Keçmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən məhkəmə prosesində bəzi agentlərin kod adları, bəzilərinin isə adları mediada yayılıb. Hansı ki, bu məsələ günlərdir mətbuatda müzakirə olunmaqdadır. Çünki əksər ekspertlər istintaq materiallarının mətbuata ötürülməsi və MTN agentlərinin adının açıqlanmasını dövlət sirrinin yayılması kimi xarakterizə edirlər. O cümlədən, Dövlət Təhlükəsizlik Xidməti (DTX) də agentlərin adının açıqlanmasının yolverilməz olduğu və bu məsələ ilə bağlı araşdırma aparıldığını bəyan edib.Media üzrə hüquqşünas Ələsgər Məmmədli isə “Yeni Müsavat”a açıqlamasında deyıb ki, yayılan informasiyaların dövlət sirri olduğuna inanmır: ““Dövlət sirri haqqında” Qanunun 7-ci maddəsində deyilir ki, hüquq pozuntularına dair informasiyalar dövlət sirridirsə, məxfiləşdirilə bilməz. Mətbuatda müzakirəsi gedən, işdə də konkret hüquq pozuntularının ortaya çıxması faktları var. Bu da o deməkdir ki, həmin məlumatlar dövlət sirri kimi qorunmur. Yayılan məlumatlarda dövlət sirri olsaydı belə, media yaya bilərdi. Çünki həmin məlumatlar nəticə etibarı ilə mediaya gəlib çatıb. Digər tərəfdən, mətbuatda yayılan informasiyalarda hər hansı bir sənədə istinad yoxdur. Qeyri-müəyyən hərf birləşmələri var, bunlar da dövlət sirrini formalaşdıra bilməz”.
Mövzu ilə bağlı milli təhlükəsizlik nazirinin müavini vəzifəsində işləmiş Sülhəddin Əkbər Hurriyyet.org-un suallarını cavablandırıb:
- Ələsgər Məmmədlinin dedikləri mətbuat hüququ baxımından doğru ola bilər. Yəni söhbət dövlət sirrinin yayılmasından gedirsə, ya dövlət, ya hərbi, ya da xidməti sirr olsun, o sirri yayan mənbə buna cavabdehdir, mətbuat orqanı yox.
- Sizcə, agentlərin kod adlarının və yaxud həqiq adlarının açıqlanması dövlət sirridirmi?- Bəli, xüsusi xidmət orqanlarının məxfi əməkdaşları, yəni agentura əməliyyat işi dövlət sirridir və bunun yayılması da qanunamüvafiq şəkildə cəzalandırılmalıdır. Söhbət mətbuat hüququndan getmir. Söhbət o sirri saxlamalı olan orqanın o sirri yaymasından gedir. Burada təbii ki, xüsusi xidmət orqanının xüsusi təhqiqatı aparılmalıdır. Burada qanun pozuntusuna yol verən xüsusi xidmət orqanlarının əməkdaşları və istintaq orqanıdır. Günahkarlar üzə çıxarılmalıdır.
- İddia olunur ki, dövlət sirri haqqında qanunun 5-ci maddəsinə əsasən, milli təhlükəsizliyimizi təhdid edən hal yoxdursa, hansısa qrupun siyasi və iqtisadi məqsədlərini qorumaq, kimlərsə dövlət sirri kateqoriyasına girə biləcək çərçivəyə alınaraq agent və yaxud etibarlı şəxs kimi qanunsuz istifadə olunubsa, burada dövlət sirrindən söhbət gedə bilməz...- Söhbət həqiqətən də qanunsuz fəaliyyətdən və yaxud da təyinatına uyğun olmayan istifadədən gedirsə, bu, artı başqa huqüqi bir məsələdir. Hüquqi baxımdan, bu başqa bir tərkib yaradır. Ona görə də bu məsələlər həssaslıqla, dəqiqliklə araşdırılmalıdır və obyekiv, hüquqi qiymətini tapmalıdır. Amma söhbət məxfi əməkdaşın adının açıqlanmasından gedirsə, bəli, bu dövlət sirrinin açıqlanmasıdır və ona cavadeh ona şəxslər də qanun qarşısında cavab verməlidir. Həqiqtən də məxfi əməkdaşın özünün fəaliyyətində qanun pozuntusu varsa və araşdırma nəticəsində bu qanun pozuntusunda cinayət tərkibi ortaya çıxıbsa, təbii ki, bu da huqüqi qiymətini almalıdır. O halda məhkəmə açılır və məhkəmə qapalı keçirilməlidir.
