“Siyasi elitanın əksər hissəsində hakimiyyətin mənbəyinin xalq deyil, xaric güclər olduğu fikri dərin kök salıb” Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevin Strateq.az saytına müsahibəsini təqdim edirik:
– Qüdrət bəy, gələn il Azərbaycanda prezident seçkiləri keçirilməlidir. Ancaq Konstitusiyaya edilən son dəyişikliklərdən sonra belə fikirlər səslənir ki, 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçirilməyə də bilər. Sizcə, hüquqi baxımdan, bu fikirlər nə dərəcədə əsasılıdır?– Konstitusiyanın tələbləri baxımından, əsası olmayan fikirlərdir. 2013-cü ildə prezident 5 il müddətinə seçilib, 2018-ci ildə bu müddət başa çatır və yeni referendumda da fəaliyyətdə olan prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı heç bir müddəa əks olunmayıb. Odur ki, Konstitusiyanın tələbinə görə, gələn il ölkəmizdə prezident seçkiləri keçirilməlidir.
– Siyasi partiya rəhbərləri də, sanki, gələnilki seçkidə iştiraka tərəddüd edirlər. Məslən,VHP sədri Sabir Rüstəmxanlı artıq namizəd olmayacağını açıqlayıb. Digər partiya sədrlərindən də konkret mövqe öyrənəndə, yayınmağa üstünlük verirlər. Ötən seçkilərdə namizəd olmuş şəxs kimi, Siz necə, bu dəfə də namizədliyinizi irəli sürəcəksinizmi?– Partiya rəhbərlərinin tərəddüdlərinə və seçkilərdə iştirak etməmələrinə səbəb, məncə, hazırki prezident İlham Əliyevin nüfuzu ilə bağlıdır. Ötən dəfələrdə olduğu kimi, qarşıdakı seçkilərdə də favoritin İlham Əliyev olacağı şübhəsizdir və bunu bildiklərindən, bəzi namizədlər sadəcə bu yarışa qatılmağı mənasız sayırlar. Ancaq mən hesab edirəm ki, kimin güclü, kimin zəif olmasından asılı olmayaraq, siyasi partiyalar seçki yarışından kənarda durmamalıdırlar. Bu, onların təcrübə qazanması və inkişafı, belə demək olarsa, daim siyasi formada qalmaları üçün mütləq lazımdır. Seçkilərdə iştirak futbol çempionatı kimidir. Orada liderlər və autsayderlər olur. Belə çıxır ki, imkanları aşağı olan komandalar gərək çempionatı tərk edib oynamasınlar? Yəni siyasi partiya hökmən seçkidə iştirak etməlidir.
Biz partiya olaraq seçkilərdə əvvələr də işitrak etmişik, gələn il də iştirak edəcəyik. Mütləq deyil ki, partiya öz namizədiylə çıxış etsin. Şəxsən mənim partiya sədri kimi namizdəliyimi irəli sürməm seçki ərəfəsindəki vəziyyətdən asılı olacaq. Namizədliyim verilə də bilər və yaxud da, başqa partiyalarla danışa və razılığa gələ bilsək, mümkündür ki, başqa bir namizədə də dəstək verək.
– Mümkündürmü ki, bütün müxalifət partiyaları, o cümlədən Milli Şura eyni bir namizəd müəyyənləşdirə və siz də onu müdafiə edəsiniz?– Biz o partiyalarla bir yerdə ola və ya o namizədi müdafiə edə bilərik ki, onlar indiki hakimiyyətin legitimliyini tanıyır və onunla əməkdaşlığı mümkün sayırlar. Milli Şura isə hakimiyyətin legitimliyini tanımır və onunla əməkdaşlığı mümkün saymır. Üstəlik, bu qurum ötən prezident seçkiləri ərəfsindəki fəaliyyəti ilə özünü tamam nüfuzdan salıb. Xüsusən də Rusiya layihəsi olan Rüstəm İbrahimbəyov məsələsində oynanan oyunlar, islamçılarla olan qaranlıq əlaqələr onu göstərir ki, Milli Şura hakimiyyətə gəlmək üçün istənilən xarici qüvvə ilə əməkdaşlığa getməyə hazırdır. Biz belə qüvvələrlə, təbii ki, bir yerdə ola bilmərik. Əksinə, belə qüvvələri dövlət üçün təhlükə sayırıq.
