Son vaxtlar Rusiyanın bir sıra politoloqları bu ölkənin cənubundan narahatlıqla dolu açıqlamalar verirlər. Onlar regionda vəziyyətin mürəkkəb olduğunu bildirirlər. “Şimal xəbərləri”nin əməkdaşı Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən müsahibə alıb. Yazını sizlərə təqdim edirik.
Şimali Qafqazda real durum necədir, buradakı vəziyyət doğrudanmı ciddidir? Şimali Qafqaz Rusiya Federasiyasının etnik və dini tərkibcə ən mürəkkəb regionudur. Şimal qonşumuzun siyasi taleyi buradan çox asılıdır. Son vaxtlar yaranan narahatçılıqlar isə əbəs deyil. Şimali Qafqazda mərkəzdənqaçma meylləri hiss olunur. Bu özünü müxtəlif sahələrdə göstərir. Məsələn, götürək Çeçenistan respublikasını. Burada sanki bir yarışəriət dövlət qurulub, federal qanunlar yetərincə işləmir. Doğrudur, respublikanın rəhbəri Ramzan Kadırov daim Rusiyaya və onun başçısına sədaqətdən danışır. Bu heç də idaretmədə özünü tam göstərmir. Ramzan Kadırovun öz qanunları var. O qanunlar ki, federal mərkəzin qəbul etdiyi qərarlardan üstün sayılır. Təkcə Çeçenistanda deyil, Şimali Qafqazdakı başqa respublikalarda da cərəyan edən proseslər ciddi problemlərdən xəbər verir. İndi bu regionda sayca ən az olan xalqlar belə öz müqəddəratlarını hər şeydən üstün tuturlar. Lap elə bu yaxınlarda Dağıstanda noqay xalqının qurultayı keçirildi. Tədbir iştirakçıları Rusiya prezidentinə müraciət qəbul edərək yığcam yaşadıqları ərazidə demoqrafik situasiyanın dəyişdirilməsinə etiraz etdilər. Dağıstanda çeçenlərin kompakt yaşadığı Auxovski rayonunda da etnik mübahisələr mövcuddur. Ümumilikdə götürdükdə isə, qonşu respublikada etnik klanlararası mübarizə gedir. Dağıstanın cənubunda yaşayan ləzgilərin çoxu respublika rəhbəri, milliyətcə avar Ramazan Abdulatipova qarşı müxalifdirlər, onun hakimiyyətdən uzaqlaşması üçün təbliğat kompaniyası aparırlar. İlin əvvəllərində belə bir şayiə yayıldı ki, Rusiya Federasiyası Milli Qvardiyasının Baş komandanı Sergey Çençik Dağıstanın rəhbəri vəzifəsinə gətirilir. Bu məsələ ətrafında müzakirələr açıldı. Sonradan məlum oldu ki, Çençik məsələsi ortalığa elə-belə atılmayıb. Rəsmi Kreml Dağıstana milliyətcə rus olan rəhbər gətirəcəyi təqdirdə nə baş verəcəyini öyrənmək üçün bu şayiəni dövriyyəyə buraxıb. Yəni Dağıstan ictimaiyyətinin nəbzini yoxlayıb. Çençikin müavini, bu yaxınlaradək Rusiya prezidenti Vladimr Putinin Şimali Qafqaz Dairəsi üzrə səlahiyyətli nümayəndəsi olmuş, milliyətcə ləzgi Sergey Melikovun da adı sözügüdən posta namizədlər sırasındadır. Şimali Qafqazda müəyyən təcrübə keçmiş hər iki general-polkovnik barədə yayılan söz-söhbətlər Dağıstanda birmənalı qarşılanmadı. Ləzgi əhalisi S. Melikovun Dağıstanın başına gətiriləcəyi xəbərini müsbət qarşılasa da, avarlar, darginlər və digər xalqlar müxtəlif səviyyələrdə etirazlarını bildirdilər. Moskva isə görünür, sayları bir milyonu ötən avar xalqının təmsilçisinin respublikaya rəhbərlik etməsini hələlik məqsədəuyğun sayır. Respublikada digər bir problem də var. RF-nin başqa subyektlərindən fərqli olaraq Dağıstan rəhbəri ümumxalq səsverməsi yolu ilə deyil, xalq məclisi tərəfindən seçilir. Müxtəlif siyasi partiyalar və ictimai təşkilatlar, ziyalılar bundan narazıdırlar. Lakin rəsmi Kreml seçkilərin keçirilməsindən ehtiyatlanır. Qorxur ki, belə seçki Dağıstanda klanlararası münaqişə ilə nəticələnər, etnik qarşıdurma açıq müstəviyə keçər. Şimali Qafqazın digər subyekti Qaraçay-Çərkəzdə də narazılıqlar var. Abazin xalqı idarəetmə strukturlarında onlar üçün ayrılan kvota ilə hesablaşmaq istəmir. Belə nümunələr az deyil. Maraqlısı budur ki, Şimali Qafqazda yaşayan ruslar bu əraziləri sürətlə tərk edirlər. Rusiya isə bir dəfə eksprement keçirmək istədi. Adıgey respublikasını Krasnodar diyarına, Qaraçay-Çərkəz respublikasını isə Stavropol vilayətinə birləşdirmək məsələsini gündəmə gətirdi. Bu həm adıçəkilən respublikalarda yaşayan xalqlar , eləcə də həmin xalqların xaricdəki diasporları tərəfindən sərt müqavimətlə qarşılandı. Nəticədə problem qapadıldı.
