Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev iyunun 30-da müzakirə ediləcək “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi haqda sərt danışdı; kommersantlar hələ susur, amma...
Qalmaqallı “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin iyunun 30-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq. Amma belə görünür ki, birinci oxunuşdan keçən layihənin gələn həftə keçiriləcək müzakirəsi yenə də gərgin olacaq. Qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.
Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir.
Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
Həmçinin layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Milli Məclis sədri Oqtay Əsədov son müzakirə zamanı bildirib ki, qanun layihəsində bəzi müddəalar yumşaldılmalıdır. Yada salaq ki, bəzi deputatlar qanun layihəsinin əleyhinə çıxırlar.
Milli Məclisin İntizam komissiyasının sədri
Ağacan Abiyev modern. az saytına müsahibəsində daha sərt danışıb. “”Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsi çox mənasız qanundur. Bizim bundan vacib işlərimiz var. Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir".
Komissiya sədri qanun layihəsində qeyd edilən “deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır” sözlərini belə cavablandırıb: “Bəlkə biz deputat hədiyyə alanda ondan çek də tələb edək? Bizim bütün problemlərimiz həll oldu, qaldı hədiyyə... Elə deputat var ki, ildə 1 dəfə, eləsi də var ki, 2-3 dəfə hədiyyə alır. Biz ondan soruşmalıyıq ki, hədiyyənin qiyməti nə qədərdi? Bu, çox qeyri-ciddi məsələdir”.
Qanun layihəsində bəzi deputatları narahat edəcək “kommersiya fəaliyyəti” ilə bağlı məsələdir ki, hələ ki biznesmen Milli Məclis üzvləri bu barədə susurlar. Yəni məhz bu məsələnin üzərinə gedən yoxdur. Ölkə qanunvericiliyi dövlət məmurlarına və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, şirkətlər yaratmağı və idarə etməyi qəti qadağan edir. Lakin buna baxmayaraq, bəzi məmur və deputatlar iri biznes müəssisələrinə rəhbərlik edir, qanunun bu tələbini qulaqardına vururlar. Düzdür, əksər hallarda onlar biznes fəaliyyətini qeyri-rəsmi şəkildə həyata keçirirlər. İdarə etdiyi şirkətlərdə bütün işlərə özləri nəzarət və rəhbərlik etsələr də, rəsmi sənədlərdə digərlərinin adına rast gəlinir. Amma Lənkəranın deputatı Hadı Rəcəblinin, Lənkəranın digər deputatı Rüfət Quliyevin, Şəki seçicilərini təmsil edən Cavanşir Feyziyevin, Masallıdan mandat almış Nəriman Əliyevin, Gəncənin deputatı Xanlar Fətiyevin, Cəlilabadın deputatı Malik Həsənovun, Lerikin deputatı İqbal Məmmədovun, Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun biznesmen olduğunu bilməyənmi var? Məlumata görə, biznesmen deputatlar yeni layihəyə qarşı birbaşa çıxmasalar da, müəyyən vasitələrlə qanun layihəsinin müzakirələrdən çıxarılmasına və ya daha “dişsiz” bir hala gətirilməsinə çalışırlar.“YM”
Tarix: 21-06-2017, 10:04