Bu yöndə ilk addımı Moskva atmalıdır, çünki...; rusiyalı politoloq: “Bu dəfə kiçik müharibəni dayandırmaq mümkün olmayacaq...”
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya sonuncu səfərdən sonra yaydıqları bəyanat növbətçi mahiyyət daşısa da, oradakı bir nüans, hər halda, diqqətəlayiq hesab oluna bilər. Bu da odur ki, iyunun 15-16-da cəbhə xəttində 5 erməni hərbçisinin öldürülməsi faktına həmsədrlər erməni tərəfinin gözlədiyi reaksiyanı vermədilər. Sadəcə, münaqişə tərəflərini “vəziyyəti gərginləşdirən təxribatlardan çəkinməyə” çağırdılar.Halbuki ötən ayın 15-də təmas xəttində işğalçı qüvvələrə məxsus OSA zenit-raket kompleksinin şəxsi heyəti ilə məhv edilməsi hadisəsi ilə bağlı vasitəçilər Ermənistanın mövqeyinə yaxın bir yanaşma sərgiləmişdilər. Bu üzdən düşmən tərəfinin ağzında bir növ “şirə” qalmışdı. Lakin bu dəfə belə olmadı: diplomatlar nədənsə neytral mövqe ortaya qoydular.Sözsüz ki, bu, hələ heç də həmsədrlərin məsələyə ənənəvi “ikili standart” yanaşmasından imtina etməsi anlamına gəlmir. “İkili standart” yanaşmasından imtinadan o vaxt danışmaq mümkün olacaq ki, vasitəçilər, nəhayət, Ermənistanın işğalçı olduğunu etiraf edib dilə gətirəcək, Krım məsələsində Rusiya birmənalı işğalçı qismində tanındığı kimi, Qarabağ məsələsində də Ermənistan qeyd-şərtsiz təcavüzkar kimi qəbul olunacaq. Böyük sülh anlaşmasının əsas şərti də elə budur.
“İkili standart” siyasətindən ilk olaraq isə Rusiya imtina eləməlidir, çünki bu gün konfliktin həllinə ən böyük təsir imkanları ondadır.*****
Bu isə əfsus ki, görünmür. Görünmədikcə ədalətli və daimi sülh də üfüqdə görünmür. Ən qorxulusu, sülhün alternativi olan müharibə ehtimalı aybaay artır. Təmas xəttində çoxalan insidentlər bunun xəbərçisi sayıla bilər. Siyasi və hərbi ekspertlərin, “beyin mərkəzləri”nin, beynəlxalq təşkilatların bu yöndə narahatlıq və xəbərdarlıqları davam edir.“Avropa Birliyi Cənubi Qafqazdakı vəziyyətdən narahatdır və bu bölgəyə böyük əhəmiyyət verir”. Bunu Avropa Birliyi nümayəndəliyinin Ermənistandakı rəhbəri Petr Svitalski Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki son durumu şərh edərkən deyib. AB rəsmiisi daha sonra deyib: “ATƏT-in Minsk Qrupu həmsədrləri mürəkkəb və müxtəlif çağırışların olduğu mühitdə yaxşı iş görürlər. Biz həmsədrlərə dəstəyimizi ifadə edirik. İyulun əvvəlində Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Gerbert Zalber bölgəyə səfər edəcək. Onun səfəri Avropa İttifaqının bölgəyə verdiyi böyük əhəmiyyətin və burada baş verənlərdən narahat olmasının göstəricisidir. Bizim rolumuz ATƏT-in Minsk Qrupuna dəstək verməkdir”.
