Niyaməddin Orduxanlı: “Heç SSRİ və digər imperiyalar Azərbaycanı tarix, siyasət səhnəsindən çıxarmağı bacarmadılar”
Əhməd Oruc: “Bu gün nə Rusiya, nə də İranın Azərbaycanı bölmək üçün real imkanları yoxdur”Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev etirazlara səbəb olan iddia ilə çıxış edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, o, total sosial-iqtisadi böhran içində olan Azərbaycanın Rusiya, İran və Türkiyə arasında bölüşdürüləcəyini bildirib. Əgər defolt baş verərsə, Azərbaycan Rusiya, İran və Türkiyənin maraqlarının toqquşduğu arenaya çevriləcək. Yenə 1993-cü ilə qayıdaq. Azərbaycan 1993-1996-cı illərə qədər müəyyən stabillik əldə edə bildi. Bu dəfə yeni bir şəxsiyyət ortaya çıxmasa, bu 3 ölkə Azərbaycanı öz maraqlarına uyğun böləcək. Amma ərazilərini yox, varidatını. Məsələn, tutaq ki, neftə Türkiyə sahib çıxacaqsa, qaza Rusiya sahiblənəcək. Ölkəyə ərzaq malları gətirmək isə İranın payına düşəcək. Yəni, Azərbaycanı belə bir qara perspektiv gözləyə bilər”, Rəsul Quliyev deyib.
Eks-spikerin iddiası ictimaiyyətin narazılığına səbəb olub. Fikir mübadiləsində iştirak edən bir sıra siyasət adamları bu açıqlamasını yaşlı Rəsul Quliyevin gündəmdə qalmaq cəhdləri kimi qiymətləndiriblər. Hesab oluna bilər ki, bu yanaşma doğrudur. Çünki hələ 1990-cı illərin sonlarında ölkədə davam edən böhranlı vəziyyətdən istifadə edərək, dövlətlə məxsus 3 milyon dolları oğurlayaraq, Amerikaya qaçan eks-spiker okeanın o tayında özünə dəbdəbəli həyat və iri biznes qura bildi.
Gözlənilməz qaçışdan sonra bütün fəaliyyətini biznes, alver və ticarətə yönəldən R.Quliyev siyasi səhnədən kənarlaşdı. Maddi imkanları genişləndikcə, Azərbaycana gəlib siyasi çevrilişlə hakimiyyəti ələ keçirəcəyini deyirdi, lakin bunların heç biri həyata keçmədi. Məqsədsiz eks-spiker bu məqsəsdi uğrunda ona yaxın siyasi partiya yaratdı, hər dəfə də uduzdu. Başqaları onun pul gücünə qurduğu stukturları ələ keçirdilər və Amerikadan göndərdiyi pulları darmadağın edib özünü də lüt-üryan ortada qoydular. İndi həmin siyasi partiyaların rəhbərləri Rəsul Quliyevin adı gələndə üzlərini əks istiqamətə çevirirlər. O, bu illər ərzində özünü alfons kişinin toruna düşmüş yaşlı və imkanlı qadın kimi göstərdi. “Yağlı balıq” da demək olar.
“Qocaldıqca nə danışdığını bilmir”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, bu, Rəsul Quliyevin ən biabırçı çıxışlarından biridir. Partiya rəsmisi bunun həmçinin utancverici və millətin başını aşağı əyəcək çıxış olduğunu da diqqətə çatdırıb:“Təəssüf edirəm ki, vaxtilə ölkənin siyasi rəhbərliyində təmsil olunmuş, hakimiyyətə iddialı bir şəxs Azərbaycan dövləti ilə bağlı belə bir xoşagəlməz mövqe sərgiləyir. Rəsul Quliyev narahat olmasın, Azərbaycan xalqını ən sərt və aqressiv rejimlər belə, parçalaya bilməyib. SSRİ və digər imperiyalar Azərbaycanı tarix, siyasət səhnəsindən çıxarmağı bacarmadılar. Görünür ki, 70-dən çox yaşı olan Rəsul Quliyev qocaldqıca, öz hərəkətlərini bilmir. Təəssüflə qeyd edirəm ki, dövlətin parçalanacağını iddia etmək, utancverici bir haldır. Yəqin ki, yaşlı Rəsul Quliyevin özü də nə danışdığını bilmir. Rəsul Quliyev, narahat olma, çox dövlətlərin belə arzuları olub, amma bunların hamısı ürəklərində qalıb. Rəsul Quliyevin də bu çirkin niyyəti ürəyində qalacaq”.
“Bu, belə adamlara xas simadır”Azadlıq Partiyasının sədri Əhməd Oruc “Cümhuriyət” qəzetinə Azərbaycan üçün parçalanmaq təhlükəsinin olmadığını deyib. Ə.Oruc eks-spikerin bu iddiasını əsassız hesab edib:“Bu iddianı əsassız hesab edirəm. Bəzən bir sıra siyasi xadimlər, tanınmış adamlar siyasi gündəmdə olmaq üçün onları maraqlı göstərəcək açıqlamlar verirlər və bununla da bir müddət gündəmi zəbt edirlər. Bu gün nə Rusiya, nə də İranın Azərbaycanı bölmək üçün real imkanları yoxdur. Türkiyə isə Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyini dəstəkləyən, heç bir mənfəət güdməyən yeganə dövlətdir. Türkiyəni Azərbaycana münasibətdə İran və Rusiya ilə eyniləşdirmək olmaz.
Ümumiyyətlə, heç bir ölkədən Azərbaycana qarşı belə bir təhlükə yoxdur. Digər yandan da Rəsul Quliyev kimi siyasətçilər olduqca, Azərbaycan üçün həmişə təhlükə olacaq. Belə adamlar həmişə öz mənfəətlərindən çıxış edirlər. Bir gün bir şəxs haqqında “peyğəmbər” deyib, səhəri gün onu “şizofren” adlandırmaq bu cür siyasətçilərə xas simadır. Ümumiyyətlə, Rəsul Quliyevin açıqlamalarına ciddi fikir verməyin tərəfdarı deyiləm”.
Mənsur
Tarix: 20-05-2017, 15:28