Cəbhədəki növbəti gərginliyin ardınca həmsədrlərin Bakıya səfəri nə vəd edir; fəaliyyətsiz qurumdan Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsinin hesabı sorula bilər; hərbi və siyasi ekspertlərdən maraqlı şərhlər...
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti gərginliyin yaranmasının ardınca ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakı səfəri istər-istəməz diqqəti “turist diplomatların” növbəti vizitinə və səsləndirəcəkləri bəyanatlara yönəldir.
Əslində bundan əvvəl həmsədrlərin İrəvana və Xankəndinə eyni vaxtda səfər etməsi və Azərbaycana gəlişlərini bir həftə sonraya ertələmələri suallar doğurdu. Məntiqlə Minsk Qrupunun üçlüyü Ermənistana getsə belə, beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz hissəsi olan bölgəyə səfərini Bakıya gəlişi ilə eyni vaxtda reallaşdırmalı idi. Bu mənada narahatlıqlar var ki, ATƏT-in bu formatı belə vizitlərlə Dağlıq Qarabağ məsələsinin Rusiya XİN rəhbəri S.Lavrovun iddia etdiyi kimi, “Azərbaycanın daxili işi olmadığına” inandırmağa çalışır. Düzdür, belə ehtimallar var ki, diplomatlar İrəvanın və Xankəndindəki separatçı rejimin mövqeyini aldıqdan sonra Bakıya konkret təkliflərlə gəlmək istəyib, ancaq bu, o qədər də real və inandırıcı görünmür. Həmsədrlərin Azərbaycanın ərazi bütövlüyünə sayğısızlığı ilə bağlı növbəti faktla elə mayın ortalarında ordumuz işğalçı ölkənin “Osa” kompleksini şəxsi heyəti ilə birgə məhv edərkən rastlaşdıq. O zaman həmsədrlər faktiki olaraq Azərbaycanı günahlandıran (!) bəyanata imza atdılar. Yəqin ki, rəsmi Bakı həmsədrlərdən növbəti dəfə işğalçının hərbi texnikasının qeydinə qalması ilə bağlı izahat istəyəcək.
Bir müddət əvvəl yazmışdıq ki, həmsədrlərin regiona hər səfərindən sonra Ermənistan təmas xətti boyunca aktivləşir, təxribatlar silsilə xarakteri daşıyır. Təxminlərimiz növbəti dəfə özünü doğrultdu və 15-16 iyunda baş verən gərginlik də bunu təsdiqləyir. İşğalçının növbəti təxribatları nəticəsində Azərbaycan ordusu 1 şəhid verdi. Cavab tədbirləri nəticəsində düşmən texnikası 10-a yaxın hərbçi ilə birlikdə məhv edildi. Ancaq diplomatlar nədənsə may ayında olduğu kimi operativ reaksiya verib işğalçının mövqeyindən çıxış etmədilər. Görünür, Bakının ötən ay verdiyi sərt reaksiya öz işini görüb və həmsədrlər Azərbaycan paytaxtına səfər ərəfəsində susmağa üstünlük veriblər.“Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər” - Bakının mövqeyi budur. Lakin hələ ki həmsədrlər bu həqiqəti dərk edə bilmirlər. Çox maraqlıdır ki, həmsədr olmuş şəxslər yalnız sonrakı illərdə, prosesdən uzaqlaşandan sonar ədalətli mövqe sərgiləyirlər. Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza bir müddət əvvəl demişdi: “Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneədir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır”.
Brayzanın bu mövqeni həmsədr olarkən dilə gətirməməsi ondan xəbər verir ki, həmsədr ölkələrin paytaxtlarının mövqeyi ədalətsizlik üzərində köklənib və məsələ fərdlərə bağlı deyil. Bir müddət əvvəl Ermənistan dolayısı ilə Madrid prinsiplərinin arxivə getdiyini iddia etmişdi. Ancaq M.Brayza bunun əksini deyib. Bildirib ki, artıq 10 ildir münaqişənin həlli ilə bağlı çərçivə sazişi mövcuddur: “Bu, Madrid prinsipləridir və o prinsipləri axıra kimi aparmaq lazımdır” - diplomat bildirib. Lakin Bakının sağlam mövqeyinə rəğmən, həmsədrlərin işğalçının mövqeyindən çıxış etməsi prosesi irəli aparmağa imkan vermir. Minsk Qrupunun fəaliyyətsizliyi artıq ölkə xaricində də müzakirə mövzusudur. Necə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir” demişdi.
Türkiyə prezidenti onu da demişdi ki, “Minsk Qrupuna üzv olan ölkələrin üçü də BMT Təhlükəsizlik Şurasının üzvləridir. Onlardan biri hər hansı problemin həllini istədikdə, digərləri veto hüququndan istifadə edir ki, bu da hər dəfə öz növbəsində münaqişənin həllinə əsas maneə yaradır”. Hər halda, mövcud durumun müharibə təhlükəsini tətiklədiyini demək üçün kifayət qədər əsaslar var. Qəribəsi budur ki, düşmən həm qorxur, həm də təhdid edir.