Məlumatlar yayılır ki, bir sıra dövlətlər Şimali Qafqazın Rusiyadan qopması üçün cəhdlər göstərirlər. Bu nə dərəcədə doğrudur?Diqqət yetirsəniz görərsiniz ki, böyük dövlətlər Qafqazdan danışarkən çox vaxt onu şimala və cənuba bölmürlər. Məsələn, ABŞ, Böyük Britaniya, Türkiyə və digər böyük dövlətlər, hətta Rusiyanın özü belə Qafqaz siyasətindən danışırlar. Belə çıxır ki, onların bütövlükdə Qafqazla bağlı xarici siyasi xəttləri mövcuddur. Əslində bu çox təhlükəli haldır. Çünki Qafqazın cənubunda üç müstəqil respublika var, Şimali Qafqaz isə RF-yə məxsusdur. Belə çıxır ki, Rusiya Qafqazı özününkü sayır. Digər dövlətlər də məsələyə elə rusiyasayağı yanaşırlar, o qədər də açıq hiss olunmayan tərzdə bu ölkənin daxili işlərinə nüfuz edirlər. Götürək Türkiyəni. Bu dövlətdə hələ çar dövründə və sosialist inqilabından sonra buraya köçmüş və indi sayları bir neçə milyonla ölçülən, ümumən çərkəslər kimi adlandırılan, lakin Şimali Qafqazdakı müxtəlif xalqlardan ibarət böyük bir diaspora mövcuddur. Onların Şimali Qafqaza təsiri az deyil. Əgər Türkiyə Qafqaz siyasətində daha çox bu amildən bir hədəf kimi istifadə edirsə, ərəb ölkələri sırf dini faktora söykənirlər. Bu ölkələr böyük dövlətlərin diktəsi ilə Rusiyanın cənubunda müxtəlif dini qruplaşmaların olmasında maraqlıdırlar. Ən təəccüblüsü də budur ki, Şimali Qafqazdakı terror təşkilatlarının fəaliyyəti bəzi xarici KİV-lərdə az qala milli azadlıq hərəkatı kimi qələmə verilir. Belə zərərli tendensiya arzuolunmaz nəticələr verə bilər.
Dini qruplaşmalardan söhbət düşmüşkən, onların Şimali Qafqazdakı şəbəkələri nə dərəcədə təhlükəlidir?
