Soydaşlarımızın ovlandığı “erməni tələsi” haqda bilmədiklərimiz... - Ukraynada nə baş verir?

Soydaşlarımızın ovlandığı “erməni tələsi” haqda bilmədiklərimiz... - Ukraynada nə baş verir? Rusiyada yaşayan azərbaycanlıların ən güclü diaspor təşkilatı sayılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ətrafında yaranmış müəmmalar çözülməmiş, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan daha bir ölkədə – Ukraynada da həmyerlilərimizlə bağlı problemlər qəfildən gündəmə gətirilməkdədir.

Siam.az Strateq.az-a istinadən xəbər verir ki, son bir neçə gündə ölkə mətbuatında Ukraynada yaşayan azərbaycanlıların birləşdiyi diaspor təşkilatlarında, eləcə də iş adamları arasında qarşılıqlı ittiham və çəkişmələrin, bölünmələrin media müstəvisinə daşındığı və bunun getdikcə dövlətlərarası münasibətlərə keçirməyə çalışıldığı müşahidə olunur.


Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna keçmiş Sovet respublikaları içərisində azərbaycanlıların ən çox yaşayıb işlədiyi, xüsusən də azərbaycanlı iş adamlarının iri sərmayələr yatırıb böyük biznes şəbəkələri qurduğu, təşkilatlandığı, eləcə də müharibə şəraitində olan Azərbaycanın ən böyük silah idxal etdiyi ölkələrdir, o halda hər iki respublikada baş verənlərin təsadüfi olmadığı və işin içində, vəziyyətin gərginləşməsində "üçüncü barmağın” durduğunu da dərhal sezmək mümkündür…

Rusiyadan fərqli olaraq, Ukraynada azərbaycanlılara qarşı cəbhə açmış bu "barmağın” sahibi isə açıqca ortadadır: bəli, söhbət son iki ildə dəfələrlə antiazərbaycan və Ukraynadakı həmyerlilərimizə qarşı cinayətkar fəaliyyəti barəsində bəhs etdiyimiz Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakovdan gedir.

Məlumat üçün bildirək ki, 1964-cü ildə Bakıda – indiki Binəqədi rayonunda erməni hərbçinin ailəsində doğulan Arsen Avakov 1966-cı ildən ailəsiylə birgə Ukraynaya köçüb. SSRİ dağıldıqdan sonra Ukraynada "vauçer alveri”ylə məşğul olaraq dirçəlib nüfuzlu biznesmenə, bank və böyük holdinq sahibinə, nəhayət, milyonçuya çevrilən Avakov sonradan Viktor Yuşşenko və Yuliya Timoşenko kimi siyasətçilərlə əlaqələr hesabına sürətlə özünə siyasi karyera da qura bilib. Nəticədə, 2014-cü ildə ölkədə qurulan koalision hakimiyyət Avakovun Ukraynanın Daxili İşlər naziri postunda əyləşməsinə yol açıb…

Elə Avakovun nazir olmasıyla da Ukraynadakı azərbaycanlıların, necə deyərlər, "qara günləri” başlayıb.

Təkcə son 3 ildə Ukrayna ərazisində azərbaycanlı iş adamlarıyla bağlı baş vermiş cinayətlərin statistikasının əvvəlki dövrlərlə müqayisədə görünməmiş dərəcədə artması faktı kifayət edir ki, işin arxasında məhz Avakov və "erməni barmağı”nın olduğunu hər kəs görə bilsin.

Ukraynada yaşayan həmyerlilərimizin dəfələrlə mətbuata açıqladıqlarına görə, azərbaycanlı iş adamlarının özlərinə və əmlaklarına qəsd edilməsi, müxtəlif bəhanələrlə polisin qarmağına keçirilərək pullarının, əmlaklarının əllərindən alınması, öldürülməsi, döyülməsi və oğurlanması hallarına məhz son 3 il ərzində daha çox rast gəlinib. Hətta bütün bunlara son qoyulması və baiskar kimi, Avakovun vəzifəsindən alınması üçün Azərbaycan diasporunun təmsilçiləri dəfələrlə paytaxt Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində etiraz aksiyaları da təşkil ediblər.

Ancaq azərbaycanlıların özlərini qorumaq üçün atdıqları bu addımlar Avakovu bir qədər də qəzəbləndirərək, onu həmyerlilərimizə qarşı daha məkrli planlara, hiylələrə əl atmağa vadar edib. O, işin arxasında "erməni izi”nin olduğunu gizlətmək və Ukrayna siyasi hakimiyyətinin təzyiqlərindən yaxa qurtarmaq üçün çox məharətlə azərbaycanlıların özlərini özlərinə qarşı çevirmə siyasətinə əl atıb və etiraf edək ki, buna nail olub da.

