Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev ölkənin bir çox dövlətlərin və siyasi dairələrin maraq dairəsində olduğunu deyib. Rusiya post-sovet məkanında tanınmamış respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının irəli sürüb. Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır. Hərbi ekspert Donbasın azad edilməsi üçün “lokal müharibə” taktikasını təklif edib.
"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz qiymətini verəcək".
“Ermənistan ordusunda zabitlər əsgərləri öldürür, bir sözlə qırğın gedir”. Bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen Mxitaryanın valideynləri deyir. Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır.
Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını gizlətməyə çalışır. Lakin dünən bu ölkənin “Johovurd” qəzeti 2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu yazıb.
Bu statistika ictimaiyyətə məlum olan informasiyalar əsasında hazırlanıb. Reallıqda isə itkilərin sayı daha çoxdur.
Ermənistan prezidenti Serj Sarkisyanın orduya yeni əsgərlərin çağırılması ilə bağlı imzaladığı fərman erməni cəmiyyətində narazılıq yaradıb. Erməni hüquq müdafiəçisi Ruben Martirosyan Sarkisyanın cavab verməli olduğunu deyib: “Əgər Serj Sarkisyan çğaırış haqda fərman imzalayırsa, paralel olaraq itkilər haqda cavab verməlidir. Çünki aprelin 20-dən mayın 14-nə qədər orduda 11 əsgər ölüb.
Onun sözlərinə görə, əsas günahkar Sarkisyan və mövcud sistemdir: “Bu sistemə prokurorluq, istintaq idarəsi, hərbi polis daxildir. Hansı ki, onlar orduda qətllərin qarşısını almaq üçün yaradılıb, lakin bunun əksini edirlər. Ordu tamamilə korlanıb və uçuruma düşüb. Bizim hərbi hissələrdə nizamnamə yerinə “oğru” qanunları işləyir. Əsgərlər döyuülür, zorla “sındırılır”. Sarkisyan da ordudakı biabırçı vəziyyəti bilir, lakin görünür, heç nə etmirlər”.
Hüquq müdafiəçisi qeyd edib ki, belə davam edərsə, orduya əsgər aparmağa adam tapılmayacaq.
Rusiya post-sovet məkanında tanınmamış respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının irəli sürüb. Bu ideyanı mayın 18-də separatçı “Luqansk xalq respublikası”nın rəhbəri İqor Plotnitski səsləndirib.
Lakin ekspertlər hesab edir ki, bu, Kremlin ideyasıdır. Dumanın MDB ilə işlər üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də bildirib ki, bu ideya yeni deyil: “Rusiya 2000-ci illərdən başlayaraq, Abxaziya və Cənubi Osetiya ilə birlikdə bu ideya üzərində işləyirdi”.
Burada Azərbaycan üçün ən təhlükəli məqam işğal edilmiş Dağlıq Qarabağda yaradılan qondarma “DQR” rejiminin də “Yeni MDB” ittifaqına daxil olması ehtimalıdır.
Almaniyanın xarici işlər naziri Siqmar Qabriel İncirlik böhranın pərdəarxasını izah edib. Vaşinqtona səfəri zamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışında İncirlik böhranının həlli üçün Türkiyənin irəli sürdüyü şərti açıqlayıb.
Türkiyənin hərbi kəşfiyyat mütəxəssisi, ehtiyatda olan general Fəxri Erenel deyib ki, Almaniyanın İncirlik hərbi hava bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi blefdir. General fikrini sübut etmək üçün 4 səbəb göstərib.
PKK terror təşkilatının “azad edilmiş bölgə” adlandırdığı Kato dağında keçirilən əməliyyatda təşkilatın 53 sığınacağında müxtəlif model 648 silah və tonlarla sursat ələ keçirilib. Ələ keçirilən silahlar və sursat İsrail, ABŞ, Fransa və İtaliya da daxil olmaqla 19 ayrı ölkədə istehsal olunub.
PKK-nın mağaralarında ələ keçirilən silah və sursatların istehsalçısı olan ölkələrin tam siyahısı isə aşağıdakı kimidir.
Ərdoğanın ABŞ-da “YPG və PYD-dən (PKK-nın Suriya qolu) Türkiyəyə hər hansı bir hücum olarsa, heç kimdən soruşmadan “angajman qaydalarını” (hərbi gücün tətbiqi) tətbiq edəcəyik” mesajından sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçib. Türkiyə Ordusu istənilən hücum təhlükəsinə qarşı hər cür əməliyyatlar üçün hazır vəziyyətə gətirilib.
“Anadolu” agentliyinin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Suriya və İraq sərhədində terror təşkilatı PKK/YPG/PYD-dən hələ biləcək mümkün hücuma sərt cavab veriləcək. Hərbi Hava Qüvvələri Komandanlığı hava əməliyyatlarına, quru qoşunlar isə yerüstü əməliyyatlara hazırlanıb. Əməliyyatların sərhəddən uzaqda, yəni Suriya və İraqda keçiriləcəyi də mümkündür. Quru qoşunlarının bəzi birlikləri sərhəd bölgəsinə yerləşdirilib.Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar da Türkiyə Silahlı Qüvvələrinin hərbi texnikanı sərhəddə ön cəbhəyə yerləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyatlar hər an başlaya bilər.