– Qüdrət bəy, qarşıdakı seçkilərdə iqtidar düşərgəsinin necə, başqa bir namizəd üzərində dayana biləcəyi ehtimalını real sayırsınızmı? Çünki vitse-prezident təsisatının yaradılmasından sonra siyasi çevrələrdə getdikcə belə söz-söhbət özünə yer alır ki, hakimiyyət başqa bir namizədin də adı üzərində dura bilər…– Bu söz-söhbətin haradan qaynaqlandığı bəllidir. Adətən, seçkiyə hələ 2 il qalmış hakim partiya olan YAP namizədinin kim olacağını bəyan edirdi. Amma bu dəfə belə açıqlamalara rast gəlmirik. Bugünlərdə YAP-ın səlahiyyətlilərindən yalnız onu dedilər ki, namizədlərini qurultay müəyyən edəcək.
Şəxsi qənaətimsə belədir ki, prezidentin neçə dəfə seçilə biləcəyi ilə bağlı məhdudiyyət olmadığından və İlham Əliyevin də seçilmək imkanları digərləriylə müqayisədə hədsiz böyük olduğundan, elə o da hakimiyyətin namizədi olacaq. Cavan adamdır, kifayət qədər təcrübə toplayıb, həm daxildə, həm də xaricdə ciddi nüfuz sahibidir, niyə kənara çəkilməlidir ki? Yəqin ki, hakimiyyətin namizədi elə özü olacaq.
– Siz bu yaxınlarda belə bir açıqlama ilə çıxış etdiniz ki, hakimiyyətin daxilində Rusiyaya bağlı, kritik situasiyalarda Rusiyanın maraqlarını qoruyan şəbəkə var və onlar hər an təhlükə yarada bilərlər. Əgər belədirsə, hardandır sizdə əminlik ki, hakimiyyət yenə də vahid namizədlə şıxış edə biləcək? Mümkündürmü ki, 2018-ci il seçkilərində hakimiyyətin içindəki Rusiyaya bağlı qüvvələr müxalifətdə özlərinə yaxın bildikləri çevrələrə dəstək verməklə, tandem şəklində hərəkət etməklə, ümumiyyətlə, seçki prosesini sabotaj etsinlər?– Rusiyadan qaynaqlanan təhlükə ciddidir və gedikcə də artır. Bu təhlükəni artıran əsas səbəblərdən biri budur ki, bütövlükdə Azərbaycanın siyasi elitasının əksər hissəsində hakimiyyətin mənbəyinin xalq deyil, xaric güclər olduğu fikri dərin kök salıb. Təəssüf ki, bu cür düşünənlər həm müxalifətdədir, həm də iqtidarda. Məsələn, xatırlayırsınızsa, hələ 1992-ci ildə AXC hakimiyyətə gələndə Arif Hacıyevin məşhur və bədnam bir bəyanatı olmuşdu. Demişdi ki, AXC-nin hakimiyyətə gəlişi 9 dövlətlə razılaşdırılıb. Onun ardınca da Pənah Hüseynovun AzTv-də canlı yayım zamanı rüsvayçı bir çıxışı səslənmişdi. O da vurğulamışdı ki, hətta xalqın 95 faizi bizim əleyhimizə olsa belə, biz hakimiyyətdə qalacağıq. Ardınca da 1993-cü ildə xarici dövlətlərin dəstəklədiyi Gəncə qiyamının baş verməsi göstərdi ki, xarici qüvvələr hakimiyyət dəyişikliyi prosesində necə fəal iştirak edirlər. Elə o vaxtdan da siyasi elitanın indi müxalifəti təşkil edən böyük bir hissəsində o fikir tam hakim olub ki, Azərbaycanda hakimiyyətin taleyini məhz xarici güclər, qonşu dövlətlər həll edir. Ona görə də hakimiyyətə gəlmək üçün xarici dəstək axtarışına çıxırlar və şübhəsiz ki, qarşıdakı seçkidə də belə olacaq… Müxalif düşərgədə bu düşüncənin dəyişməsi üçün zaman keçməli, nəsil dəyişikliyi baş verməlidir.
