Hökumətdən islahat qərarı: Start verilir?

Hökumətdən islahat qərarı: Start verilir? Sərdar Cəlaloğlu: “İslahatlar aparılmasa çöküş davam edəcək”

Vüsal Qarayev: “İslahatlara mane olan şəxslər iş başındadır”

Əli Orucov: “İslahatın alternativi yoxdur”


Ölkənin ağır böhran keçirdiyi bir dönəmdə hər kəs hökumətdən struktur, kadr islahatları gözləyir. Böhranın ilk vaxtlarında hökumət buna cəhd etdi. Ən azı islahatı imitasiya etdi. Lakin ciddi islahatlar aparılmadı. Bu müddət ərzində bir neçə qurumun ləğv olunmasının şahidi olduq, ancaq sonradan ləğv olunan qurumlarının yerinə eyni funksiyanı daşıyan başqa qurum yaradıldı. Yəni, qurumların yalnız adı dəyişdi, mahiyyət etibarı ilə isə heç bir dəyişiklik baş vermədi. Ancaq bütün bunlarla yanaşı hökumət rəsmiləri yaxın günlərdə ciddi islahatların gedəcəyi anonsunu da verdilər.

Belə ki, Hesablama Palatasının apardığı son yoxlamalarda bir sıra dövlət qurumlarında büdcə vəsaitlərinin mənimsənilməsi halı aşkarlandı. Palata apardığı yoxlamaların nəticəsi haqqında Milli Məclisə və digər aidiyyatı qurumlara məlumat verib. Ekspertlər hesab edir ki, bu yoxlamaların nəticəsində qanunsuzluqlar baş verən qurumlar haqqında müəyyən ölçülər götürüləcək.

Digər tərəfdən Palatanın apardığı yoxlamalar nəticəsində dövlət büdcəsini mənimsəyən 14 İcra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və figər bir sıra dövlət qurumlarının adı var. Adı çəkilən qurumların aparılacaq islahatların ilk qurbanına çevrilməsi istisna olunmur.

Ekspertlər hesab edirlə ki, hazırda hökumətin islahatlara getməməsinin səbəbi ölkədə IV İslam Oyunlarının keçirilməsi ilə əlaqədardır. Məlumatlara görə İslamiadadan sonra hökumət islahat prosesinə start verəcək. Hökumətin islahat hədəfində isə ilk olaraq yararsız büdcə təşkilatları, bir-birini təkrarlayan dövlət qurumları və əsasən İcra hakimiyyətləri olacaq.

Ümumiyyətlə, iqtisadçılar hesab edir ki, hökumətin idarəetmənin sadələşdirilməsinə keçidlə bağlı müəyyən problemləri olsa da bu proses yaxın günlərdə başlayacaq. Siyasilər isə hökumətin islahat proqramına o, qədər də optimist yanaşmır.

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında hökumətdən heç bir islahat gözləmədiyini deyib: “Azərbaycan hökumətin nə islahat həyata keçirmək fikri, nə də qabiliyyəti var. Hökumət ümumiyyətlə islahata getməyi təsəvvürünə belə gətirmir. İslahat haqqında səslənən fikirlər isə yalnız vətəndaşların başını qatmaq üçündür. İslahatlar aparılmasa çöküş davam edəcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə struktur islahatları üçün ilk növbədə kadr islahatlarına ehtiyac olduğunu dedi:

“Uzun illərdir ki, hökumət islahatlar sözü verir. Lakin göründüyü kimi ölkə siyasi-iqtisadi böhran içərisində boğulur, vəziyyət ildən-ilə ağırlaşır. İslam oyunlarından sonra da heç nə dəyişməyəcək, heç bir islahatdan söhbət gedə bilməz. Çünki hakimiyyət daxilində ciddi dəyişikliklər, kadr islahatları aparılmayıb. İslahatlara mane olan şəxslər, qüvvələr iş başındadır. Ölkədə islahatların aparılması üçün birinci növbədə kadr islahatları zərurətdir”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi şurasının üzvü Əli Orucov da bildirib ki, hökumətin isahata getməkdən başqa yolu yoxdur: “Dəfələrə demişəm ki, bu hökumət islahat hökuməti deyil. Buna görə də islahat olmayacaq. Azərbaycan hökuməti islahata gedə bilməz. Çünki hökumət islahata gedəcəksə özünü çox təhlükəli vəziyyətə salacaq. Bu baxımdan da Azərbaycan hökumətinin islahata getməsini gözləmirəm. İslahatlar baş verməsə isə ölkədə gərginlik daha da artacaq. Problemlər dərinləşəcək. Bu isə sosial partlayışa və digər təhlükəli proseslərə yol açacaq. Hökumətin çıxış yolu islahata getməkdir. Bunun alternativ yolu yoxdur”.

Ulus.Az
Tarix: 19-05-2017, 22:00
Xəbəri paylaş





Xəbər lenti