Demokratikləşmə prosesi dünyəvi prosesdir. Bir ölkənin demokratikləşməsi istər-istəməz onun qonşularına da təsir göstərir və uğurlu alınırsa, politologiyada adına “yıxılan domino daşları effekti” deyilən proses başlayır.
Ötən əsrin 80-ci illərində, dünyada, eləcə də Avropada demokratk dövlətlərin sayı bu qədər deyildi. Dünyanın ən böyük imperiyası SSRİ-yə, sosialist düşərgəsinə, onun dışında qalan Yuqoslaviyaya daxil olan respublikaların hamısında totalitar kommunist diktaturası hökm sürürdü.
1987-ci ildən etibarən qlobal demokratikləşmə prosesi başladı və Şərqi Avropa ölkələrinin əksəriyyətində, SSRİ respublikalarının isə bir qismində demokratik rejimlər bərqərar oldu. Bu rejimlər Baltikyanı ölkələrdə dönməz səciyyə alsa da, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova kimi respublikalarda isə süquta uğradı.
Bununla paralel olaraq on illərlə Latın Amerikası ölkələrindəki diktatura rejimləri də bir-birinin ardınca çökdü. Çilidə Pinoçet rejimi flasa uğradı, Nikaraquada Orteqa hakimiyətdən getdi və s. O ölkələrdə şəffaf, qanuni, azad seçkilər keçirildi, ölkələrin çoxu demokratikləşdi.
Elə görünürdü ki, proses geridönməz xarakter alıb və o, bütün dünyaya sirayət edəcək, dünyada müstəbid rejimlər qalmayacaq, avtoritarizm arxivə veriləcək.
Ancaq elə olmadı. Dünyanı idarə edən qüdrətli demokratik dövlətlərin rəhbərləri “dövlət mənafeyi” ardınca düşdülər, öz korporativ maraqlarını güddülər, qlobal demokratikləşmə prosesinə dəstək verib, onu sona çatdırmadılar. Onların əlində tutarlı bir səbəb-bəhanə də vardı: “Bəzi ölkələr demokratiyaya hazır deyil”.
Ancaq necə ola bilərdi ki, Ukrayna demokratiyaya hazırdır, amma Belarus hazır deyil, yaxud Gürcüstan hazırdır, Ermənistan yox.
Demək, bu ölkələrin demokratiyaya hazır olub-olmaması öz himayədarlarının, strateji müttəfiqlərinin - Rusiyanın istəyindən, kaprizindən, neoimperiya ambisiyasından asılı idi.
Əslində Rusiya xalqı hələ 2000-ci illərdə demokratiyaya hazır idi, azad seçki keçirə, ard-arda 3-4 hakimiyyət komandası dəyişdikdən sonra, nəhayət, normal bir hakimiyyət formalaşdıra bilərdi. Ancaq Rusiyanın yeni rəhbərliyi demokratiyanı “Qərbin tələsi” hesab edərək rədd etdi və əli çatan hər yerdə avtoritar rejimləri dəstəkləməyə başladı.
Putinin hakimiyyətdə olduğu 17 ildə bir dəfə də olmayıb ki, Kreml hansısa bir demokratikləşmə prosesinə dəstək versin. Bu dövlət Svazilenddə, Zimbabvedə belə diktatorun tərəfini tutur.
Rəsmi Moskvanın demokratik seçki keçirərək hakimiyyət formalaşdırmaq istəyən Ukrayna və Gürcüstana düşmən münasibət bəsləməsinin sirri bundadır. Kreml hesab edir ki, bu ölkələr demokratik seçki keçirirlərsə, demək, Qərbin tərəfindədirlər və həlledici anlarda onun yanında olmayacaqlar.
1987-95-cı illərdəki qlobal demokraikləşmə prosesinin ardından başlanan ikinci dalğanın (2002-2009) süquta uğramasında, hətta faciələrlə bitməsində Rusiyanın böyük payı var.
Əslində ABŞ və bəzi Avropa ölkələri də həmin dalğadan öz mənafeləri üçün sui-istifadə edirdilər, amma Rusiya çox səmimi olaraq, həmişəki kimi, diktatorların tərəfini tutdu, demokratikləşmə dalğasının genişlənməsinə, başqa müstəbid rejimlərə sirayət etməsinə imkan vermədi.
Hazırda Rusiya öz daxilində ictimai-siyasi kataklizmlərlə üz-üzədir. Xüsusilə də yeni nəsil, gənclər indiyə qədər yaşadıqları kimi yaşamaq istəmirlər və hesab edirlər ki, dövlət rəhbərliyi onları köhnə qaydalarla idarə edə bilməz. Onların artıq liderləri də var - Aleksey Navalnı. Növbəti mərhələ ciddi şəkildə təşkilatlanmaq və hakim “Vahid Rusiya” Partiyasının qarşısına xalq gücü çıxarmaqdır.
Bu, son otuz ildə start götürən 3-cü demokratikləşmə dalğasının başlanğıcı ola bilər. Əgər Rusiya xalqı kütləvi etiraz aksiyalarını intensivləşdirsə və daha izdihamlı keçirə bilsə, ən əsası, Putin komandasının 17-18 illik dövranına son qoya bilsə, bu, dünya diktatorlarının baş pasibanı olan Kremlin imperiya ambisiyalarına balta vuracaq və dünyada qlobal demokratikləşmə prosesinə töhfə verəcək.
Bu regionun, Avrasiyanın, bütövlükdə dünyanın gələcəyi və təhlükəsizliyi Rusiyada gedən demokratikləşmə prosesindn çox asılıdır.
Xalid KAZIMLI
Tarix: 14-06-2017, 09:57