Xatırladaq ki, hələ ötən ilin oktyabrında Ukraynada yaşayan soydaşlarımızdan biri bu mövzuda Strateq.az-a danışarkən bildirmişdi ki, Avakov və onun Ukrayna DİN-in tərkibində yaratdığı xüsusi dəstə əsasən Azərbaycandan qaçıb getmiş narazı azərbaycanlıları, ələlxüsus da kriminal avtoritetləri məxfi əməkdaşlığa cəlb etməklə, daha çox onların vasitəsiylə varlı azərbaycanlılara qarşı cinayətlər törədir və pullarını, əmlaklarını əllərindən alırlar.

Soydaşımızın sözlərinə görə, azərbaycanlılarla bağlı Ukraynada baş verən cinayət hadisələrinə Ukrayna polisinin qəsdən laqeyd və biganəliyi, həmyerlilərimizi daha çox qeyri-rəsmi vasitələrlə problemlərini həll etməyə vadar edir ki, bu da onların əlavə çətinliklərlə üzləşmələri, aldadılmaları və nəticə etibarilə daha da çıxılmaz duruma düşmələriylə nəticələnir: "Ukraynada problemlə üzləşən azərbaycanlılar Avakovun yaratdığı şəraitə görə polisə yox, müxtəlif kriminal avtoritetlərə üz tutmalı olurlar. Bu kriminalların da əksəriyyəti elə Ukrayna polisinin özünə və yaxud "erməni mafiyası”na bağlıdırlar. Təəssüf ki, aralarında xeyli azərbaycanlı da var. Problemi olan iş adamlarımız "öz nüfuzlu eloğluları”na üz tutmğa üstünlük verirlər, ancaq bilmirlər ki, onların bir çoxu ya dələduzlardır, ya da elə "Avakovun mafiyası"na çalışırlar. Bizdə faktlar var ki, özümüzünkülər özümüzünkülərə qarşı necə divan tutublar! Ən varlı azərbaycanlıları müəyyənləşdirərək, onlara haqq qoyublar, verməyəcəkləri təqdirdə özləri və ya övladları ölümlə hədələnirlər. Hətta çox nümayişkaranə şəkildə də bir neçəsinə sui-qəsd təşkil ediblər, uşaqlarını qaçırıblar ki, başqalarına da dərs olsun və tələb ediləni dinməzcə gətirib versinlər”.

Qeyd edək ki, soydaşımız o vaxt belə davam edərsə, bir sıra azərbaycanlı iş adamlarının pullarını və bizneslərini Ukraynadan çıxaracaqlarını, Ukrayna vətəndaşlığı olan bəzi azərbaycanlıların isə öz bizneslərini qorumaq üçün hansısa güclərə, vəzifəli şəxslərə sığınmaq məcburiyyətində qalacaqlarını, bununla da bizneslərinin böyük bir hissəsindən imtina etməli olacaqlarını da söyləmişdi…

Onu da vurğulayaq ki, Strateq.az-a Ukraynadakı mənbələrdən verilən məlumata görə, bir müddət əvvəl Dnepropetrovsk şəhərində əslən Goranboydan olan Firuz İbrahimovla həmyerlisi Qulam Ələkbərov, eləcə də son günlər Ukrayna vətəndaşı Nazim Qəzənfərovla Bakıdakı iş adamları arasında mətbuata ötürülən konfliktin görünməyən üzündə də əslində məhz yuxarıda qeyd etdiyimiz amillər durur.

Hazırda bununla bağlı daha detallı araşdırma aparırıq, yaxın günlərdə onu oxuculara təqdim edəcəyik.

Hələliksə, qısaca olaraq onu deyək ki, həmyerlilərimiz arasında sonu faciəyələ, amansız düçmənçiliklə bitən bir çox konfliktlərin yaranma səbəbləri həm də buradan gedən bəzi iş adamlarımızın tez-tələsik yaxından tanımadıqları şəxslərlə biznes münasibətləri qurmağa can atmaları və son nəticədə də dələduzların cənginə keçmələridir…

Əlbəttə, çox yaxşı olardı ki, iş adamlarımız, sahibkarlarımız hüququn, qanunların deyil, daha çox kriminal meyllərin üstünlük təşkil etdiyi Ukrayna, Rusiya kimi ölkələrdə yaxından tanımadıqları şəxslərlə iş ortaqlığından çəkinsinlər, münasibətlərini bələd olduqları və əlaqələrini, çevrələrini tanıyıb-bildikləri insanlarla daha sağlam təməllər üzərində qurmağa üstünlük versinlər… Çünki bu, hələlik onları yad ölkələrdə daha böyük təhlükələrdən qoruyacaq yeganə etibarlı vasitədir!
Tarix: 19-05-2017, 16:46
Xəbəri paylaş





Xəbər lenti