Təəssüf ki, eyni halı mən iqtidar düşərgəsində də müşhidə edirəm. Məsələn, bəzi məmurlarda o düşüncə hakimdir ki, ölkədə sabitliyin əsasında böyük güclərin razılaşması durur və o razılaşma olmazsa, istənilən vaxt sabitlik pozular. Üstəlik, bəzilərində hətta o fikir hakimdir ki, sən hakimiyyətə, dövlətə nə qədər sadaqətli olursan-ol, əgər hansısa xarici güc istəsə, çox asanlıqla sənin vəzifədən götürülmənə nail ola bilər… Və indi belələri, prezidentdən daha çox, həmin xarici dövlətlərdən qorxur, onların kursuna uyğun davranış üsulu seçirlər.Yeri gəlmişkən, mən bunu özümə münasibətdə açıqca hiss etmişəm. Parlamentdə, mətbuatdakı çıxışlarımda Rusiyanın, İranın əleyhinə kəskin fikirlər işlədəndən sonra bəzi adamların məndən necə qaçdıqlarını, təmasdan yayındıqlarını, əməlli-başlı ehtiyatlandıqlarını və hətta məni istəyənlərin bəzilərinin təlaşla həyatıma, karyerama təhlükə yaradıla biləcəyi barədə xəbərdarlıqlarını da gördüm. Yəni bu vəzifə sahibləri qorxurlar ki, Rusiyanın, İranın əleyhinə kəskin bəyanat verən biriylə salamlaşar, görüşərsə, bu, o dövlətlərin xoşuna gəlməyə bilər. Belələri bizim prezidentdən daha çox həmin ölkələrin dövlət başçılarından qorxurlar. Bu dediklərim təkcə Rusiyaya, İrana aid deyil. Biz 15 iyulda Türkiyədə baş verən hadisələrdən sonra gördük ki, Azərbaycan siyasətində elə adamlar var, prezidenti asanlıqla tənqid edir, ancaq Ərdoğanın adını belə çəkməyə qorxurlar…
Demək istədiyim odur ki, nə qədər ölkənin siyasi elitasında “Azərbaycanda hakimiyyətin taleyini xarici dövlətlər həll edir” düşüncəsi hakim olacaq, ölkədə təhlükə həmişə olacaq…
– Yəni seçkiqabağı hakimiyyət komandasının içərisindən təhlükə yarana biləcəyi fikrində qalırsınız?– O faktları niyə nəzərdən qaçırırsınız ki, indiyə qədər Azərbaycanda ciddi rezonans doğuran, hakimiyyət üçün gərginlik yaratmış bütün hadisələrin mərkəzində məhz iqtidarın özünə bağlı kadrlar dururb: 1994-cü ildə Sürət Hüseynovun qiyam cəhdi, 1995-ci ildə Rövşən Cavadov olayı, 1998-ci il prezident seçkilərində iqtidarın özünün bəslədiyi adamların əlaltdan etdiyi xəyanət, 2003-cü ildə bir çox məmurların əks düşərgəyə meyllənmək cəhdləri, 2005-ci ildə bir neçə nazirin çevrilişə dəstək ittihamıyla həbsi, nəhayət, 2015-ci ildə MTN-lə bağlı baş verən hadisələr… Sadaladığım olaylar zamanı baş verənlər onu göstərir ki, ölkədə sabitliyə, siyasi hakimiyyətə təhlükə yaradan qüvvələr daha çox hakimiyyətin içindən çıxanlardır. Ona görə də mən dəfələrlə vurğulayıram ki, belə hadisələrin baş verməməsi üşün önləyici addımlar atılmalıdır…
– Məsələn, nə kimi?– İlk növbədə, məmur korpusu ciddi nəzarətə götürülməli və qısa müddətə hakimiyyət komandasında təmizlənmə aparılmalıdır. Artıq bir sıra məmurlar hakimiyyətdən, dövlət başçısından daha çox müxtəlif xarici dairələrə bağlıdır. Belə adamlar vətənpərvər, hər hansı xarici bağlantıları, asılılıqları olmayan, sırf prezidentin özünə bağlı, dövlətə sədaqətli gənclərlə əvəzlənməlidir. Bu siyasətin aparılmasına, məncə, indi çox ciddi ehtiyac yaranıb və gecikmək də olmaz. Çünki getdikcə cəmiyyətdə o fikir kök atır ki, Azərbaycanda söz sahibi ayrı-ayrı regional dövlətlər, xüsusən də Rusiyadır. İlk növbədə dövlət aparatında, strateji qurumlarda əyləşib Rusiyanın tapşırıqlarını icra edənlər, onların maraqları üçün çalışanlar zərərsizləşdirilməli, təsirsiz hala gətirilməlidirlər…
– Yəqin, bu müsahibənizdən sonra yenə hədələr, xəbərdarlıqlar alacaqsınız…
– Bəlkə də populizm kimi qarşılanacaq, ancaq inanın, mən razıyam ki, qoy məni Rusiyaya, İrana görə güllələsinlər, zəhərləsinlər, öldürsünlər, lakin təki bu dövlətlərin ölkəmizə qarşı siyasətləri dəyişsin. Mənim arzu və iddialarım fərdi istəklərim, maraqlarımla bağlı deyil, dövlətimin gələcəyi ilə əlaqədardır.Hesab edirəm ki, güclü, qüdrətli Azərbaycanın qurulmasında fundamental dəyişikliklər baş verməlidir və o mərhələ çatıb artıq. İndi Azərbaycan bir mərhələdən yeni bir mərhələyə qədəm qoymalıdır. Bunun üçün də, ilk növbədə, ölkədə siyasi sabitlik qorunub saxlanmalı və bu sabitliyə təhülkə yaradan istənilən şəxs və cəhdlər neytrallaşdırılmalıdır. Çünki sabitlik pozulsa, ondan sonra heç nə etmək mümkün olmayacaq, itirənsə dövlətimiz, vətəndaşlarımız olacaq.
