"Mən hər zaman öz mövqeyimi bildirən bir adamam. Azərbaycan cəmiyyəti məni yaxşı tanıyır, həmişə dövlətçiliyə bağlı olmuşam, müstəqilliyə səs vermişəm.
Bütün çıxışlarım və fəaliyyətim göz qabağındadır. Bu, ola bilsin ki, kiminsə sifarişidir”.Bu fikirləri BakiPost.az-a millət vəkili Vahid Əhmədov "Yeni Azərbaycan” qəzetində barəsində dərc olunmuş "Vahid Əhmədovun görünən və görünməyən üzü” başlıqlı tənqidi məqalə ilə bağlı münasibət bildirərkən deyib. V.Əhmədov sözügedən qəzetin baş redkatoru, həmkarı Hikmət Babaoğlu ilə də araısnda hər hansı problem olmadığını açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, bu sifarişin hökumət üzvlərindən gəldiyinə inanmır: "Mənim hökumət üzvləri ilə normal münasibətlərim var, "Şöhrət” ordeni almışam.
Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir. Kimin mövqeyi nədən ibarətdir, özü bilər. Mən mətbuata, insanlara açıq adamam, əhali ilə təmasdayam. Jurnalistlər hamısı məni yaxşı tanıyır”.
Deputat bu məqalənin son zamanlar bank sektoru ilə bağlı etdiyi çıxışlardan irəli gəlməsi ehtimalına belə münasibət bildirib:
"Mən bank sektorunda baş verənlərdən danışıram, hökumətə təkliflərimiz olur. Prezidentin tapşırığı ilə bankların sağlamlaşdırılması istiqamətində iş gedir, bizim də öz təkliflərimiz olur”.
Dövlət qəzeti olan "Yeni Azərbaycan”da dərc edilmiş irihəcmli məqalədə bildirilir ki, o, qəzetlərə, saytlara tez-tez müsahibələr verməyi çox xoşlayır, vaxtaşırı televizor ekranlarında görünür.
Sitat: "Vahid Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib. Respublikamızda məlum siyasi hadisələr baş verib. Vahid Əhmədov isə bir qayda olaraq öz havasını çalıb, mahnısını oxuyub və şəxsi mənini həmişə kölgədə saxlamağı bacarıb. Adam bir şəxsin hamının "dostu” olmasına heyrət etməyə bilmir.
Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatının önündə gedən "azadlıq, müstəqillik” aşiqinə çevrildi, gah "mütəllibovçular komandasında” yer aldı, gah da "cəbhəçilər”in, "müsavatçılar”ın qanadının altına sığındı, onlardan vəzifə aldı.
Son illərdə verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır”.
Həmin məqalədə V.Əhmədovun keçmişi və fəaliyyətinə ekskursiya olunub, ittihamlar irəli sürülüb:
"İqtisadi "mülahizələrində” hər zaman sətiraltı da olsa təxribata meyillənmək, ara qızışdırılmasına xidmət etmək, arxasında heç bir nəzəri və praktik əsasın dayanmadığı halda hər şeyi qara rəngə boyamaq, bir sözlə, "zorən iqtisadçı” vəzifəsini həyata keçirmək Vahid Əhmədovun "iqtisadi-siyasi” fəaliyyətinin özəyini təşkil edib və hazırda da etməkdədir.
Bu mənada, "yarımçıq və qərəzli iqtisadçılığı”nı özünə "siyasi zireh” edən Vahid Əhmədovun müstəqilliyin ilk illərində Azərbaycanın siyasi hakimiyyətinə necə yol tapması özü sual doğururdu. Bu, çox maraqlı bir detaldır və əslində prosesə nəzər saldıqda tarixi xronologiya özü V.Əhmədovun kimliyini ortaya qoyur.
Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün "iqtisadi proqnozlar” verməyə mənəvi haqqının çatmadığının şahidi oluruq”.
Siam.az
Tarix: 19-05-2017, 21:24