Tiflisdə Bakıya qarşı “narıncı inqilab” qərargahı?! –Rus mətbuatı da Qərbin Azərbaycanı nəzarətə götürmək planlarından yazdı - TƏHLİL

Tiflisdə Bakıya qarşı “narıncı inqilab” qərargahı?! –Rus mətbuatı da Qərbin Azərbaycanı nəzarətə götürmək planlarından yazdı - TƏHLİL Andrey Nikolayev

Rosbalt.ru, 12.05.2017



Haqqin.az nəşrində qonşu ölkə paytaxtı Tiflisdə məxfi görüş yeri olan və elə orada Qərb sponsorlarından pul və təlimat alan “gizli antiazərbaycan fəaliyyəti”nin meydana çıxdığı haqda maraqlı və geniş məqalə gedib. Qeyd edək ki, Gürcüstan Azərbaycana təkcə dost ölkə deyil, həm də strateji tərəfdaşı sayılır. Lakin Azərbaycan nəşri iddia edir ki, o, “ümumsovet rəngli inqilabının lokomotvi, Qərb hegemonluğunun dayaq nöqtəsi və “qərbləşməklə müasirləşməyin” baş ekspansiya meydanı, çəhrayı qurşaqla idarə olunan Putin Rusiyasının yeni obrazlı-konseptual qurşaqlama modeli olub”.

“Əvvəlki sabit Azərbaycanın sərhədlərində təhlükə meydana çıxıb, Bakıda iddia edirlər ki, Saakaşvili inqilabı qələbəsinin ilk illərində gürcü inqilabi qüvvələri sıfırıncı illərin ortalarında Azərbaycanı sabitsizləşdirmək modelini dəstəkləməyə cəhd edirdilərsə, İlham Əliyevin siyasi ustalığı hesabına inqilabi Gürcüstan hökuməti qısa zaman kəsimində neytrallaşdırılmış göründü. Gürcüstan anladı ki, Azərbaycansız yaşaya bilməyəcək… Bu, Qafqaz siyasətinin patriarxları Heydər Əliyev və Eduard Şevardnadzenin dönəmindən bəri Cənubi Qafqazın iki ölkəsinin cəlb edildiyi bütün bölgəsəl geoiqtisadi layihələrin iflası demək idi”.

Hətta “rəsmi Tiflis öz ərazisində yeni etnik-siyasi münaqişənin meydana çıxması ehtimalını da dərk edirdi – Gürcüstanda 300 minə yaxın azərbaycanlı özünün qədim tarixi ərazilərində yaşayır. Bu bölgə isə separatçı ermənilərin Cavaxetiyasından fərqli olaraq vahid və bölünməz Gürcüstan ideyasına sadiq qalıb. Qiymət münaqişəsinə bəzən eyham vuran Gürcüstan hökuməti Azərbaycan hökuməti ilə açıq münaqişəyə getmədi, ancaq Gürcüstan ərazisi Azərbaycana siyasi-ideoloji ekspansiya üçün nə isə bir meydana çevrildi”.

Həmçinin təəssüflə qeyd olunur ki, Gürcüstanda hakimiyyət dəyişəndən sonra da, yəni Mixail Saakaşvilinin gedişi ilə heç nə dəyişilməyib: “Azərbaycanlı rəngli gizli fəaliyyət Gürcüstanda özünü yetərincə sərbəst hiss edir” və indi, yəni “Gürcü arzu”sunun idarəçiliyi şəraitində “antiazərbaycan müqavimətinin Gürcüstanın dal həyətlərindən çıxarılması üçün heç bir iş görülmür. Tiflis gizli görüş, təlimatlandırma və pul yeridir, burada məkrli planlar doğulur və yeni əlbirliklər toxunur”.

Sual – kimlə? Cavab – “Qərb emissarları və xüsusi xidmətlərin nəzarəti ilə fəaliyyət göstərən QHT-lərlə”.