– Qüdrət bəy, Azərbaycan Ordusunda baş vermiş son xəyanət məsələsinin də kökünün sonda gedib Rusiyaya, Silahlı Qüvvələrimizdəki Rusiyameylli kadrlara dirəndiyi iddiaları var. Hətta İsa Qəmbər “Bakipost” saytına müsahibəsində aparılan həbsləri Azərbaycanın Rusiyaya qarşı əməliyyatı kimi qiymətləndirmişdi… Bu haqda Sizin nə kimi informasiyalarınız var? Ümumiyyətlə, Ordudakı həbslərlə bağlı deputat kimi heç Sizə müraciətlər olurmu?– Mən Rusiyanın bu məsələdə iştirakının araşdırılması barədə hətta Milli Məclisdə məsələ də qaldırmışam. Baş verən hadisələrlə bağlı istintaq gedir, ancaq təəssüf ki, əhaliyə bu barədə geniş məlumat verilmir. Demokratik idarəçilik təcrübəsi olan dövlətlərdə bir hadisə baş verəndə, dərhal güc strukturlarının rəhbərləri brifinqlər keçirir, jurnalistlərə məlumat verirlər. Bizdə isə bu praktika hələlik yoxdur. Güc strukturlarının birgə məlumatı açıqlansa da, sonradan əlavə məlumatlar verilmir. Bu pisdir, çünki müxtəlif şayiələrə yol açır, kim nə istəyir – danışır, ağlı nə kəsir – deyir… Bu, normal hal deyil.
Bilirsiniz ki, Konstitusiyaya görə, deputatlardan daxil olan məlumatın mənbəyini açıqlamaq tələb edilə bilməz. Buna görə də, müxtəlif şəxslər bizə etibar edib müəyyən məlumatlar verirlər. Parlamentdə çıxış edərək demişdim ki, mənə sızan məlumatlar var və bu məlumatlarda göstərilir ki, bizim hərbçilərin ələ alınması üçün adamlara pullar Rusiya ərazisində verilib və Rusiyanın xüsusi xidmət orqanlarının burda nə dərəcədə iştirakı mütləq araşdırılmalıdır.
Bilirik ki, Rusiya və Ermənistan müttəfiqdir. Onlar artıq birgə qoşun da yaradıblar. Bu qoşunun komandanı müsahibəsində açıqca deyir ki, Rusiya ilə imzalanmış müqaviləyə görə, onlar Ermənistanın ali baş komandanına – Sərkisyana tabedir. Deyir ki, biz yalnız Sərksiyanın iradəsinə uyğun olaraq hərəkət edəcəyik, Türkiyəyə qarşı da vuruşacağıq, Qarabağda da döyüşəcəyik… Ona məqsədyönlü şəkildə sual verirlər ki, Putin sizin bu istəyinizi qarşısını ala bilərmi? O isə cavabında açıqca deyir, “Yox”…
Bu gün artıq rus əsgəri bizə düşmən olan dövlətin ali baş komandanın əmrləri ilə hərəkət edirsə, deməli, o halda onların kəşfiyyatı da bir yerdədir. Doğrudur, hökumətimiz Rusiyanın Minsk Qrupundakı fəaliyyətini yüksək qiymətləndirir. Amma xalq onu da bilməlidir ki, biz torpaqlarımızı məhz Rusiyanın Ermənistanı müdafiə etməsi səbəbindən azad edə bilmirik. Sabah böyük bir savaş başlasa, Ermənistanla yox, əslində Rusiya ilə üz-üzə gələcəyik.