Virtualaz.org İrəvanda nəşr olunan Lraqir-dəki materiala istinadən yazır ki, erməni KİV-ində artıq “cavab zərbəsi” imkanları barədə fəal müzakirələr başlayıb. Bundan başqa, İrəvanda ciddi şəkildə soruşurlar: “Əgər Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlardan çıxdığını bildirərsə, nə baş verər? Bu halda qrupun həmsədrləri, xüsusən də Fransa və ABŞ Azərbaycanın cilovlanması üzrə hansısa addımlar ata bilərlərmi?”Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, həmsədrlərin regiona səfəri öncəsi və səfər zamanı cəbhə xəttində gərginliyin artması yeni hadisə deyil: “Bu, işğalçı ölkənin dəyişməyən dəst-xəttidir. Ermənistan bununla danışıqlar prosesinin davam etdirilməsinin mümkün olmadığını diqqətə çatdırmaq istəyir. Məqsədyönlü şəkildə gərginlik yaradır ki, müzakirə mövzusu yalnız gərginliyin azaldılması olsun, irəliyə doğru addım atmaq mümkün olmasın”.
Ekspertə görə, həmsədrlər İrəvan və Qarabağdan Bakıya çox güman ki, atəşkəs rejiminin möhkəmləndirilməsi, ATƏT müşahidəçilərinin sayının artırılması təşəbbüsü ilə gəlirlər: “Çox güman ki, ermənilərin təxribatları da müşahidəçilərlə bağlı məsələnin yenidən gündəmə gətirilməsi ilə əlaqədardır. Bu baxımdan, həmsədrlərin Bakıya gəlişinin heç bir effekt verməyəcəyi qənaətindəyəm. Təqaüdçü diplomatlar yay gəzintisinə çıxıblar”.
BəsABŞ Kəşfiyyat Mərkəzinin də bir müddət öncə anons etdiyi kimi, Qarabağda müharibə təhlükəsi realdırmı? Ermənilər Naxçıvan iddiası da səsləndirir, Türkiyə ilə birgə təlimlər onları narahat etsə də, Rusiyanın himayəsinə sığınırlar təbii ki. Bu, böyük müharibə riski yaradırmı?
E.Mirzəbəylinin qənaətincə, müharibə təhlükəsi həmişə var və realdır: “Bunu yəqin etmək üçün kəşfiyyat məlumatlarına malik olmaq da lazım deyil. Hər şey göz qabağındadır. Ermənistanın Naxçıvanla bağlı bəyanatları isə ritorikadan başqa bir şey deyil. Naxçıvandan İrəvana 60 km məsafə var. Naxçıvandakı hərbi potensialımız İrəvanı yer üzündən bir neçə dəfə silməyə bəs edər. Rusiyaya gəldikdə isə hazırda Moskvanı uzaq hədəflərdən daha çox ölkənin mövcud durumu narahat edir. Bəzən strateji addımlar kimi görünən davranışların arxasında da korporativ maraqlar və iqtisadi amillər dayanır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu də həmsədrlərin Azərbaycana səfərindən həmişəki kimi müsbət heç nə gözləmədiyini vurğuladı: “Bundan əvvəl İrəvanda və Xankəndində oldular. İndi də Bakıya gəlirlər. Həmsədrlərin turistlərdən heç bir fərqi yoxdur. Yenə bunlardan əvvəlki həmsədrlər nəsə hazırlayıb tərəflərə təqdim edərdilər, fikir mübadiləsi atmosferi var idi. İndi bu kimi hallara da rast gəlinmir. Çünki ”Amerika kəşf etməyə" ehtiyac yoxdur. Bütün həll variantlarının birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması dayanır. İrəvan torpaqlarımızın boşaldılmasını statusa şərt qoşur. Belə şərti isə biz qəbul edə bilmərik. Ona görə də həmsədrlər futbol və ya tennis topu kimi ya o tərəf, ya da bu tərəfə fırlanırlar".Ekspert “Yeni Müsavat”a bildirdi ki, artıq Azərbaycan yeni strategiyasını formalaşdırıb: “İndi ki, həmsədr dövlətlər Ermənistanı sülhə məcbur etmək istəmirlər və genişmiqyaslı müharibənin müəyyən riskləri var, bu cür şəraitdə işğalçıya qarşı yorucu müharibəni genişləndirmək lazımdır. Nədir yorucu müharibə? Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası hədəfdə olmalı, işğalçı hər gün və hər saat itkilərlə üzləşməlidir. Biz silahlanmaya ona görə milyardlarla dollar xərcləməmişik ki, atəşkəsə riayət edək. Heç kim bizə deyə bilməz ki, Ağdam və ya Füzulidəki postları niyə vurursunuz Bütün dünya həmin ərazilərin Azərbaycana aid olduğunu qəbul edir. Ona görə də öz ərazimizdir, özümüz bilərik nə edərik”.
