ABŞ Bakıdakı ən böyük təşkilatını bağlayır - səfirlikdə ixtisarlar gözlənilir

ABŞ Bakıdakı ən böyük təşkilatını bağlayır - səfirlikdə ixtisarlar gözlənilir Rusiyanın rosbalt.ru portalı Amerika diplomatik dairələrinə istinadən xəbər verir ki, USAİD Azərbaycanda fəaliyyətini dayandırır; ABŞ keçmiş sovet məkanından çəkilir; Con Makkeyn: “Bu, dünyada sıxıntılar yaşayan bütün adamlara “Amerikaya ümid etməyin”, deməkdir


Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədinin icrasına başlayıb. ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədinə artıq bu barədə xüsusi bənd salınıb. Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını nəzərdə tutur. Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv ediləcək.



Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq. Sənəddə bu kimi layihələrin əsas icraçısı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAİD) büdcəsinin 12 milyard dollar (31 faiz) kəsilməsi nəzərdə tutulub. USAİD-in hətta ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı da var.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) - ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. 1961-ci ilin 3 noyabrında prezident Con Kennedi USAİD-in təsisi haqqında sənəd imzalayıb.




Agentlik uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. USAİD tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi daşıyır.




Rusiyanın rosbalt.ru portalı Amerika diplomatik dairələrinə istinadən xəbər verir, USAİD Azərbaycanda fəaliyyətini dayandırır. O cümlədən Belarus, Tacikistan və Qırğızıstanda da təşkilatın bağlanacağı gözlənilir. Portal iddia edir ki, Azərbaycan və digər keçmiş sovet respublikalarının hakimiyyətləri “xarici agentura” hesab etdikləri bu kimi şəbəkələrin fəaliyyətlərini ölkə siyasətinə müdaxilə hesab edib və USAİD-in fəaliyyətinin dayandırılmasından heç nə itirməyəcəklər.


“Keçmiş sovet respublikaları ərazisində ABŞ-ın qeyri-hökumət təşkilatlarının maliyyələşməsindən imtina etməsi bu regionun birdəfəlik Rusiyanın nəzarətinə verilməsi deməkdirmi”, deyə, sual edən müəllif “ABŞ keçmiş sovet məkanından əsasən çəkilir”, qənaətini yazır. İddia olunur ki, ABŞ keçmiş sovet respublikaları məkanında təkcə USAİD-in fəaliyyətini dayandırmır, həmçinin bu ölkələrə BMT çərçivəsində ayırdığı maliyyə yardımlarını da azaldır, həmçinin Bakı da daxil, diplomatik korpusda işçi ştatlarda ixtisarlar edəcək.




Konqresin Trampın seçkiqabağı vədinin icra etmək istəyinə nə deyəcəyi hələ məlum deyil, amma ABŞ-ın xarici siyasətində sapmalarla bağlı artıq sərt tənqidlər başlayıb. Respublikaçı-senator Con Makkeyn “The New York Times”da yeni Ağ Ev administrasiyasının xarici siyasətini kəskin pisləyib. Nüfuzlu senator hesab edir ki, dünya ölkələrində insan haqlarının pozulmasına Donald Tramp ciddi önəm vermir. O, dövlət katibi Reks Tillersonun xarici siyasəti ABŞ-ın milli təhlükəsizliyi ilə tənzimlənməsi barədə bəyanatını da pisləyib. “Tillersonun bu sözləri dünyada sıxıntılar yaşayan bütün adamlara ”Amerikaya ümid etməyin" deməkdir", deyə, Arizona ştatının senatoru bildirib.


USAİD-ə bəzi ölkələrdə münasibət heç də birmənalı deyil. Rusiya 1992-ci ildən fəaliyyət göstərən təşkilatın fəaliyyətini 2012-ci ilin sentyabrında dayandırıb. Rusiya XİN bəyan edib ki, USAİD-in bu ölkədə fəaliyyəti təşkilatın məramına uyğun olmayıb, ayrılan qrantlar “siyasi fəaliyyətə” yönləndirilib. Azərbaycanda da zaman-zaman xüsusilə seçkilər ərəfəsində daha çox hakimiyyətə yaxın mediada USAİD-in ayırdığı qrantların müxalifətçilərə yönləndirildiyi, hətta “inqilablar” hazırladığı barədə iddialar səslənib. 2014-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti Amerika təşkilatlarına nəzarəti gücləndirib, NED-in və USAİD-in maliyyələşdirdiyi fondların fəaliyyətini dayandırıb, QHT-lərin xaricdən maliyyələşməsi yasaqlanıb.


USAİD-in Azərbaycandakı fəaliyyəti hələ ki davam edir. Təşkilatın facebook səhifəsində aprel-mart, may ayında keçirilən tədbirlərin siyahısı da bunu göstərir. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının yeni direktoru Mikaela Meredis vəzifəsinin icrasına isə 2016-cı ildə başlayıb.


“YM”
Tarix: 11-05-2017, 09:48
Xəbəri paylaş





Xəbər lenti