ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar

ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar ATƏT Minsk Qrupunun həmsədrləri yaydıqları bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarını pisləyərək tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.

APA-nın məlumatına görə, sənəddə zərbələrin obyektləri, habelə qurbanlar və zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir.

“Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar”, - deyə həmsədrlərin birgə bəyanatında bildirilir.

Məlumata görə, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər.

Qeyd edək ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. Belə ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Bundan başqa, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycan Silahlı Qüvvələrin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Tarix: 19-05-2017, 08:52
Xəbəri paylaş





Xəbər lenti