E.Şahinoğlu xatırlatdı ki, artıq atəşkəsə riayət dövrü bitib: “Bunu işğalçı da anlayır. Hər gün itkiləri var, Ermənistan gəncləri zorla təhlükələri bölgələrdə yerləşdirirlər, onlar da neytrallaşdırırlar. Bu, bizim haqqımızdır. İşğalçı daim hərbi təzyiqimiz altında olmalıdır, bu, müharibəyə çevrilə də bilər, çevrilməyə də. Ən əsası odur ki, işğalçının itkiləri mütəmadi şəkildə artmalıdır. Qarabağı işğal etməklə bizim rahatlığımızı pozublar, bizim də borcumuz onların rahatlığını pozmaq, daima qorxu altında yaşamağa məhkum etməkdir. Qısası, işğalçı ölkənin həyatını cəhənnəmə çevirməliyik”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bu qənaətdədir ki, əslində ATƏT-in Minsk Qrupu öz hərəkətləri və davranışları ilə bağlı çox ciddi-ciddi düşünməli və nəticə çıxartmalıdır: “Bu gün faktiki olaraq Azərbaycan bir dövlət olaraq təcavüzə məruz qaldığını, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 məlum qətnaməsinin olmasını əsas gətirərək beynəlxalq miqyasda məsələ qaldıra bilər ki, ATƏT-in Minsk Qrupunun 25 illik fəaliyyətinə qiymət verilsin. Ötən illər ərzində milyonlarla maliyyə vəsaiti sərf olunub, həmsədrlik institutunun və ATƏT sədrinin şəxsi nümayəndəsi kimi səfir Anjey Kaspşikin ofisinin saxlanması üçün külli miqdarda maliyyə vəsaiti xərclənib. Bəs ortada olan nəticə nədir? Bu illər ərzində bu qurum hər hansı bir uğura və ya Azərbaycanın pozulmuş hüquqlarının bərpası üçün zərrə qədər irəliləyişə nail olubmu? Əlbəttə ki, yox. Onların Qarabaq münaqişəsi ilə bağlı fəaliyyətləri bir qədər dərindən araşdırılsa və yoxlanılsa, ortaya elə dəhşətli faktlar və sübutlar çıxar ki, bu həmsədr ölkələri təmsil edən diplomatları hətta cinayət məsuliyyətinə cəlb etmək olar. Bunlar hər iki tərəfdən minlərlə günahsız insanın ölümünə səbəb olub, onlara həvalə edilmiş vəzifə borclarına səhlənkar yanaşmış və münaqişənin tez bir zamanda həll edilməsi üçün heç bir ciddi addımlar atmamaışlar. Onların indiyə kimi keçirdikləri saysız-hesabsız görüşləri, monitorinqləri vəziyyəti müsbətə doğru əsla dəyişməyib, əksinə, bəzən fəaliyyətsizlikləri və əməlləri ümumi işə ziyan gətirib”.
Hərbi ekspert dedi ki, elə son günlər cəbhədə baş verənlərlə bağlı bu dəqiqlərə kimi Minsk Qrupunun hələ də susqunluq nümayiş etdirməsi faktı ortadadır: “Bu, onu deməyə əsas verir ki, baş verənlər onların maraqlarına cavab verir. Bu turist diplomatlar istəyirlər və gözləyirlər ki, vəziyyət bir qədər də gərginləşsin. Necə ki, ötən ilin aprel hadisələri zamanı bu hiyləgər üçlük vəziyyətin çoxsaylı insan ölümü ilə müşayiət olunması fazasına kimi susdular, artıq hər iki tərəfdən yüzlərlə ölən və yaralanan olandan sonra başladılar öz ”ağıllı narahatçlıqlarını" dilə gətirməyə. Amma artıq üç günə yaxındır ki, cəbhədə ümumilikdə 10-dan çox ölən və xeyli yaralılar var, bu cənablardan səs çıxmır. Deməli, bu vicdan hissi olmayan şəxsləri qane edən bir proses baş verir".
“Düzdür, erməni tərəfinin müdafiə mövqeləri də pis deyil. Ancaq keçən ilin aprelində Azərbaycan göstərdi ki, lokal uğurlara da nail ola bilər”. Bunu isə virtualaz.org-a Rusiya Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin deyib. Xramçixinin sözlərinə görə, əgər tərəflərin mövqeləri barışmazdırsa, onda müharibə qaçılmazdır. Həmsədrlər məhz belə həssas dönəmdə Bakıya gəlir. Durumu dəyişə biləcəklərmi, bunu gözləmək lazımdır...Cavid Turan
Tarix: 20-06-2017, 09:52