BMT-nin adi silahlar haqqında reyestri 2016-cı ildə Rusiyanın Ermənistana satdığı silahların siyahısını təqdim edib. Rusiya prezidenti Vladimir Putin ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib. Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Amerika kəşfiyyatı israilli həmkarlarının köməyi ilə İŞİD terror qruplaşmasının planlarından xəbər tutub. SEPAH komandiri Tehranda terror aktlarının törədilməsi barədə təlimat verən ölkənin adını açıqlayıb.ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 10-da İrəvanda səfərdə oldular. Daha sonra işğal olunmuş Azərbaycan torpaqlarına səfər edən həmsədrlər iyunun 19-da Bakıya gələcəklər. Həmsədrlərin Xankədində qondarma “DQR”-in “bayrağı” altında əyləşərək, “prezident” Bako Saakyanla görüşməsi də onların mövqeyinin aydınlaşması baxımından çox şey deməkdir. Bütün hallarda regiona səfərin konkret nəticələri haqda iyunun 19-dan sonra danışmaq olar. Lakin rəsmi Bakı hələ ki, susur. Bakının susqunluğu isə Ermənistanda ciddi qorxulara səbəb olub.
Erməni siyasi şərhçi Naira Ayrumyan qorxu ilə iddia edir ki, Azərbaycanın B planının olması mümkündür.
“Bakının susqunluğu tufandan öncəki sakitliyə bənzəyir. Ola bilər ki, Azərbaycanın B planı mövcuddur. Türkiyə-Azərbaycan qoşunlarının Naxçıvanda Ermənistan sərhədinə yaxın ərazidə təlimlər keçirməsi də diqqət çəkir”, - deyə o bildirib. BMT-nin adi silahlar haqqında reyestri 2016-cı ildə Rusiyanın Ermənistana satdığı silahların siyahısını təqdim edib. Siyahıda öncədən məlum olan “Smerç”, “TOC-1A” ağır reaktiv artilleriya sistemləri, “Konkurs –M” tankəleyhinə raketlər və s. ilə yanaşı zenit-raket kompleksləri satılıb.
Ehtimal olunur ki, söhbət Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan “Verba” və “İqla-S” zenit-raket komplekslərindən gedir.Amerika “Showtime” kabel telekanalında amerikalı rejissor Oliver Stounun “Putinlə müsahibə” filminin birinci hissəsi çıxıb. Rusiya prezidenti sələfi Boris Yeltsinin ona baş nazir postunu təklif etməsindən və Rusiya-Amerika münasibətlərindən danışıb.
Bundan başqa, dövlət başçısı SSRİ-nin dağılması barədə fikirini izah edib (Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi faciəsi adlandırmışdı - red.) Həmçinin, Rusiya lideri öz qızları və nəvələrindən danışıb.
Prezident qeyd edib ki, Sovet İttifaqının dağılması haqqında fikirləri ilə əlaqədar öz ünvanına tez-tez tənqid eşidir.
“Əl-Qaidə” terror təşkilatı və Üsamə Bin Ladeni Birləşmiş Ştatların özü böyütdü”. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
Rusiya prezidentinin sözlərinə görə, hər şey SSRİ-nin Əfqanıstanda apardığı müharibə vaxtlarından başlandı.
“Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunları ilə mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəkləyirdilər. “Əl-Qaidə”ni və Bin Ladeni amerikalıların özləri böyütdülər”, - o bildirin.
Putin həmçinin qeyd etdi ki, artıq hər şey ABŞ-ın nəzarəti altından çıxıb. “Bu, həmişə belə olur. Bizim ABŞ-dakı partnyorlarımız bu haqda bilməyə məcburdur. Bu, onların günahlarıdır”, - Rusiya prezidenti yekunlaşdırıb.
Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti “Dragos” kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib.
Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir. İddia edilir ki, “Dragos” tədqiqatçıları tərəfindən “CrashOverride” adı verilən kibersilahdan yalnız bir dəfə - ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işini pozmaq üçün istifadə edilib.
“Bu, oyunu dəyişdirəcək”, - tədqiqat mərkəzinin direktoru Sercio Kaltadjirone bildirib.
“Dragos”un mütəxəssisləri kibersilahın yeni növündən ABŞ-a qarşı da istifadə olunacağını istisna etmirlər.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis ölkənin döyüş hazırlığının aşağı olduğunu bildirib. Pentaqonun rəhbəri bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində keçirilən dinləmələrdə deyib.
