Başçı silinmiş yazıya görə Ulus.Az-ı cərimələtdi: “Sevindik Hətəmova pul lazımdırsa...” - absurd

Başçı silinmiş yazıya görə Ulus.Az-ı cərimələtdi: “Sevindik Hətəmova pul lazımdırsa...” - absurd Salyanın icra hakimi Sevindik Hətəmov Ulus.Az-ın rəhbəri Sərvan Qənbərovu axır ki, məhkəmədə 200 manat cərimələdib, muradına çatdı

Dövlət məmuru KİV-ə, Milli Mətbuat Gününə sayılı günlər qalmış jurnalistikaya, prezidentin azad mətbuatla bağlı çağırışlarına hörmətsizlik edərək qanunsuzluğa imza atdı.


Ağdam rayon məhkəməsində şərəf-ləyaqətinin alçaldılması iddiası ilə keçirilən prosesdə rüsvayçılıq ondan ibarət idi ki, hazırlıq iclasında qərar verildi.

Azərbaycan qanunlarına, hüququna, femidasına analoqsuz bir ilklə imza atan məhkəmə hazırlıq iclasında qərar çıxardı, sayt 200 manat cərimələndi. Bu, misli görünməmiş hadisə idi.

İcra başçısının və məhkəmənin absurdluğu bununla məhdudlaşmır. Onlar əlbir olaraq başqa sayta istinadla gedən xəbərə görə Ulus.Az-ı cərimələdilər.

Məntiqlə və qanunla həmin xəbəri ilk yayan 7news.az məhkəməyə verilə bilərdi. Həmçinin, onda istinadla məlumatı yayan başqa saytlar, o cümlədən Ulus.Az da məhkəmədə iştirakçı ola bilərdi.

Ancaq S.Hətəmov nə məlumatı ilk yayan, nə də istinadla təqdim edənlərlə hesablaşdı. O, məhz Ulus.Az-la əsassız yerə düşmənçilik elədi.

Növbəti ağılasığmaz hərəkət isə S.Hətəmovun mövqeyinin də qarşı tərəf kimi saytda dərc olunması ilə bərabər yenə məhkəməyə üz tutması oldu.

Bu da azmış kimi, icra başçısı sayta yaxın olan jurnalist Xəyyam Salmanzadədən xahiş etmişdi ki, sözügedən material saytdan silinsin.

X.Salmanzadə də S.Qənbərova icra başçısının xahişini çatdırmışdı və hörmət əlaməti olaraq məlum yazı saytdan silinmişdi.

Ancaq bu yaxşılığın müqabilində icra başçısı yenə hikkəsindən dönmədi və saytı məhkəməyə verdi, silinmiş və öz mövqeyi çap olunmuş xəbərə görə Ulus.Az-ı 200 manat cərimələtdi.

Bu yaxşılığın bir cavabı idi və azad sözə açıq şəkildə qanunsuz müdaxilə idi. Prezident dəfələrlə bildirib ki, media və internet azaddır, jurnalistlər sərbəst fəaliyyət göstərir.

Dövlət rəhbəri məmurlara xəbərdarlıq etmişdi ki, mətbuatı yazıya görə məhkəməyə verməyin, təzyiq göstərməyin.

Ancaq Salyanın icra hakimi məhz başqa ittihama görə yox, yazı ilə bağlı bir medianı məhkəmədə cərimələtdi - xahişlə silinmiş bir yazı ilə bağlı...

Həmin məqalədə isə nə təhqir, nə böhtan var idi. 7news.az-a istinadla yazılmışdı ki, S.Hətəmov Yardımlının başçısı olduğu dövrdə MTN rəhbəri Eldar Mahmudovla görüşüb və ondan Bakının rayonlarından birinə başçı getməsinə kömək etməsini istəyib.

Bu iddia idi və bizim iddiamız deyildi. Ancaq S.Hətəmov nə həmin saytı, nə istinadla yayan başqalarını məhkəməyə verdi. Məhkəmə isə diffamasiya qanunlarını pozdu və yazı ilə bağlı bir mətbu orqanı cərimələdi.

Ən dəhşətli odur ki, hazırlıq iclasında çıxarılan qərardan öncə məhkəmədən S.Qənbərova bildiriş belə göndərilməmişdi ki, prosesdə iştirak etsin. S.Qənbərov bildirir ki, media tarixində və hüquq sistemində tayı bərabəri olmayan bir olaydır.

İcra başçısının xahişini sayt rəhbərinə çatdırmış jurnalist, şəhid ailəsi və məcburi köçkün olan X.Salmanzadə isə deyir ki, bu xahişə görə S.Qənbərovun
qarşısında utanır. Onun sözlərinə görə, Azərbaycanda icra başçısı 20 dəqiqə ərzində hazırlıq iclası keçirdir, qərar verdirir və heç bir əsası olmadan cərimələdir:

“Heç olmasa dövlət qanunlarına istinad olunaydı. Hətta qanqster Akif Çovdarov məhkəmə çıxışında demişdi ki, biz bir adamı tutanda onun barəsində ən azı 40 faiz əsaslı informasiya toplayırdıq, 60 faizi özümüz yükləyirdik. Bu işdə heç 10 faiz əsas yox idi. Mən onun xahişini çatdırmışdım, yazı silinmişdi. Buna baxmayaraq, saytı məhkəməyə verib cərimələdir. Əgər beləydisə, Sərvandan xahiş etməzdim. Elə məhkəməyə verərdi, cərimələyərdi, pulu da o ödəyərdi.

Ancaq işin mənəvi yükü boynumda qalıb və əgər icra başçısının 200 manata ehtiyacı varsa, bir köçkün ailəsi kimi birdəfəlik ödəniş etməyə imkanım çatmır, amma hər ay Bərdənin poçt idarəsindən Salyanın poçt idarəsinə 5 manat göndərməyə hazıram.

Dövlətin qanunlarını ayaqlar altına atmaq, ona bu şəkildə hörmətsizlik etmək, yarım saat içində tələm-tələsik iclas keçirib bir saytı cərimələtmək hüquqa tüpürməkdir. Dönə-dönə təkrar edirəm ki, o yazıya görə ki, başçının xahişi ilə silinmişdi, ondan əvvəl də mövqeyi çap olunmuşdu”.

Siam.az
Tarix: 21-06-2017, 03:25
Xəbəri paylaş





Xəbər lenti