Gürcüstanda yeni inqilab gözlənilir - GÜNÜN İCMALI

Gürcüstanda yeni inqilab gözlənilir - GÜNÜN İCMALI
Moderator.az hər axşam olduğu kimi, yenə də başa vurduğumuz günün icmalını təqdim edir. 14 iyunda həm ölkəmizdə, həm də dünyada baş vermiş hadisələrlə tanış olun:

- “Demokratik hərəkat” –ın lideri Nino Burcanadze Gürcüstanda yeni inqilabın olacağını proqnozlaşdırır. “Təəssüf ki, bu inqilab mütləq olacaq. Ola bilsin ki, Bdzianişvilinin milyardlarına görə zamanından bir az gec olacaq, amma belə davam etsə olacaq”-deyə Saakaşvilinin keçmiş silahdaşı xəbərdarlıq edib. “Seçki mənasını itirəndə və xalq hakimiyyət dəyişikliyinin başqa yolunu görməyəndə mütləq başqa yollar axtaracaq və o inqilaba gətirib çıxaracaq. Bu isə bizim ölkə üçün tam katastrofa deməkdir”- deyə siyasətçi partiyasının rəsmi saytında bildirib.

- Bu gün Tacikistan prezidenti İmaməli Rahmon Ermənistana iki günlük rəsmi səfərə gəlib. Ermənistan prezidenti ilə ikitərəfli görüşdən sonra mətbuat konfransı zamanı İ.Rahmon iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib. Dağlıq Qarabağ probleminə toxunan Tacikistan prezidenti problemin sülh yolu ilə, beynəlxalq norma və kriteriyalar əsasında həll olunacağının tərəfdarı olduğunu söyləyib. ( Moderator.az-ın qeydi: Tacikistan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Bu hərbi ittifaqa görə ölkələr üçüncü ölkənin təcavüzü ilə üzləşəndə hərbi kömək edəcək)

- Londonda gecə saatlarında 24 mərtəbəli yaşayış binasında başlanan dəhşətli yanğını uzun müddət söndürmək mümkün olmayıb. Minimum12 nəfərin öldüyü, 70-dən çox adamın xəstəxanaya yerləşdirildiyi barədə polis məlumat yayıb.

- ABŞ Senatı Rusiyaya qarşı sanksiya tətbiqi haqqında yeni qanun layihəsini bəyənib və sabah müzakirələrin başlanacağı bildirilib.

- Moldova prezidenti İqor Dodon iyunun 21-22 də Azərbaycana rəsmi səfərə gələcək.

- Türkiyədə Cümhuriyyət Xalq Partiyasının üzvü, millət vəkili Enis Bərbəroğlu 25 illik həbsə məhkum edilib.

- Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub, kəndin bərpa olunması ilə əlaqədar görülən işlərlə tanış olub.

- Azərbaycanda 2016-2017-ci dərs ili başa çatıb, ölkədəki bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınıb.

- Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Fikrət Fəraməzoğluna hökm oxunub. Jurnalist 2 il jurnalist fəaliyyətindən məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum edilib.

- Bakı İstintaq Təcridxanasında barəsində 3 ay həbs qəti imkan tədbiri seçilmiş jurnalist Əfqan Muxtarlı təqsirləndirilən şəxs qismində dindirilib.

- Jurnalist Şahvələd Çobanoğlu Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində AXCP sədri Gözəl Bayramlının işi ilə bağlı ifadə verib.
Tarix: 15-06-2017, 04:00
Xəbəri paylaş





Xəbər lenti