- Agentlərin kod, yaxud həqiqi adlarının açıqlanması təhlükəsizliyimizə zərbə vurur?- Birincisi, hansı xüsui xidmət oranının məxfi əməkdaşlarıdırsa, həmin xüsusi xidmət orqanı həmin əməkdaşlarını itirir, çünki de-şifrə olunurlar, açıqlanırlar və onlar artıq itirilmiş sayılırlar. İkincisi, yenilərinin məxfi əməkdaşlığa cəlb olunması çətinləşir. Çünki onlar görürlər ki, adlarının gizli qalmasının möhkəm təminatı yoxdur, açıqlanan adamlar kimi, zamanı gələndə onların da adları açıqlana bilər. Bununla da xüsusi xidmət orqanları nüfuzdan düşür, onlara qarşı inam itir. Bu da istər-istəməz həm kəşfiyyat, həm əks-kəşfiyat, həm də cinayət axtarış fəaliyyətinə mənfi təsir göstərir. Digər tərəfdən, agentlərin adlarının açıqlanmasının sosial-psixoloji problemləri var. Adı açıqlanan şəxsin təkcə özündən söhbət getmir ki, ona ailə üzvləri, yaxın qohumları, çevrəsi var, həmin şəxsə cəmiyyətdə münasibət dəyişir. Həmin məxfi əməkdaş xüsusi təhlükəli istiqamətlərdə fəaliyyət göstərirsə, hətta onun həyatına təhlükə də yarana bilər. Çox həssas məsələdir, çoxsaylı problemləri var. İstənilən halda məxfi əməkdaşın adı məxfi saxlanılmalıdır. Adından da göründüyü kimi, məxfi əməkdaşdır və bu tipli fəaliyyətə cəlb olunub. Təbii ki, bütün bu fəaliyyət qanun çərçivəsində aparılmalıdır. Qanun pozuntusu aşkar olunanda da qanunamüvafiq tədbirlər görülməlidir. Söhbət xüsusi xidmət orqanının qüvvədə olan qanunları çərçivəsində fəaliyyətindən gedir.
- Sizcə, indiki halda bu məlumatı yaymaqda kimlər maraqlı ola bilər?- Ondan ötrü xüsusi araşdırma aparmaq lazımdır. Kənardan baxıb demək olmaz ki, bunun yayılmasında kim maraqlıdır. Yəni pozitiv yanaşsaq, ola bilər ki, heç məqsəd olmayıb, sadəcə olaraq qeyri-peşəkarlıq, məsuliyyətsizlik olubdur. Amma hər hansı bir məqsəd varsa və bu məqsədin də qarşısında şəxs və qrup dayanırsa, bu artıq araşdırılmalıdır. Artıq Dövlət Təhlükəsizlik Xidməti bu faktla bağlı cinayət işi qaldırılması haqda cəmiyyətə açıqlama verib.
- Yəni bu adların məqsədli şəkildə açıqlandığını istisna etmirsiniz...
- Bu, bir ehtimaldır. Təbii ki, o ehtimal da araşdırılmalıdır.- Sülhəddin bəy, MTN generalı Akif Çovdarovun işində də agentlərə ayrılan vəsaitin mənimsənilməsi ittihamı var. Maraqlıdır ki, Akif Çovdarovun işində heç bir agentin adı açıqlanmır, ancaq Elçin Quliyevin işində açıqlanır. Sizcə, bu nə ilə bağlıdır?
- İstənilən “niyə?”, “nə cür?”, “nə zaman?” suallarına cavab tapmaq ancaq xüsusi araşdırma tələb edir. Elə buna görə, xüsusi xidmət orqanında daxili araşdırma aparılmalıdır. Daxili araşdırma nəticəsində qanun pozuntuları, cinayət tərkibi ortaya çıxarsa, artıq istintaq işi başlanmalıdır. Anladığım qədər burada qanun pozuntusu olub ki, Dövlət Təhlükəsizlik Xidməti artıq fakt üzrə cinayət işi başlayıb. Cinayət işi hərtərəfli və obyektiv aparılarsa, dediyiniz bütün suallara istintaq prosesində cavab verilməlidir. Mətbuat bu işi nəzarətdə saxlamalıdır və Dövlət Təhlükəsizlik Xidməti də bu işi hərtərəfli və obyektiv araşdırmalıdır. Təbii ki, məhkəmə prosesində sizin verdiyiniz suallar öz cavabını tapa bilər.
- Ümumiyyətlə, dövlət təhlükəsizliyi baxımından, bu proseslərdə “Dövlət sirri haqqında” Qanuna əməl olunur?- Dediyim kimi, bu araşdırma və istintaq oranının işidir, ya daxili təhqiqat aparılmalıdır, ya da istintaq prosesi getməlidir. Kənardan qiymətləndirmə obyektiv yanaşma deyil. Çünki bu həm peşəkar hüquqi yanaşma, həm də həmin sahədə xüsusi qanunvericiliyi, normativ aktları bilməyi tələb edir. Bu istintaqı kimsə aparsa, o artıq bu sahədə olan bütün qanunverici və normativ sənədləri bilməlidir, bilməsə, istintaqı hərtərəfli və obyektiv apara bilməz. Ona görə də bu işi Dövlət Təhlükəsizlik Xidməti başlayıb. Çünki Dövlət Təhlükəsizlik Xidmətinin istintaq idarəsi bu işə peşəkar qiymət verə bilər.
Tarix: 20-05-2017, 14:09