Azərbaycan müxalifətindən “bizdə də Navalnı meydana çıxacaq” bəyanatları

Azərbaycan müxalifətindən “bizdə də Navalnı meydana çıxacaq” bəyanatları Pənah Hüseyn: “Navalnıdan da mübariz və təcrübəli siyasətçilərimiz var ki, prosesi aparmaq iqtidarındadırlar”


Rusiyada korrupsiya əleyhinə mitinqlər ölkəni tədricən bürüməkdədir. Mitinqlərin təşkilatçısı olan müxalifətin isə yeni parlaq lideri meydana çıxıb - 41 yaşlı Aleksey Navalnı. Artıq dünyanın ən nəhəng telekanalları, informasiya agentlikləri ondan danışır, onu “parlayan siyasi ulduz” adlandırır. Keçmişdə vəkil olmuş Navalnının üzünə bu ilin aprel ayında yaşıl maye atılması və nəticədə bir gözünün kor olması, bundan əvvəl həbs olunması, iyunun 12-də təşkil etdiyi mitinqə gedərkən isə evinin yanındaca növbəti dəfə həbs olunması və etiraz nümayişlərinin təşkil olunması ilə bağlı qanunun dəfələrlə pozulması ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilməsi isə onun nüfuzunu daha da artırıb. Navalnının internet üzərindən bir çağırışı yetir ki, Rusiya kimi nəhəng dövlətin dörd bir yanında insanlar küçələrə çıxsın.
O, sistemə qarşı faktiki təkbaşına mübarizə aparır, həbslərdən və çoxsaylı məhkəmə çəkişmələrindən qorxmur, sistemin üstünə gedir və tərəfdarlarının sayını getdikcə artırır. Moskvada icazəli yürüşün səmtini dəyişməklə Rusiya hakimiyyətini “Rusiya günü” bayram əhval-ruhiyyəsindən məhrum etdi. Hamı bayramdan danışmaq əvəzinə Navalnıdan danışır.


Yaxın qonşuluğumuzdakı Rusiyada cərəyan edən proseslərin Azərbaycana da təsiri həmişə olub. Bəs Azərbaycan müxalifətinin “Navalnısı” varmı və olması gözlənilirmi?





Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycan müxalifətinin zaman-zaman ciddi yüksəliş dövrləri olub və böyük mitinqlər təşkil etdiyi zamanlar kifayət qədərdir: “Azərbaycan müxalifətinin 2005-ci ilə qədərki, 2012-2013-cü illərdəki aktivliyi heç də özünün miqyasına, formasına görə Rusiyada indi müşahidə olunan aktivlikdən aşağı olmayıb. Hazırda Azərbaycan siyasi müxalifəti kütləvi aksiyalar sahəsində proseslərə təsir məsələsində ən böhranlı dövrünü yaşayır. Rusiya isə yalnız son bir ildə müşahidə olunan siyasi aktivliyi çıxsaq, belə dövrü yalnız 2000-ci illərin birinci 10 illiyində keçib. Ölkənin miqyasını, əhalinin sayını da nəzərə almaq lazımdır. Azərbaycan miqyasına və əhalisinin sayına görə Rusiyadan çox fərqlidir. Azərbaycanda indi müşahidə olunan siyasi passivlik müvəqqəti haldır. Azərbaycan siyasi müxalifətinin sıralarındakı liderlərin əksəriyyəti xalq hərəkatının önündə getmiş şəxslərdir. Amma yeni nəsil də gəlir. Bura gənclik hərəkatı liderlərini də aid etmək olar. O baxımdan, prinsip etibarilə hansısa siyasi liderlərin meydana çıxmasını da heç vaxt istisna eləmək olmaz. Siyasi fəallıq anlarında, siyasi proseslərin aktivləşməsi fazasında Azərbaycanda hazırda ortada olan siyasətçilər sırasında Navalnıdan da mübariz və təcrübəli siyasətçilərimiz var ki, prosesi aparmaq itqidarındadırlar”.




Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Azərbaycanda da Rusiyadakı kimi proses və bu prosesin “Navalnı”sı meydana çıxa bilər: “Rusiyada gedən siyasi proseslərin ölkəmizə təsir imkanları bu gün də var. Rusiyadakı mitinqlərin Azərbaycana təsirinin olmadığını görməmək doğru olmaz. Navalnının ortaya çıxmasına gəlincə, Navalnı prosesə təkan verən və prosesi təşkil edən qüvvədir. Amma Navalnı Rusiyanın gələcək prezidenti deyil. Hətta seçkilər olsa belə, Navalnı bu prosesə qatılmaz. Navalnı, sadəcə, dinamikliyi təşkil eləyən vətəndaş cəmiyyəti lideridir. Azərbaycanda da bu tipli proseslər ola bilər, müxtəlif adamlar meydana çıxa bilər. Amma biz ciddi siyasi institut kimi vətəndaş liderliyinə yox, ölkənin siyasi hakimiyyətinə iddia edirik və hakimiyyət uğrunda mübarizə aparırıq. O proseslərdən sonra keçirilə biləcək seçkinin qalibi ola bilərik. Amma Navalnının rolunu burada oynaya biləcək kifayət qədər başqa insanlar ola bilər”.


Etibar SEYİDAĞA
Tarix: 14-06-2017, 09:50
Xəbəri paylaş





Xəbər lenti