Siyasətçilər, jurnalistlər, keçmiş prokurorlar və hətta həkimlər bu ölkədə daldalanmış “Azərbaycan düşmənləri” sırasındadırlar. Bəzilərinə ABŞ səfirliyi, digərlərinə dünyada məşhur "Freedom House", "People in Need", "Human Rights Watch", "NDI" və xeyli başqa təşkilatlar pul ödəyir. Ümumiyyətlə, nəşrin ifadəsincə, Vətəndaş müharibəsi dönəmində deyildiyi kimi, “əks-inqilabçıların nüfuz üstünlüyü Tiflisdədir”. Hətta Gürcüstan paytaxtında bura gələn Azərbaycan inqilabçıları üçün otel də var.

Bakıda sual edirlər: “Gürcüstan hökuməti niyə paytaxtın mərkəzində antiazərbaycan nüvəsinin formalaşması üçün bütün şəraiti yaradıb? Axı bu məsləkdaşlar öz niyyətini – indiki hökuməti devirməyi gizlətmir?”

Və sanki sözarası xatırladılır ki, “Azərbaycan Gürcüstanın xatirinə çox şeyi qurban verir. Hələ energetik meqalayihələrdən danışmırıq… Gürcüstanın ərazi bütövlüyünü məhz Azərbaycan dəstəkləyib, Cənubi Osetiyadakı referendumu qınayıb, birgə çağırışlara ləyaqətlə cavab verməklə siyasi ittifaqın dərinləşdirilməyinə hazırdır”. Əvəzində isə “radikal gizli fəaliyyət, durumun qızışdırılması və sabitsizləşdirilməsində qərəzli niyyət… arxadan zərbə?!”

Bu arada Azərbaycanın digər KİV-lərinin məlumat verdiyi kimi, ölkədə beynəlxalq donorların fəaliyətinə nəzarət sərtləşdirilib. Azərbaycan baş naziri müavini Əli Əhmədov izah edib ki, “hər bir dövlətin öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək haqqı var”. Xüsusən də ərazilərinin bir hissəsinin işğalı və 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğu şəraitdə.

O deyib: “Buna görə də dövlətin maraqları haqda düşünməliyik. Mən hər hansı donordan şübhələnmək niyyətində deyiləm… Bu sahə tamamilə şəffaf olsaydı, çox yaxşı olardı. Amma təəssüf ki, dövlətin şəffaflığı təmin etmək tələbi maneələr yaratmaq kimi dəyərləndirilir. Biz ayrılmış vəsaitlərin hansı məqsədə və hara sərf edildiyini bilmək istəyirik”.

Azərbaycan hökuməti hər şeydən çox ondan qorxur ki, bu vəsaitlər “demokratiya ixracatı”nın mənimsənilməsinə gedəcək.

Əslində, Azərbaycanın strateji tərəfdaşı və müttəfiqi, özgə cür düşünməkdə şübhəli bilinən və islam vaizi, Türkiyə prezidentinin qəvi düşməni Fətulla Gülənlə əlaqələr üzrə ən müxtəlif peşələrdən on minlərlə adamın işdən çıxarıldığı Türkiyənin də qarşısında bu cür problem durur. Azərbaycanda da paralel olaraq “gülənçi ovu gedir” – ehtimal ki, Türkiyə ilə həmrəylik və yaxud onların Azərbaycandakı rejimi də təhdid edə biləcəyi səbəbindən.

Lakin göründüyü kimi, azərbaycanlı sui-qəsdçilər təkcə Gürcüstanda deyil, həm də mühacirlərin bu günlərdə “Azərbaycan naminə demokratiya” konfransına çağırıldığı Praqada da toplaşıblar.

