İlham İsmayıl
Mətbuatda xəbər yayıldı ki, “rus ideoloqu” Proxanov Bakıya təşrif buyurub.
Son zamanlar bu qəbildən olan şəxslər Bakını, Azərbaycanı sevərəkdən, arzuladıqları üçünmü gəlirlər? Kimdi bu “rus ideoloqlar”? Rusiya imperiya siyasətinin təbliğatçıları, erməni dostları, Qarabağ işğalına haqq verən, onu müdafiə edən Jirinovski, Dugin, Proxanov bir-birinin ardınca Bakıya səfər ediblər. Xeyrimizə hansı hərəkəti edib bu imperiya quzğunları? Jirinovski - ömür-boyu Azərbaycana, Türkiyəyə qarşı açıq düşmənçilik edən bu hoqqabaz siyasətçi Bakıya dəvət olundu, bizimkilər Jirinovskinin dili ilə desək “raskoşelivali”, yəni əliaçıqlıq nümayiş etdirdilər, geriyə döndü, bir dəfə televiziyada çıxıb Azərbaycanı təriflədi, daha doğrusu, pomidorunu. Nə Qarabağdan danışdı, nə Ermənistanı qınadı. Yoxsa, gizlicə Putinin qulağına bizdən yaxşı sözlər deyib? Bəs hanı nəticəsi? Bunların içində ən mürtəce fikirlisi Dugin də gəlib getdi, yaxşı yola salındı. Elə burda, Bakıda bizi hədələdi. Dedi, birdən çaşıb Qərbin demokratiya oyununa gedərsiz, sizi Kürə tökərik. Bu, QRU generalının varisindən bizimkilər nə gözləyirdi? İndi də Proxanov. İdealı Stalin, Kim İr Sen olan bu “rus ideoloq”un səfərindən nə umurlar, onu bura dəvət edənlər? Şimali Koreyanı ideal cəmiyyət hesab edən, onların Çuçxe ideologiyasını Yer üzünün xilası bilən Proxanov təfəkküründən nümunə götürmək istəyirlər? Proxanov yazır:
”Yer kürəsində fəlakətlər qaçılmazdır, o zaman bəşəriyyətin imdadına Koreya idarəetmə modeli gələcək, Çuçxe tələb olunacaq. Və bu təşkilatçılığın, müqavimətin nadir təcrübəsi, davamlılığı və ayaq üstə qalmağı bütün bəşəriyyətə lazım olacaq”.
Şimali Koreya dəhşətlərini ideal idarəetmə kimi qəbul edən bu zehniyyətin sahibini bura dəvət etməklə bəlkə fikirləşirlər ki, bu adam Putinə təsir edəcək, Putini Qarabağ siyasətindən döndərəcək?
Proxanovlar Putinin sözçüləridir, Lavrovun, Zaxarovanın hələ tam açıq deyə bilmədiklərini söyləyən buyruq qullarıdır. Sahibləri bu qullardan istifadə edir, onların sözü ilə, xahişləri ilə oturub durmurlar. Erməni sahibkarların Qarabağa gətirdiyi Eduard Limonovun Ermənistan üçün elədiklərinin yarısını bu Proxanovlar Azərbaycan üçün edibmi? Yaxşı qəbul edib, “cibi dolu” yola saldığınız bu adamların qarşısında şərtinizin (əgər varsa) nəticəsini axı hələ görməmişik. ABŞ Suriya Ordusunun hava bazasını apreldə vuranda Proxanov Rusiya dövlətinə çağırış etmişdi ki, “əvəzində Ukraynanı qanadlı raketlərlə vurmaq lazımdır”. Guya yazıçıdır, humanistdir...
Növbədə kimin gəlişi gözlənilir? Yəqin bu dəfə də Satanovskini dəvət edərlər. Üç gün əvvəl bizi talış, ləzgi separatizmi ilə açıq-aşkar hədələyib.
Biz Məşəd İbadın günündəyik. Rusiyada bizi söyüb, sonra soyanlar dəstəsi var. Bir az kasıblayan kimi daha bərk söyürlər, sonra təşrif gətirirlər, jurnalistlər, tele-aparıcılar və sairə. Muzdumuz da o olur ki, daha açıq söymürlər, amma yenə də öz bildiklərini edirlər. Yəqin bu işin adı lobbi siyasətidir, Moskvada bərk söz verirlər ki, qorxmayın, daha Sizi tənqid etməyəcəyik (yenə biz nəsə etsəydik, dərd yarı idi, axı biz heç nə etmirik) Qarabağ sizindir. Hələ ki, bizə vəd etdikləri də Məşədi İbadın “gəlini” kimi çıxır.
İlham İsmayıl - yazarın arxivi
Tarix: 24-06-2017, 23:12