Diplomat Avropa Birliyinin sülh prosesinə, o cümlədən münaqişədən sonrakı bərpa prosesinə töhfə verməyə hazır olduğunu da söyləyib: “Atəşkəs rejiminin pozulması halları narahatedicidir, çünki belə sülh 2016-cı il aprel hadisələri fonunda həssas ola bilər”.*****
“Qarabağda tərəflər arasında atəşkəs rejimindən, ümumiyyətlə, söhbət gedə bilməz”.Bu fikri tert.am saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. “Atəşkəs olmamasına baxmayaraq, region hələ də tam genişmiqyaslı savaşa qoşulmayıb. Belə bir görüntü var ki, bütün tərəflər müharibədən qorxur, amma bunun olacağını da bilirlər. Qarabağda vəziyyət qəlizləşib. Buna səbəb olan əsas amillərdən biri də müşahidəçi ölkələrdən heç birinin vəziyyətə görə məsuliyyəti üzərinə götürməməsidir. Belə olan halda onlar axı nəyə lazımdırlar? Artıq Minsk Qrupu haqqında unutmaq vaxtı çatıb. Minsk Qrupunun bəyanatları lazımlı deyil. Minsk Qrupundan, sadəcə, etibarlı nəzarət və tərəflərdən hansının təcavüzkar olmasının dəqiqləşdirilməsi istənilir”, - deyə rusiyalı analitik qeyd edib.
Politoloqun fikrincə, münaqişə alovlanarsa, ikinci dəfə kiçik müharibənin qarşısını almaq mümkün olmayacaq. “Bu kiçik müharibə dərhal böyük və dəhşətli fəaliyyətlərə səbəb olacaq. Bunun üçün bütün səbəblər, geosiyasi vəziyyət mövcuddur. Əgər xarici dünya sakit olsa idi, o zaman Qarabağda partlayış etmək çətin olardı, amma indi bu, sadəcə zaman məsələsidir”, - deyə o söyləyib.
Müharibə təhlükəsinin artması fonunda isə Rusiyanın ciddi diplomatik səylərlə bağlı təşəbbüskarlıq göstərməməsi müəmmalı görünür. Görəsən, niyə? Məgər rəsmi Moskva situasiyanın partlayış həddinə yaxınlaşdığının fərqində deyil?“Dağlıq Qarabağ münaqişəsi ətrafında çox maraqlı proseslər müşahidə olunur”. Bu sözləri axar.az -a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert heç bir fövqəldövlətin Dağlıq Qarabağ probleminin həllinə ciddi yanaşmadığını bildirib: “ABŞ və Rusiyanın başı öz problemlərinə qarışıb. Ən maraqlısı isə Rusiyanın susqunluğudur. Moskva sanki siyasi meydanı ekspert və həmsədrlərə verib. Həmsədrlər isə sadəcə, cari məsələləri, yəni mövcud vəziyyətdən istifadə edərək danışıqların gündəliyini tərtib etməklə məşğuldurlar. Ona görə də problemin həllində konkret və ciddi proses nəzərə çarpmır. Tərəflər başa düşür ki, texniki proses vəziyyətə heç bir təsir göstərmir və cəbhədə durum gərgin olaraq qalır. Əsas diqqətin məhz cəbhə xəttinə yönəldilməsi daha məqsədəuyğun və effektli olardı. Çünki Azərbaycan cəbhə mövqelərindəki vəziyyəti dərk edir və erməni təxribatlarına layiqli cavab verir. Ermənilər müharibə başlayacağı təqdirdə hərbi obyektləri deyil, infrasturukturları, insanların sıx yaşadığı yerləri hədəfə alacaqlarını bəyan edirdilər. Bu fonda miqyas və xarakterinə görə Azərbaycanın keçirdiyi hərbi təlimlər erməniləri susdurdu”.
Politoloq bu il ərzində Azərbaycan və Rusiya prezidentlərinin gözlənilən görüşünə də toxunub: “Bütün hallarda Qarabağ məsələsinin müzakirə olunacağı şəksizdir. Moskva Bakının danışıqlar prosesindən nə istədiyini çox gözəl bilir. Düzdür, Rusiya Azərbaycanın haqlı tələblərini eşitməyə hazırdır, ancaq yaxın vaxtlarda Bakını qane edəcək hansısa ciddi addımın atılacağına inanmıram. Çünki Rusiyanın Ermənistana verdiyi 200 milyonluq silah müqaviləsinin müddəti bu ilin sonunda bitir. Nə qədər ki, müqavilənin vədləri yerinə yetirilməyib, Rusiya Ermənistana təzyiq göstərməyəcək. Ən azı, Rusiya bu müqavilənin müddəti tam bitənə, yəni 2017-ci ilin sonuna qədər gözləyəcək. Ola bilsin, Rusiya bundan sonra hansısa addım atsın”.
Tarix: 22-06-2017, 11:20