“ABŞ-ın müdafiə naziri Ceyms Mettis ifadə verir. O qeyd edir ki, ABŞ-ın döyüş hazırlığının aşağı səviyyəsi ilə şoka düşüb”, - agentlik rəsmi Tvitter hesabında yazıb.
ABŞ-ın müdafiə naziri daha əvvəl raket əleyhinə müdafiə üzrə milli proqrama yenidən baxılması barədə göstəriş verib.
Pentaqon rəhbəri həmçinin böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya, ABŞ və Çin arasında hərbi qarşıdurma başlaya bilər.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkə ilə imzaladığı 100 milyard dollarlıq silah razılaşmasının detalları ortaya çıxıb. “Defense News” nəşri razılaşmanın detallarını dərc edib.Nəşrin xəbərinə görə, 2023-2036-ci illər arasında Səudiyyə Ərəbistanına 13,5 milyard dollar dəyərində 7 THAAD hava hücumundan müdafiə batareyası göndəriləcək. ABŞ 5 milyard dollarlıq 5 fərqli ağıllı sursat satacaq, eyni zamanda “Patriot” raket hücumundan müdafiə sistemlərini 7 milyard dollara modernləşdirəcək.
16 milyard dollar KC-130, C-130 Hercules və F-15 tipli təyyarələrə, 6 hərbi gəmi üçün isə 6 milyard dollar ödəniləcək.
Amerika kəşfiyyatı israilli həmkarlarının köməyi ilə İŞİD terror qruplaşmasının planlarından xəbər tutub. “Nyu York Tayms” nəşri xəbər verir ki, söhbət noutbuklardan bomba kimi istifadə etməklə təyyarələrin partladılması planlarından gedir.
Nəşr Amerika nümayəndələrinə istinadən qeyd edir ki, İsrailin kibertəhlükəsizlik sahəsində mütəxəssisləri bir neçə ay əvvəl Suriyada partlayıcı qurğuların hazırlanması üzrə kiçik qrupa sızıblar.
“Beləliklə, ABŞ öyrəndi ki, terrorçular partlayıcı qurğular hazırlayırlar. Partlayıcı qurğular noutbuklarda batareyalar kimi görünürdü və bu, aeroportlarda yoxlama sistemləri aldada bilərdi”, - materialda deyilir.
Nəşr qeyd edir ki, bu informasiya əhalisi əsasən müsəlman olan 8 ölkənin 10 aeroportundan ABŞ-a təyyarə reyslərinin sərnişinlərinə əl baqajında iri elektron cihazlarının daşınmasının qadağan edilməsinə gətirib çıxarmışdı.
İstanbulun Kadıköy mahalında təşkil edilən əməliyyatda öldürülən terrorçu İnanc Özkeskinin dəhşətli planı ortaya çıxıb. “İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi” (DHKP-C) terror təşkilatının üzvü olan İnanc Özkeskin daxili işlər naziri Süleyman Soyluya qarşı sui-qəsd həyata keçirməyə hazırlaşırdı.
Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında Qətər böhranını müzakirə edəcək. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bizim prezidentimiz yaxın günlərdə Trampla telefon söhbəti edəcək. Tərəflər danışıqların gedişatında Qətər ətrafında yaranan vəziyyəti müzakirə edəcəklər", - o bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şuranın katibi Aleksandr Turçinov Rusiyanın hibrid təcavüzünə qarşı Ukrayna Silahlı Qüvvələrindən istifadə etməyi təklif edib. Turçinov bu haqda “İnterfaks” agentliyinə müsahibəsində deyib.
Xatırladaq ki, Turçinov daha əvvəl Moskvanın alınması haqqında danışıb. Mayın sonunda Donetsk vilayətinə gələn Turçinov bildirib ki, silahlı konflikt yalnız Ukrayna ordusu Moskvanı alacağı halda bitəcək.
“Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib”. Bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib.“Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var”, - o bildirib.
Xatırladaq ki, iyunun 7-də silahlı şəxslər Tehranda parlament binasına və Ayətullah Xomeyninin türbəsinə hücum ediblər. 17 nəfərin öldüyü, 40-dan çoxunun yaralandığı hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Ömər Dağlı
Tarix: 13-06-2017, 23:13