Azərbaycanın hüdudlarından kənarda qərarlaşmış “mərdiməzar” “Эхо Кавказа” və başqa KİV-lər tədbiri təfərrüatı ilə işıqlandırıb. Konfransın təşkilatçısı və sədri – Azərbaycanın keçmiş Brüssel səfiri və respublikanın AB yanında daimi təmsilçiliyinin keçmiş başçısı Arif Məmmədov tədbirdə rəhbər rol oynayıb. Məmmədov deyib: “Biz – Azərbaycan ziyalıları, hazırda bu və ya başqa səbəbdən ondan kənarda yaşamağa məcbur olan adamlarıq, lakin Azərbaycanda baş verən proseslərə görə qəlbimiz getdikcə daha çox ağrıyır. Biz istəyirik ki, bizdə normal cəmiyyət olsun, Azərbaycanı Avropada təkcə “kürü diplomatiyası” kimi anlayışların innovatoru olan ölkə kimi tanımasınlar… Biz istəyirik ki, ölkəmizi insanların normal yaşadığı demokratik ölkə kimi tanısınlar, Azərbaycanda bədheybətlər olmasın, normal, sivil ailənin tərkib hissəsi olsun… Biz anlayırıq ki, bu gün Azərbaycandakı rejim ölkəni birmənalı şəkildə uçuruma aparır. Ancaq hakimiyyətdə qalmaqdan ötrü ora-bura vurnuxan rejimin perspektivləri yoxdur və hamı üçün təhlükə təşkil edir və biz bunu göstərmək istəyirik”.

O, korrupsiya və aşağı həyat səviyyəsi daxil olmaqla Azərbaycan hökumətini bütün bəndlər üzrə tənqid edib və bildirib ki, “bu cür davam edə bilməz”.

Həmçinin Azərbaycan rejimi opponentlərinin “gələcək Azərbaycanın kiçik səviyyədə modelinin, gələcək komandanın yaradılması… və hələ də fəal olan və qorxmayan adamları cəlb etmək” cəhdlərindən də danışılıb. Onun fikrincə, ailə hakimiyyətinin möhkəmləndirilməsi cəhdləri “sistemin dağıldığını” anlayan bu hakimiyyətin özünün zəifliyindən qaynaqlanır.

Bundan başqa, müxalifətçi gileylənib: “Təəssüf ki, Qərb bu gün özünü itirib, biz Qərbdən gərəkən, tutaq ki, Gürcüstana verilən dəstəyi görmürük”…

Mixail Saakaşvilini nə qədər söysələr də, o, Gürcüstanı “uğurlu eksperiment” adlandırıb. Düzdür, “Эхо Кавказа”-nın həmsöhbəti qeyd edib ki, gürcü cəmiyyətində hətta SSRİ zamanında da “qərbçilik daha çox idi”, Azərbaycan cəmiyyətini isə öyrətmək lazımdır, çünki onun böyük əksəriyyətini müsəlmanlar təşkil edir: “Və mentallığın da öz ifadəsi var, yəni bu gün bizdə əhalinin, demək olar, 60%-i şiələrdir. Əhalinin gerçək dindar qismi çox kiçikdir, lakin xüsusən də cənub rayonlarında sosial problemlərlə bağlı cəmiyyətin dindarlığı çoxalır… Biz bu məqamların hamısını nəzərə almalıyıq”.

Məmmədov etiraf edib ki, “İndiki mərhələdə xalqı ayağa qaldırmaq gerçəkdən asan deyil. Sonra isə bütün bunları necə düzgün yönəltmək, təşkil etmək, ölkənin ən yaxşı ağıllarını geri qaytarmaq, işləkliyi normalladırmağın məsuliyyəti var”.

