Bu yaxınlarda vəfat etmiş ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski və keçmiş dövlət katibi Henri Kissincer Amerikan diplomatiyasının sütunları hesab olunublar.
1990-cı ilin ikinci yarısından sonra – SSRİ-nin dağılmasıyla ABŞ dünyada yeganə super dövlətə çevrildi. Bjezinski və Kissincer dünyadakı ABŞ hegemoniyasını dəstəkləməkdən ötrü, demokratiyanın cazibədarlığını və Amerikan mədəniyyətini təntənəli şəkildə öyməyə başladılar.Bu düşüncə obrazı, beynəlxalq səviyyəli politoloq Cozef Nayın “Yumşaq güc” konsepsiyasına uyğun gəlir. Hərbi və iqtisadi qüdrətin təcəssümü olan “Bərk gücə” cazibədarlıq və əminlik kimi dəyərlər və ideyalar əlavə olunur. ABŞ-la bir sırada durmağa can atan Çində, məhz bu çatışmır.
İndi ABŞ-ın həmin dəyərli və güclü tərəfləri prezident Trampın hərəkətlərindən ziyan çəkir və eyni zamanda da dünyadakı sabitliyin pozulmasına yol açır. Paris iqlim müqaviləsindən çıxmaq ABŞ-ın liderliyinə zərbə vurur.
Avropaya səfəri zamanı Amerika lideri ilk plana öz ölkəsinin mühümlüyünü gətirərək, Almaniya ilə aralarındakı ticarət kəsirini tənqid etdi. O, həmçinin qlobal istiləşmə problemi və qaçqınlar məsələsində də Avropanın etibarını itirib. Ona görə də, Almaniya kansleri Merkel boş yerə deyinməyib: “Bizim başqa ölkəyə güvənəcəyimiz dövr bitib”.
2003-cü ildə İraq müharibəsinə görə, ABŞ ilə Fransa və Almaniya arasında fikir ayrılığı baş qaldırmışdı. Lakin münasibətlərdəki soyuqluq indi daha da güclənib.
Əgər Amerika-Avropa ittifaqı laxlayarsa, hansı risklər peyda ola bilər? Yaranmış indiki vəziyyəti, geosiyası mənzərəni nəzərə almaq şərti ilə analiz edək.
Bu məsələ ilə əlaqədar Zbiqnev Bjezinski maraqlı fikir söyləyib. Onun 20 il bundan öncə yazdığı kitabda Avrasiyanın şahmat taxtasına dönəcəyi və dünya hegemonluğu uğrundakı mübarizənin məhz bu məkanda cərəyan edəcəyi bildirilmişdi. O, həmçinin Rusiya və Avropa arasında qalmış Ukraynanın mühümlüyünü xüsusilə qeyd edirdi. Hətta Bjezinski yazmışdı ki, əgər Rusiya Ukraynanı öz nəzarətinə qaytara bilərsə, onda o, Avropadan Amerikaya qədər uzanan imperiyanı öz əlinə almaq imkanına yiyələnəcək.
Bir müddətdən sonra Rusiya hərəkətə gəldi. 2014-cü ildə o, Krımı ilhaq etdi və ruspərəst qücləri dəstəkləmək üçün Ukraynanın şərqində hərbi təcavüzə başladı. Qərb təcili surətdə etiraz səsini ucaltdı və bu günə kimi qüvvədə qalan iqtisadi sanksiyalar tətbiq etdi.
Rusiyanın əsas məqsədi postsovet məkanında öz təsir gücünü saxlamaq və NATO, Avropa Birliyinə qarşı duruş gətirmək üçün imperialist xüsusiyyətlərini gücləndirməkdən ibarətdir.
Hazırda Rusiya status-kvonu dəyişir və dünya nizamını dağıdır. Bu isə qonşu ölkələri bərk narahat edir. Keçən ay yapon jurnalistləri ilə görüşən Polşanın xarici işlər naziri Vitold Vaşikovskiy Rusiyanı tənqid edərək deyib ki, bu ölkə dünya sabitliyinə təhlükədir. O, Avropanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə çağırıb.
2016-cı ildə NATO ölkələri rəhbərlərinin görüşü zamanı, Polşa və Baltikyanı ölkələrə hərbi dəstələr göndərilməsi qərara alınıb. Yəni onlar Rusiya təhlükəsini nəzərə alaraq, NATO ölkələrinin müdafiəsini gücləndirməyə başlayıblar. Bu il keçirilən Brüssel sammitində iştirak edən ABŞ prezidenti Avropa ölkələrini məyuş etdi. Belə ki, o, NATO-nun kollektiv təhlükəsizliyi barəsində heç nə söyləmədi. Tramp alyansın bütün üzvlərinin məsrəflərinin eyni olmasında israr edir. Lakin Avropa bütün maraqların qorunmasının Tramp tərəfindən dilə gətiriləcəyini gözləyirdi.
Avropa və ABŞ, münasibətlər sisteminin necə tənzimləniləcəyi mexanizmini işləyib hazırlamayıblar. Əslində, bu, hələ NATO və Avropa Birliyinin genişləndirilməsindən öncə edilməliydi. Və nəticədə, bu, Rusiya ilə bağlı məsələdə fikir ayrılığına gətirib çıxarıb. Əgər bu cür atmosferdə Amerika-Avropa ittifaqı zəifləyərsə, onda Rusiya ilə münasibətlər daha da qeyri-sabit olacaq. Bu özünü Çin ilə əlaqələrdə də göstərəcək.
Obamanın müşaviri işləmiş Süzan Rays “The New York Times” qəzetində dərc etdirdiyi məqaləsində belə bir sual verir: ”Əgər Çin Cənubi-Çin dənizində amerikanların və onun asıyalı müttəfiqlərinin sərbəst hərəkətinə təhlükə törədərsə, onda avropalı müttəfiqləri “İlk öncə Amerika” söyləyən və NATO ilə bağlı verilən vədlərini pozan ABŞ liderinə dəstək verəcəklərmi?”
Rusiya və Çin münasibətlərindəki hesablar, olduqca mürəkkəb və incə siyasi məsələdir. ABŞ-Avropa və ABŞ-Yaponiya – bu iki ittifaq, bir-birindən ayrı deyil, vahid formada fəaliyyət göstərməlidir.
Əgər Yaponiya, ABŞ və Avropa qarşılıqlı və sıx əməkdaşlıq edəcəklərsə, onda bu, İkinci Dünya Müharibəsindən sonra azadlıq və demokratiyaya əsaslanan indiki dünya nizamına və onun qorunub saxlanılmasına yaxşı xidmət olardı. Əgər Yaponiya özünün ABŞ ilə diplomatik əlaqələrinə fəxrlə yanaşırsa, onda o, bunu qlobal diplomatiyaya da tətbiq etməklə, lider rolu oynamalıdır.
(Nihon Keydzay- Yaponiya)
Tarix: 13-06-2017, 20:27