatasında, yaxud Brüsseldə belə qəbul edə və yarımadanın neft resurslarının birgə işlənməsinə dair razılıq verəydilər, görün onda Ukrayna və Rusiya arasında hakimlik roluna ehtiyac qalardımı? Faktiki olaraq, Ermənistanın müstəqilliyinə edilən dəstəyin də mənası Birləşmiş Ştatlardakı lobbi mərkəzlərin təsir gücü ilə izah oluna bilməz".


Deputat bir məqama da diqqət çəkdi: “Ağ Ev strateqləri 2009-cu ildə İsveçrədə məlum protokolları imzalatdıranda Türkiyə və Ermənistanı barışdırmağa cəhd edərkən Qarabağ münaqişəsini həmin proseslərdən ayırmağa çalışırdı. Obama administrasiyası görəndə ki, onların niyyəti baş tutmur, əvəzində İrəvan daha da müflisləşib Moskvanın vassallığına daha çox yuvarlanır, onda plandan vaz keçdilər. Amma Qarabağda cəmiyyət institutlarını inkişaf etdirmək və demokratiyanı gəlişdirmək üçün ötən illərdə havaya sovrulan pullar səmərə verməsə də, problemin çözülməsi qətiyyən Birləşmiş Ştatların mənafelərinə cavab vermir. Cənubi Qafqaz hələ ki savaş arenası olaraq qalmalıdır. İkinci erməni dövləti ideyası bir gün Moskvada tam arxivə atılsa da, onun Qərb paytaxtlarında avtomatik ləğv ediləcəyini gözləmək sadəlövhlük olardı. Qarabağ müstəqilliyimizin haqqıdır, ödəncidir, hesabıdır”.




Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Amerikanın bu siyasəti ikili standartlardan xəbər verir: “Qarabağı Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsindən və Donbasdan ayırmaq mümkündür. Bütün bu münaqişələrin xarakteri eynidir: kənar müdaxilə, separatizm və müharibə və nəticədə ərazi bütövlüyünü itirilməsi. Donald Tramp administrasiyandan əvvəlki Ağ Ev sahibləri də separatçılar və separatizmlə üzləşən dövlətlər arasında fərq qoyurdular”. E.Şahinoğlu hesab edir ki, Ağ Evin bu cür siyasətinin iki səbəbi var: “Birinci səbəb Amerikadakı erməni lobbisi və onun təsiri altında olan siyasətçilərdir. İkinci səbəbi isə özümüzük. Gürcüstan və Ukrayna Qərbin siyasi, iqtisadi və hərbi institutlarına inteqrasiya olmağa çalışır. Bu sırada Amerika ilə tərəfdaşlıq münasibətləri də onlar üçün ön plandadır. Biz isə Rusiya ilə Amerika arasında balansa çalışırıq və bəzən ağırlıq Rusiyaya tərəf keçir. Ona görə də Ağ Ev Gürcüstan və Ukraynanı Azərbaycandan üstün tutur. Halbuki regional zəmində, iqtisadi və hərbi güc baxımından Azərbaycan daha əhəmiyyətli ölkədir”.


Əlavə edək ki, az öncə Dövlət Departamenti “Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir” bəyanatını vermişdi. Və mayın 6-da növbəti addım atıldı. Ümumi yanaşanda separatçı rejimlərə və onların himayəçilərinə göstərilən sərt münasibət təqdirolunandır. Amma kaş ki, ABŞ bütün separatçılara “eyni gözlə” baxaydı...


E.PAŞASOY
Tarix: 11-05-2017, 09:28
Xəbəri paylaş





Xəbər lenti