Bir sözlə, Gürcüstan nə Azərbaycan müxalifətinin, nə də rəsmi “ruporlar”ın dilindən düşür. Lakin bu, əsla sübut etmir ki, Azərbaycanda inqilab məhz hökumətin xarici QHT-lərin işinə və uyğun vəsaitlərin daxil olmağına mane olmayan Gürcüstanda hazırlanır. Düzdür, QHT-çilərə münasibət adda-buddadır: Gürcüstanda çox az qalmış, həm də oduqca cüzi vəsaiti olan “Rusiyayönlü”ləri güclü şəkildə tənqid edirlər. Yeri gəlmişkən, DİN-in məlumatına görə, Qələbə Gününə yaxın Gürcüstana səfər üçün “Gecə canavarları” bayker klubunun yüzdən çox üzvünə rədd cavabı verilib – görünür, cəmiyyətin onları “Putin ideologiyasının təbliğatçıları” sayan qismi ilə toqquşmasından yayınmaq xatirinə. Düzdür, güc qurumları məlumat verib ki, “tanınma nişanəsi” olmayan bir neçə baykeri hər halda ölkəyə buraxıblar və onların ikisi Qələbə Günü paytaxtın Vake parkında naməlum əsgərin məzarı üzərinə əklil qoyub.

Amma, bax, “qərbçilər”i dayandırmaq olmaz – axı Gürcüstan Avropa və Avroatlantikaya yönəlmə yolu seçib və uyğun istiqamətin vətəndaş sektoruna münasibəti təkcə loyal deyil, həm də asılıdır. Hətta “narıncı” çalar gürcü hökumətinin gözü qabağında olsa da.

Belə ki, Azərbaycan “narıncı”ları həqiqətən Gürcüstanda “səngərləniblərsə”, onda hökumət son dərəcə pis duruma düşüb və onlara ancaq mərhəmət bəsləmək olar. Bir tərəfdən, onlar Bakının təkidi ilə bu “şəbəkə”ni bağlamağa cürət etməzlər (Sem dayılar nə deyər?), digər tərəfdən isə çox şeydə asılı olduqları və tez-tez ondan çəkinə-çəkinə iş gördükləri qonşu respublika hökuməti ilə münasibətləri korlamaq onlara heç əl vermir. Məsəlçün, təkrar etməkdən yorulmurlar ki, Abxaziyadan keçməklə Rusiyadan Gürcüstana dəmiryolunun bəpasında maraqlı olmayan Azərbaycanın xətrinə dəyəcəklər. Çünki bu yolun son məntəqəsi Ermənistan olacaq. Bu isə nəqliyyat blokadasının yarıldığını bildirəcək – axı Bakı Ermənistanın təcridi üzərində səylə çalışıb.

Bundan savayı, Azərbaycan başa çatan Bakı-Tiflis-Qars dəmiryolunun inşasına böyük pullar yatırıb və hətta bu işə görə Gürcüstana güzəştli şərtlərlə borc pul verib. Abxaziyadan keçən yol isə açılsa, inşa edilən yoldan yükləri seyrəldəcək.



Tiflis “Qazprom”a təslim olub?



Sonra. Gürcüstan hökuməti keçən il respublikaya əsasən Azərbaycandan daxil olan qazın kəsirini Rusiya və ya İran qazı ilə bağlamaq niyyətində idi: sonuncu Ermənistan ərazisindən Gürcüstana keçə bilərdi. Bakı öz hiddətini gizlətmədi. Onda qazın qıt olduğu dərhal yaddan çıxdı. Gürcüstan hökuməti məlumat verdi ki, Azərbaycan tədarükü artırıb və əlavə ixracatçıya daha ehtiyac yoxdur.

Düzdür, Tiflisdə təkrar edirlər ki, alternativ tədarük problemi aradan götürülməyib. Buradaca qeyd edək ki, Gürcüstan ərazisindən Bakı-Tiflis-Ceyhan neft kəməri və Azərbaycan qazının Avropaya ixracatını artırmaq üçün buraxılış qabiliyyəti çoxaldılacaq Bakı-Tiflis-Ərzrum qaz kəməri keçir. Bu isə Gürcüstanın kasıb büdcəsinə əlavə mədaxildir.

Həmçinin qeyd edək ki, Azərbaycan Gürcüstana ən fəal xarici yatırımçıdır – ölkə keçən il birbaşa xarici yatırım qismində 1,6 milyarddan çox dollar əldə edib. Dövlət Statistika xidmətinin məlumatına görə, bunun 578 milyonu Azərbaycanın payına düşür. O, 2015-ci ildə də Gürcüstanın əsas yatırımçısı olub – 550 milyon dollarla və yaxud yatırımların ümumi həcminin 33%-i ilə.