“Əməliyyat hazırlığı var. Əgər sərhədə qoşun və texnika yeridilirsə, bunun mütləq nəticəsi olacaq”, - deyə o bildirib.
ABŞ-ın hərbi təyyarələri Suriya vətəndaşlarını vurur. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qatilov Cenevrədə jurnalistlərə açıqlamasında deyib.
“ABŞ Suriyanın suverenliyinə əngəl törədir, hadisələrin siyasi həll tapmasına imkan vermir”, - deyə o bildirib.
Qeyd edək ki, dünən Suriya dövlət televiziyası ABŞ-ın Suriyanın Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid hərbi qüvvələri vurması ilə bağlı məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, ABŞ-ın Suriyanın hökumət güclərinə zərbəsi qeyri-qanunidir və Suriyanın müstəqilliyini pozur. “ABŞ Suriyaya zərbələrinə belə bəraət qazandırmağa çalışır ki, hökumət gücləri Amerika hərbçiləri ilə əməkdaşlıq edən müxalifət qüvvələrinə təhlükə yaradırdı. Bu zərbələr Suriyanın müstəqilliyini pozur, qeyri-qanuni və növbəti kobud pozuntudur”, - Lavrov jurnalistlərə deyib.
“Anti-terror gücləri Donbasın işğal edilmiş ərazilərinin azad edilməsi üçün tammiqyaslı hücuma keçə bilmir. Amma problemin həllinin başqa taktikası mövcuddur”. Bunu “Obozrevatel” nəşrinə şərhində hərbi ekspert Sergey Qrabskiy deyib.
“Tammiqyaslı döyüş əməliyyatlarını keçirmək olmaz, amma lokal əməliyyatlar keçirmək, rəqibin əsas nöqtələrinə təzyiq göstərmək tamamilə mümkündür. NATO-da da bunu öyrənirlər”, - hərbi ekspert hesab edir.
Onun sözlərinə görə, bu taktika rəqibin müdafiəsini kifayət qədər zəiflədəcək.
ABŞ senatorları Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qətnamənin müzakirəsinə başlayıblar. Qətnamə senatorlar Dino Heller, Lindsi Qrem, Ted Kruz və Mark Rubio tərəfindən hazırlanıb.
“ABŞ gərək Qüdsü həm de-yure, həm de-fakto İsrailin paytaxtı kimi tanısın. ABŞ-ın İsraildəki səfirliyi də həmçinin Qüdsə köçürülsün”, – qətnamədə bildirilib.
Qeyd edək ki, bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp da ölkənin səfirliyinin Qüdsə köçürüləcəyini açıqlamışdı.
Daha əvvəl ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırıblar. Ağ Evdəki mənbələr bildirir ki, Tramp hələ Qüds üzrə müəyyən qərara gəlməyib.
İranda bu gün prezident seçkiləri keçirilib. İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır: hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.
Qeyd edək ki, İranda prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.
Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib.
Dünyanı ABŞ-la nüvə müharibəsinin bir addımlığına gətirən Şimali Koreya son vaxtlar bir-birinin ardınca həyata keçirdiyi raket sınaqlarını paytaxt Pxenyanda təntənə ilə qeyd edib. “Hwasong-12” raketini hazırlayan qrup Pxenyanda minlərlə insan tərəfindən qarşılanıb.
Ölkənin ən uzun mənzilli raketi olan “Hwasong-12”-nin atışı mayın 14-də həyata keçirilib. Nüvə başlığı daşıya bilən raket 2 min 100 kilometr yüksəkliyə çataraq 787 kilometr məsafəni qət edib və Yaponiyanın qərb sahillərinə düşüb.
ABŞ-ın tanınmış "beyin mərkəzi" olan"Stratfor" Şimali Koreyanın atdığı raketlərin hansı ölkələri təhdid etdiyini göstərən yeni bir xəritə dərc edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor”un xəritəsinə görə, Şimali Koreyanın bir başqa uzunmənzilli raketi olan (8 min kilometr) “Taepodong 2” ilə Türkiyə, Almaniya, İngiltərə ilə birlikdə ABŞ-ın qərb ştatları vurula bilər. Raket üzərində iş hələ tamamlanmayıb. Şimali Koreyalı mühəndislər layihə üzərində işi davam etdirirlər.
Vaşinqton Şimali Koreya və ABŞ arasında nüvə gərginliyini artıracaq yeni bir addım atır. “USS Carl Vinson”dan sonra “USS Ronald Reagan” təyyarədaşıyan gəmi də Koreya yarımadası sahillərində hərbi təlimlərə qatılacaq.
“USS Ronald Reagan” təyyarədaşıyan gəmisinin Koreya yarmadası sahillərinə göndərilməsi barədə qərar Şimali Koreyanın yeni raket sınağından sonra verilib.Ömər Dağlı
Tarix: 19-05-2017, 23:05