Azərbaycan hakimiyyəti Qərbdən özünə qarşı bütün təhdid və təzyiq kampaniyalarını zərərsizləşdirib.
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, 2018-ci il prezident seçkilərinə YAP iqtidarı yolu açıq və hamar şəkildə getməkdədir.
Belə ki - seçkilərdə beynəlxalq təşkilatlarla bazarlığa gedilib, nüfuzlu nəşrlərdə iqtidarın ünvanına təriflər yağdırılıb, mühacirlər arasında “verbovka” olunan qüvvələr diaspora ilə əməkdaşlıq edir, hüquq müdafiəçiləri və QHT rəhbərlərinin q(k)rant yolları bloklanıb, xaricdən maliyyələşən internet mediası qapadılıb, ABŞ-ın yeni prezidenti Donald Trampla mehriban münasibətlər qurulur və s. ilaxır. Kəsəsi, Avropa Parlamenti istisna olmaqla Azərbaycan hakimiyyəti ilə Qərb təsisatları arasında heç bir qüvvənin problemi yoxdur. Referendum və I vitse-prezident təyinatı da demokratiya hayqıran Qərb təşkilatları üçün prioritet olmadı.
Hətta Avropa Şurası işçisi olmuş REAL sədri İlqar Məmmədova görə tükünü tərpətmir və 4 ildir unudulmuş İsmayıllı hadisələrinə görə həbsdə saxlanan kadrını həbsdən azad etdirmək üçün hakimiyyətlə münasibətlərini korlamaq istəmir.
Eləcə də ofisi bağlanmış ATƏT, MDİ, Norveç İnsan Haqları evi, ABŞ konqressindən maliyyələşən Azadlıq radiosuna görə də Qərb dairələri Azərbaycan hakimiyyətinə “gözün üstə qaşın var” demir.
Çünki enerji maraqları, regiondakı siyasi situasiya, İran və Əfqanıstan faktoru rəsmi Bakını ABŞ və Avropa üçün əhəmiyyətli edib.
Beləliklə, prezident İlham Əliyev 2018-ci il seçkilərinə rahat gedir - Qərbdən və ABŞ-dan ciddi təzyiqlər yoxdur. Qərblə işləyən müxalifətçilər isə öz qınına çəkilməli olub, axı onların güvəndiyi “dağlara da qar yağıb”?!
***
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, hakimiyyət İran təhlükəsini də geridə qoymaqdadır.
Tehran mollaları vaxtaşırı Azərbaycana qarşı təxribatlar yaratsalar da, Bakı ilə əlaqələri korlamaq da istəmirlər.
Hakimiyyətin yaxşı mənada bəxti həm də onda gətirib ki, strateji baxımdan anti-İran ekspedisiyasına lazımdır.
Suriya problemi, Qərb və ABŞ faktoru, dini amillər və s. Azərbaycanı siyasi manipulyasiyalar etmək manevrlərini genişləndirir. Məsələn, bir neçə il əvvəl Təhsil Nazirliyi önündə hicaba azadlıq aksiyası, Nardaran hadisələri və Hacı Taleh Bağırov amili, yazıçı Rafiq Tağının qətli, Avroviziya oyunları ərəfəsində məlum kampaniyalar Azərbaycanın İran siyasətində qazandığı dividentlər oldu.
İlham Əliyev bütün dünyaya göstərirdi, baxın, ölkəmizdə dini ekstremizm, irançı qüvvələr təhlükəsi var, şiəlik siyasi təbliğata çevrilir, sosial şəbəkələrdə iranpərəst dəstələr əleyhimizə iş aparır, məscidlərdə adamlar yerləşdirir.
Buna görə də Aşura yürüşlərinə bu il qoyulan qadağa da prosesin davamıydı və hakimiyyət dünyəvi qüvvələrə nümayiş etdirirdi ki, İran ciddi təhlükədir və onu Tehranın ayağına verməz olmaz.
Paralel olaraq, Tehran parlamentində terror və İŞİD-in İrana girməsi də dolayısı ilə bu islam respublikasının Azərbaycana ciddi təzyiq edə bilməyəcəyinə diktə edir. Çünki İranın başı indi daxili problemlərinə qarışıb.
***
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Ermənistanla müharibə şəraiti və bu düşmən ölkənin davamlı təxribatlarını kənara qoysaq, sərhəd ölkələrdən Türkiyə və Gürcüstanla münasibətlərin də yüksək səviyyədə olduğunu nəzərə alsaq, qardaş ölkədən yeganə sızmış təhlükəli şəbəkə - nurçuların da məhv edilməsini qeyd etsək, təkcə bir ünvan qalır - Rusiya.
Hə, Rusiya barəsində çox fikirləşmək və baş sındırmaq lazımdır. İstərsə, hakimiyyətin, ordunun və müxtəlif sektorların içinə sızmış 5-ci kolon olsun, istərsə siyasi cəhətdən təzyiq rıçağına çevrilmiş “Milyarderlər ittifaqı” olsun, istərsə ordudakı casus şəbəkəsinin Moskvanın əli ilə yaradılması olsun, istərsə də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə rəsmi Bakıya edilən həmlələr...
Bütün bunların hər biri Kreml təhlükəsinin daima başımız üzərində bir qara bulud olduğuna deməyə dəlalət edir. Azərbaycan da, hakimiyyət də, İlham Əliyev də şimal küləklərinin əsməsindən daima narahatdır.
Rusiya, Pyotrun vərəsələri yazılmış vəsiyyət, Qarabağ problemi, Xəzərin statusu və s. ilaxır – hər şeydə rus barmağı var ki, Azərbaycanın dünyaya açılmasına imkan vermir.
O baxımdan İran və Qərb təhlükəsi sovuşmasına baxmayaraq, Rusiya şimşəklərini üzərimizdən çəkməyib. 2018-ci il seçkilərində də hakimiyyətə ən böyük kataklizmlər yarada biləcək tərəf Rusiyadır.
Rusiya Azərbaycanı açıq şəkildə təhdid etməkdədir: sərhəddən məhsullarımız buraxılmır, azərbaycanlılar ölkədən çıxarılmaqla şantaj edilir, Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv olunur, “Milyarderlər ittifaqı” projesinin dirilməsi təhlükəsinin işartıları görünür və bütün bunlar prezident seçkilərinə bir il qalmış yaşanır.
Bir tərəfdən hakimiyyət arxayınlaşır ki, pullu inqilabların müəllifi olan ABŞ-la münasibətlər yolundadır, başqa yandan Kremlin hakimiyyəti devirmək hədəsi ilə üzbəüz qalır. Moskva Bakıya açıq şəkildə hədə-qorxu gəlir. Bununla da, Əliyevin balanslaşdırılmış xarici siyasətinin ətrafındakı halqa daralır.
Siam.az
Tarix: 22-06-2017, 10:21