“Arxivlər açılmalıdır, heç bir təhlükə yoxdur və olmayacaq”- ASLAN İSMAYILOV
“Bu gün keçmiş MTN agentlərinin adlarının açıqlanması məsələsi ciddi müzakirə olunur, bu barədə bir-birinə əks olan fikirlər söylənilir. Qarnına ağrı düşənlər bunun Azərbaycanda vətəndaş müharibəsinə gətirəcəyini, bir qismi dövlət təhlükəsizliyi bundan zərər çəkəcəyini bildirirlər. Ömrünün 34 ilini hakim, məhkəmə sədri, prokuror, Prezident apaparıtının dövlət-hüquq şəbəsinin baş məsləhətçisi, vəkil işləmiş, daim ictimai fəaliyyətlə aktiv məşğul olmuş şəxs kimi bildirirəm ki, bu fikirlər tam əsassızdır və əksinə dövlət və milli mənafeyimizin qorunması üçün həmin adlar açıqlanmalıdır”.Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquqşünas-vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsindəki statusunda yazıb.
O, qeyd edib ki, çoxları bilərəkdən bu şəbəkənin adamlarını – agentləri (ifadəyə görə üzr istəyirəm el dilində “suka” adlananları) kəşfiyyatçılarla dəyişik salırlar.
Onun sözlərinə görə, birincisi, söhbət kəşfiyyat və əks kəşfiyyatda işləyənlərdən getmir və heç kim o adların açıqlanmasını tələb etmir.
“Söhbət SSRİ dövründə yaradılmış milli mənafe ifadə edən, rəsmi ideologiyadan fərqli düşünən şəxsləri təqib etmək üçün yaradılmış xəbərçi, cuğul, “suka”, “stukaç” dəstəsindən gedir. Onların içində hələ SSRİ dönəmindən bu vəzifəni daşıyıb, bu gün də siyasi, ictimai sektorda cürbəcür fəaliyyət göstərən şəxslər var.
Məhz bu şəxslərin Azərbaycanda siyasi, ictimai sektorun məhv edilməsində, insanların gözündən düşməsində xüsusi rolu var. Nə qədər ki, bu adlar açıqlanmayacaq, rəsmilərin bu tip insanlardan öz şəxsi mənafeyi üçün istifadə etməsi qadağan olunmayacaq, Azərbaycanın heç vaxt gələcəyi olmayacaq.
Bu gün sərhəd bölgəsində baş vermiş satqınlıq, milli faciənin də başlanğıcı həmin adamlardan gəlir. Məhz bu tiplər Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi çox dahiləri məhv etdilər.
1992-ci ildən səsləndirdiyim fikiri bir daha təkrar edirəm bu sahənin arxivləri açılmalıdır, heç bir təhlükə yoxdur və olmayacaq…”-A. İsmayıov sonra sözlərinə əlavə edib.
Siam.az
Tarix: 19-05-2017, 21:56