Azərbaycan siyasəti- Üzvləri, titulları, hakimiyyətə iddiası olan partiyalara kimlər rəhbərlik edir?- TANIYAQ

Azərbaycan siyasəti- Üzvləri, titulları, hakimiyyətə iddiası olan partiyalara kimlər rəhbərlik edir?- TANIYAQ   Siyasət riskli və çətin peşədir. Hər kəs siyasətlə məşğul ola bilmir. Siyasətçi gərək intellektli, hazırcavab, hazırlıqlı olsun, xalqın istək və arzularını başa düşsün.Siyasətdə pul, maddi imkanlar nə qədər təsirli olsa da, daha önəmli olan siyasətçinin bilgili, informasiyalı olması, intellektual potensila malik olmasıdır.Azərbaycan siyasətçiləri hansı özəlliklərə sahibdir?“Cümhuriyət” qəzetinin budəfəki sorğu-araşdırması Azərbaycan siyasətçilərinin təhsili ilə bağlıdır.Cebhe.info araşdırmanı təqdim edir.



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Azərbaycan Dillər Universitetində ingilis-fransız dilləri üzrə magistr təhsili alıb.Rusiya Hümanitar Universitetində hüquq fakültəsini bitirib. 2009-cu ildə Nyu-Yorkda Kolumbiya Universiteti “Ford Motor Şirkəti”nin beynəlxalq təqaüdünü alıb. 2002- 2006-ci illərdə "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" fakültəsində Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, politologiya və Hüquq Tədqiqatlar İnstitutunda elmi işçi vəzifəsində işləyib.



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə ixtisasca həkimdir. O, Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. İxtisasca məhkəmə-tibb ekspertidir.Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin, bir neçə kitabın müəllifidir, “İlahi siyasət-Tərəqqinin fəlsəfəsi" adlı 3 cilddən ibarət yeni elmi-fəlsəfi əsəri çapa hazırlanır. Ötən il “Nobel” mükafatına namizəd olub və finala qədər irəliləyib.



Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də ixtisasca provizordur.Əli Əliyev 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universitetinə (AzTU)) daxil olub, həmin institutu 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib.1991-ci ildə AzTU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb.Hal-hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir.



Ümid Partiyasının sədri İqbal Ağazadə isə şərqşünasdır.İ.Ağazadə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus, fars və ingilis dillərini bilir. 1994-cü ildən Bakı Dövlət Universitetində, 1995-1999-cu illərdə Bakı Asiya Universitetində müəllim işləyib.



Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan S.Rüstəmxanlı, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul olunur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə "Molla Nəsrəddin" və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı tarixçidir.Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, tarix elmləri doktoru, professordur.2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir.Rus dilini bilir.



Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı ixtisasca iqtisadçıdır.Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir.1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.



Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ixtisasca hüquqşünasdır. 1980-1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil alıb. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində işləyib.



Azərbaycan Dövlət Universitetini bitirmiş Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə şərqşünasdır.1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-in paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.




Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin ixtisası isə həkimdir.Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirib.Hal-hazırda Milli Məclisin üzvüdür.Siyasi fəaliyyətini davam etdirir.



Vəhdət Partiyasının sədri Tahir Kərimli BDU-nun hüquq fakültəsini, ixtisas kurslarını bitirib. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi, Respublika Ali Məhkəməsinin sədri, İsmayilli rayon XDS-nin deputatı (1990-1993), AR Ali Sovetinin deputatı (1990-1995) olub. Məhkəmə-hüquq islahatına dair bir neçə qanun layihəsinin Parlamentdə qəbul edilməsində müəyyən xidmətləri var. 1992-ci ildə AR Prezidentinin təqdimatına əsasən AR Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini verib.



Xalq Partiyası sədri Pənah Hüseyn isə ixtisasca tarixçidir.Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.Rus və ingilis dillərini bilir.1980-1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub.1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində işləyib.1993-cu ilin aprel-iyun aylarında Azərbaycan Respublikasının baş naziri olub.



Ədalət Partiyasının sədri İlyas İsmayıl hüquqşünasdır.Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.1963-cü ildə Sankt-Peterburq Dövlət Universitetinin cinayət-hüququ kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub.1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru olub.1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.1992-1994-cü illərdə Azərbaycan Respublikasının ədliyyə naziri olub.Hüquq elmləri doktoru, professordur.



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsini bitirib.1988-ci ildən biologiya elmləri namizədidir.1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir. 1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb.



Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa da ixtisasca hüquqşünasdır.Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.Dağlıq Qarabağın erməni iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub.1992-1993-cü illərdə Prezident Aparatında dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.1995-1998-ci illərdə Türkiyədə AXCP sədri Əbülfəz Elçibəyin özəl təmsilçisi olub.2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev də Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.



Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə tarixçidir.1977-ci ildə Sumqayıt şəhərində “Üzvi sintez” istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.1978-1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.1987-ci ilədək “Üzvi sintez” istehsalat birliyində işləyən Mirmahmud Mirəlioğlu elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib.


Müsavat Partiyasının sədri Arif Hacılı isə ixtisasca jurnalistdir.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.Gənclik illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib.Bu illərdə yerli sovetlərə deputat seçilib.


Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə Bakı Dövlət Unuversitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.1981-1985-ci illərdə BDU-nun Konstitusiya hüququ kafedrasında aspirant olub.

Vilayət Muxtar
Tarix: 15-06-2017, 16:09
Xəbəri paylaş





Xəbər lenti