Azərbaycanın SOCAR dövlət neft şirkəti də Gürcüstanda çoxdan etibarlı mövqe tutub: benzin kolonkası şəbəkəsi (114 stansiya), Qara dəniz yaxasında Çulevi kəndində neft terminalına malikdir, ölkənin rayonlarını qazlaşdırır. Şirkətin Gürcüstana yatırımları bir milyard dolları aşıb və ehtimal ki, daha da çoxalacaq.

Bu cür qonşu ilə dalaşmaq böyük ehtiyatsızlıq olardı, Əliyevi devirmək istəyən xarici güclər güclü basqı göstərməsə, elə Gürcüstan da etməyəcək, mərhum prezident Heydər Əliyevin gerçəkləşdirməyə başladığı, oğlu İlham Heydəroğlunun davam etdirdiyi bütün karbohidrogen layihələrini saxlayıb genişləndirəcək.

Azərbaycan yetərincə sərvətə malikdir ki, Rusiya daxil olmaqla dünyanın müxtəlif mərkəzləri ona nəzarət etmək və ələ keçirməyi arzulayır. Bundan başqa, o, Xəzər dövlətlərindən biridir, bu bölgə isə ABŞ xarici siyasətinin təməl daşı sayılır və hələlik bura heç cür tam şəkildə çata bilmir.

Bu arada Xəzər dənizi ən yaxın zamanda Rusiya və Yaxın Şərq dövlətləri ilə yanaşı Avropa və Çinə təbii qazın əsas tədarükçüsü ola bilər. Əslində, uyğun proses artıq başlanıb. Bu daxili dənizdəki neftin sübut edilmiş ehtiyatı 10 milyard ton, təbii qazınkı isə 3,2 trilyon kubmetr təşkil edir.

Belə ki, Xəzər hövzəsi həm Qərb, həm də Rusiyanın həyatönəmli milli və korporativ maraqları zonasıdır. Hətta bu, dünyada yeganə su tutumudur ki, nərə balığının genofondunu saxlayıb. Yəni dəniz karbohidrogen sərvətlərindən savayı həm də ciddi bioloji resurslara, xüsusən də balığa sahibdur. Bu yaxınlara qədər burada nərə balığının ovu dünya üzrə 82 % təşkil edib.

Bir sözlə, bütün bu sərvətlərin hasilatı və ixracatı üzərində nəzarəti kim əldə etsə, əsas həlqəsi Azərbaycan olan bütün bölgəyə nəzarət edəcək. Onu “narıncı” qurşaqla qurşamağa cəhd etməkləri göz qabağındadır. Bu istək Rusiya ilə həmsərhəd dövlətləri də bu cür qurşaqla qurşamaq ehtirası ilə çoxalır. Amma, bax, onu Azərbaycanın ətrafına sarımasına kimin şərait yaratdığı mübahisəli məsələdir. İstənilən halda bu, Gürcüstanın gücü çatan daş deyil. O ancaq öz qanunvericilik çərçivəsindən çıxmamaqla uyğun prosesin passiv müşahidəçisi ola bilər.

Buna baxmayaraq, söz azadlığı, həqiqətən də, “plintus” səviyəsində yerləşən (Haqqin.az yuxarıda göstərilən qalmaqallı məqaləni “yuxarılar”la razılaşdırmadan dərc etməyə cürət etməzdi) Azərbaycanın Gürcüstandan inciməyə haqqı var. Lakin bu, ona Gürcüstan ərazisində nədənsə “əzəldən tarixi torpaqları” adlandırılan bölgədə yaşayan 300 min etnik azərbaycanlı ilə şantaj haqqı vermir.



Tərcümə Strateq.az-ındır.
Tarix: 12-05-2017, 20:57
Xəbəri paylaş





Xəbər lenti