Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv olunacağı barədə bir müddətdir, mətbuatda və cəmiyyətdə səslənən fikirlər artıq təsdiqini tapmaqdadır.BakuPost.az xəbər verir ki, hər iki qurumla bağlı bu günlərdə verilən qərar bunu deməyə əsas verir. Belə ki, hər iki komitənin tabeliyində olan bəzi qurumlar - "Azelektromaş" Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu, "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzi (AZTEST), Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan "AzStandartinform" MMC və AzSert" MMC ləğv olunduğunu elan edib.
Bundan bir müddət əvvəl isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bəzi səlahiyyətləri alınaraq, ASAN xidmətə verilmişdi.
Ölkədə aparılan islahatlar zamanı bir neçə qurumun səlahiyyətlərinin tədricən azaldıldığını, əlindən alınaraq digər qurumlara verildiyini, daha sonra isə tamamilə ləğv edildiyini əsas götürsək, yuxarıda adıçəkilən komitələrin də eyni taleyi yaşayacığını proqnozlaşdırmaq olar.
Məsələn, Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilib. Azərenerji ASC prezidenti Etibar Pirverdiyev istisna olmaqla (onun da gedişi gözlənir – red.) Ziya Məmmədov və Qərib Məmmədov vəzifələri ilə vidalaşıblar.
Bu baxımdan Əmlak Məsələləri Dövlət Komitəsinin və Standartlaşdırma, Meterologiya və Patent Komitəsinin tabeliyində olan adıçəkilən müəssisələrin ləğvi bu komitələrin də mərhələli şəkildə ləğvinə gediləcəyinə əsas yaradır.
Yeri gəlmişkən, millət vəkilləri də çıxışlarında dəfələrlə hər iki komitənin ləğvinə zərurət olduğunu dilə gətiriblər. Hətta ƏMDK-nin ləğv edilərək bütün səlahiyyətlərinin ASAN Xidmətə verilməsi, SMPK-nin isə İqtisadiyyat Nazirliyinə birləşdirilərək, onun tərkibində fəaliyyət göstərilməsi təklif olunub.
Görünür sözü gedən komitələrin tabeliyindəki qurumların bəzilərinin ləğv edilməsi bu prosesin başlanğıcıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin və Standartlaşdırma, Meterologiya və Patent Komitəsinin çox yaxın zamanlarda sıradan çıxarılması gözlənilməsə də, hər halda görünən odur ki, bu qurumlara rəhbərlik edən Kərəm Həsənovla Ramiz Həsənovun ətrafında halqa daraldılır.
Tarix: 14-06-2017, 17:54