Moskvada hazırlanan gizli plan haqda şok bilgilər; Sabiq nəqliyyat naziri Ziya Məmmədovun işdən uzaqlaşdırılması ilə Abbas Abbasovun hakimiyyətlə olan bütün gizli bağları da corab söküyü kimi süzülüb; sabiq vitse-primyer 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib, amma...
Rusiya Ali Məhkəməsinin Azərbaycanın ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsindən bir aydan artıq vaxt ötür. Mayın 15-də ÜAK-ın qeydiyyatının ləğvindən sonra bu qurumun nə rəsmi, nə də qeyri-rəsmi müraciətlərinə Rusiya rəsmi orqanları diqqət yetirmir.
ÜAK-ın qeydiyyatının ləğvindən sonra iki ölkə arasında münasibətlərdə zahirən dəyişən heç nə yoxdur, amma aydındır ki, rəsmi Bakı vaxtilə mərhum prezident Heydər Əliyevin iştirakı ilə yaradılmış qurumun əsassız bəhanələrlə ləğv edilməsindən məyusdur.ÜAK-ın hələ qeydiyyatı məsələsi məhkəmə baxışına veriləndə belə iddialar vardı ki, Rusiya 2018-ci il prezident seçkiləri üçün “hazırlıq” içərisindədir və yenidən “Milyarder İttifaqı” kimi oyuncaq qurumlar ortaya atıla bilər.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov mətbuata müsahibəsində bu mövzuda sensasion sayılacaq iddialar səsləndirmişdi. Y.Abramov demişdi ki, yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2013-cü il seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” kimi oxşar hadisələr baş verə bilər. O, ad çəkməsə də, aydın idi ki, əsas şübhələr yenə də Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun üzərində cəmlənir. Çünki 2013-cü il prezident seçkilərindən öncə “AzərRos”un rəhbəri olan A.Abbasov Moskvada tələm-tələsik Moskva azərbaycanlılarının birliyini - “Milyarderlər ittifaqı”nı yaratmışdı. Bəzi Azərbaycan milyonçularını başına toplayan A.Abbasovun məqsədinin heç də güclü diaspora yaratmaq olmadığı tezliklə üzə çıxdı. Sabiq vitse-primyer Kremlin dəstəyindən ürəklənərək Azərbaycan hakimiyyətinə qarşı bəyanatlar verməyə, hətta Bakını hədələməyə cəsarətləndi. Bakıda Milli Şura quraraq ən yaxın adamı hesab olunan Rüstəm İbrahimbəyovun müxalifətin namizədi olmasına nail oldu.
Xəbərlər var ki, A.Abbasov yenidən fəallaşıb, Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün başına toplamaq işinə girişib. Onun yaxın dostu, sabiq nəqliyyat naziri Ziya Məmmədovun işdən uzaqlaşdırılması ilə hakimiyyətlə olan bütün gizli bağları da corab söküyü kimi süzülüb. A.Abbasov oğlunun mandatını itirməsindən sonra bütün ailəsini Bakıdan çıxarıb. Bildirilir ki, A.Abbasov son aylar Rusiya regionlarındakı keçmiş tərəfdarlarını Moskvadakı gizli ofisinə toplayaraq təlimatlandırır.
Məlumatlı qaynağın “Yeni Müsavat”a verdiyi xəbərə görə, baş nazirin sabiq 1-ci müavini 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib. Bunu hansı “sehrli çubuqla” edə biləcəyi məlum deyil, amma A.Abbasov Kremldə hələ də ona “etimad edildiyi” təəssüratını yarada bilib.
İddialara görə, son aylar onun biznesinə də Rusiyada “yaşıl işıq” yandırılıb, bir neçə iri tikinti şirkətlə ilə əməkdaşlıq şansı yaradılıb. Təsadüfi deyil ki, o, sabiq deputat oğlunu Dağıstandakı tikinti biznesinə rəhbərlik üçün görəvləndirib. Bu barədə Dağıstan qəzetləri də xəbərlər yayıb.
A.Abbasovun “siyasətə yenidən qayıdışı”, daha doğrusu, “xortlaması” barədə Bakıdakı rəsmilər də xəbərdardır, amma iddia olunur ki, hələ “bu hərəkətlilik diqqətlə izlənilir”, yəni heç bir reaksiya verilmir. Ola bilsin ki, A.Abbasov hələ tam “qınından” çıxmağa cəsarət etmir, çünki Azərbaycandakı seçkilərə zaman var. Daha bir versiya da var ki, Rusiyadakı bəzi anti-Azərbaycan dairələri Abbas Abbasovdan “xoxan” imici düzəltməklə rəsmi Bakıya təsir etmək planı üzərində işləyirlər. Çünki Rusiyada da gələn il keçiriləcək seçkilərlə bağlı hələ xeyli aydınlaşmayan məqamlar var. Bu xəbərlərin tirajlanması da ona işarə ola bilər ki, Abbas Abbasov üzərindən plan hazırlanır və ehtiyat variant kimi saxlanılır.
Amma indidən də ehtimal etmək olar ki, 2018-ci il seçkiləri ərəfəsində A.Abbasov Rusiyadakı qüvvələrin maraqlarına daha çox uyğun gəlir. Əvvəla, ona görə ki, hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun itirəcəyi bir şey qalmayıb. İkinci bir məqam, A.Abbasovun hakimiyyət hərisliyi və Rusiyaya hələ tam üzə çıxmayan gizli tellərlə (məsələn, kəşfiyyatla) həmişəlik bağlılığıdır.
Daha bir maraqlı məlumatı 10 may.az saytı yayıb. Sayt da öz mənbələrinə istinadən təsdiqləyir ki, ÜAK-ın ləğvindən sonra A.Abbasov yenidən aktivləşib. “O, bu təşkilatın ləğvindən sonra yeni təşkilat yaratmaq ideyası ilə çıxış edib və Moskvada fəaliyyət göstərən iş adamları ilə danışıqlara başlayıb. Abbas Abbasov təşkilatın həm də siyasi çəkiyə sahib olması üçün Rüstəm İbrahimbəyovla dəfələrlə görüşməyə cəhd edib. Amma Rüstəm İbrahimbəyov müxtəlif bəhanələrlə danışıqlardan imtina edib. Nəhayət, bugünlərdə tərəflər telefonla əlaqə yarada biliblər. Amma Rüstəm İbrahimbəyov açıq şəkildə bildirib ki, onu siyasi intriqalara qatmasınlar. Bu cavabdan sonra Abbas Abbasov Rüstəm İbrahimbəyovu qorxaqlıqda günahlandıraraq söhbətə son qoyub” deyə, məlumatda bildirilir.
Sabiq vitse-primyerlə bağlı xəbərləri Moskvadakı mənbələrimizlə bir daha dəqiqləşdirib oxuculara məlumat verməyə çalışacağıq.
“YM”
Tarix: 24-06-2017, 09:28