Şimali Qafqazda Əl-Qaidənin, İŞİD-in, Hizb-üt Təhririn və digər terrorçu qruplaşmaların qanadları var. Belə ki, Əl-Qaidə və İŞİD-in “Qafqaz əmirlikləri” mövcuddur, onlar ayrılıqda fəaliyyət göstərirlər. Bu qurumların başı bəzi ərəb ölkələrinə bağlıdır. İndi Suriyada minlərlə şimali qafqazlı döyüşür. Qarışıq bir mənzərə yaranıb. Bu xalqların bəzi nümayəndələri Bəşər Əsəd qüvvələri tərəfində, digər hissəsi isə İŞİD sıralarında vuruşur. Ukraynada da belədir. Rusiya bütün qüvvələri öz nəzarətində saxlamağa çalışır. Bu tam mümkün olmasa da, açıq-aydın görünür ki, Şimali Qafqaz xalqlarının bir çox nümayəndəsi Suriyaya düşünülmüş və planlı qaydada göndərilirlər. Rusiya bunu etməklə terroru ərazisindən uzaqlaşdırır və terroçuları özgə dövlətin ərazisində məhv edir. Digər tərəfdən, bu xalqların nümayəndələrindən ibarət könüllüləri Suriyada, Ukraynada və başqa yerlərdə dəstəklədiyi oyuncaq hakimiyyətlərin müdafiəsinə yönləndirir. Bir sözlə, qarışıq situasiyadır. Suriyada terrorçuların məhv edilməsi prosesi gücləndikcə İŞİD-çilərin müxtəlif adlar altında Şimali Qafqazda cəmləşməsi barədə də informasiyalar var.
Bütün bu baş verənlər Azərbaycan üçün hansısa bir təhlükə yaradırmı?Qafaz regionunda baş verən proseslər bir-biri ilə zəncirvari əlaqəlidir. Biz bir şeyi yaddan çıxarmamalıyıq ki, bəzi qonşu ölkələr Azərbaycanın dövlət müstəqilliyindən çox narahatdırlar. Ona görə də müəyyən xoşagəlməz proseslərin ölkəmizə keçməsində maraqlıdırlar. Belə olan halda həmin dövlətlər müxtəlif adlar altında Azərbaycana da müdaxilə edə bilərlər. Bunu heç vaxt unutmamalıyıq. Ölkəmizin suverenliyinin qorunub-saxlanılması ali məqsədimiz olmalıdır. Mən bir misal çəkim. 1992-94-cü illərdə-Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında Azərbaycanın həm cənubunda, həm də şimalında separatizm meylləri açıq–aşkar özünü göstərdi, arxasında da qonşu dövlətlər dururdu. Ölkəmiz bütün bu çətinliklərdən çıxdı. Əslində “Əsrin müqaviləsi”nin imzalanmasınadək vəziyyət hər an dəyişə bilərdi. İndi də biz “Cənub Qaz Dəhlizi”, “Bakı-Tiflis-Qars” və bu tipli digər beynəlxalq əhəmiyyətli layihələr həyata keçiririk. Gizlətməli heç nə yoxdur, həmin qonşu dövlətlər Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini daha da möhkəmləndirəcək projelərin baş tutmasından əndişəyə düşüblər. Məncə, verdiyiniz sualın cavabı aydınlaşdı.
Siz Şimali Qafqazın gələcəyini necə görürsünüz?Bəzi politoloqlar Şimali Qafqazı Rusiyanın “daxili xarici” də adlandırırlar. Bu baxımdan vəziyyət mürəkkəbdir. Adıçəkilən regionda bir milli dirçəliş ab-havası var. Belə davam etsə, Şimali Qafqaz parçalanmaya və xaosa sürüklənə bilər. Bunun da səbəbləri aydındır. Şimali Qafqaz xalqları Moskvanın ayırdığı dotasiya ilə çətinliklə dolanırlar. Bu pulların böyük bir hissəsi elə yerindəcə müxtəlif etnik klanlar arasında əriyir. Şimali Qafqazda böyük iqtisadi çətinliklər mövcuddur. Ayrı-ayrı xalqların bir-birilərinə qarşı ərazi iddiaları da var. Millətçi qruplar bu regionda çoxsaylı rus hərbçilərinin olmasından narazıdırlar. Moskvada az qala rəsmi səviyyədə və aşağılayıcı tərzdə işlədilən “Qafqaz millətindən olan şəxslər” ifadəsi açıq-aşkar insanların milli hissləri ilə oynamaqdır. Çoxlu misallar çəkmək olar. Azərbaycan tərəfi olaraq biz, Şimali Qafqazın sabitliyində maraqlıyıq. Çünki qonşuluqdakı xaos və qarşıdurmadan heç bir fayda yoxdur. Biz Şimali Qafqazdakı bütün respublikalarla dostluq əlaqələri yaratmalı, onlar üçün nümunəvi bir dövlət olmalıyıq. Əlbəttə, hər şey geosiyasi proseslərin gedişatından asılı olacaq.
Siam.az
Tarix: 24-06-2017, 23:44