– Müxtəlif vaxtlarda Sizin Qarabağ məsələsini Rusiya ilə anlaşmaq şəraitində həll etmək çağırışlarınızı eşitmişik. Ancaq indi Rusiyaya qarşı olduqca sərt mövqe nümayiş etdirirsiniz. Bilmək maraqlıdır: yenədəmi o fikirdəsiniz ki, Azərbaycan Rusiya ilə nədəsə anlaşa bilər?– Azərbaycanın hazırda Qarabağ problemini həll etmək üçün iki yolu var. Birincisi, Rusiya ilə anlaşmaq variantı, ikincisi isə total müharibəyə başlamaq yoludur. Moskva ilə anlaşa bilsək, böyük hərbi aksiyaya ehtiyac qalmayacaq. Çünki Yerevan bilsə ki, Rusiya onu müdafiə eləmir, kiçik bir həmlədən sonra geri çəkiləcək. Heç ola bilsin, bu variantda kiçik toqquşmaya da ehtiyac qalmasın.
Yox, Azərbaycan ikinci – savaş yolunu seçəcəksə, bu halda heç nəyə baxılmamalıdır. Azərbaycan artıq özünə güclü ordu formalaşdıra bilib. Biz bu orduyla da ölüm-dirim savaşına girməliyik. Ermənistan anlamalıdır ki, nəinki Xankəndində, Yerevanda belə, daş-daş üstə qalmayacaq. Düzdür, itkilərimiz də olacaq, ancaq torpaqlarımızı azad etmək üçün böyük itkilərə də hazırlıqlı olmalıyıq. Ermənistanın müttəfiqlərini, xüsusən də Rusiyanı inandırmalıyıq ki, bu, söz oyunu deyil…
– “Rusiya ilə anlaşa bilərik” deyirsiniz. Rusiya bizi bərəbərhüquqlu tərəf kimi görmürsə, ölkəmizə yuxarıdan aşağı, istənilən vaxt işğal edə biləcəyi ərazi kimi baxırsa, necə və nədə anlaşa bilərik?
– Bizim öz mövqeyimizi açıq şəkildə ortaya qoymağımız, Rusiyanın müxtəlif siyasi dairələri ilə açıq formada danışmağımız Putinə təzyiqin bir formasıdır. Rusiyanın subyektləri ilə işləyərik. Azərbaycanda bu istiqmətdə iş gedir. Rusiyadakı müsəlman-türk respublikaları ilə çox ciddi şəkildə iş aparılmalıdır. Bu işin miqyası genişləndirilməlidir. Ona nail olmaq gərəkdir ki, Rusiya Ermənistandan qopsun, onun yanında durub Azərbaycana qarşı cəbhə açmasın. Bunun üçün də əvvəlcə Azərbaycan Rusiya siyasi isteblişmentinə açıq bəyanat verib, deməlidir ki, biz Moskvanın Azərbaycanda maraqlarını təmin etmək üçün hansı addımları ata bilərik. Məsələn, KTMT-yə, Avrasiya İttifaqına üzv ola bilərik, Azərbaycan özünün neft-qaz siyasətini Rusiya ilə uzlaşdira bilər. Azərbaycan Rusiyadan yan keçərək Avropaya gedən əsas enerji dəhlizlərindən biridir. Biz bundan da yararlana bilərik. Tutaq ki, Rusiya ilə razılaşıb, onsuz da bizim haqq işimizdə birmənalı dəstək verməyən Avropaya “Əlvida!” deyə, əsas hərbi-siyasi müttəfiqimiz kimi Rusiyanı seçə bilərik… Təəssüf ki, biz bunu da hələ açıq deyə bilmirik. Cəmisi, bircə dəfə XİN rəhbəri Elmar Məmmədyarov açıq mətnlə deyib ki, Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutsa, biz Avrasiya İttifaqında iştirakımızı müzakirə edə bilərik. Diplomatik dildə bu, “mümkündür” deməkdir…
Bilirsiniz, Rusiya nə qədər avtoritar ölkə olsa da, orada hər bir rus vətəndaşına çıxa biləcəyimiz informasiya resursları var. Eyni zamanda, Rusiya oturuşmuş dövlətdir və ciddi, strategiyanın planlaşdırılmasını həyata keçirən institutları var. Putin nə qədər imtiyaz və səlahiyyətlərə, qeyri-məhdud hakimiyyətə sahib olsa da, o, belə dövlət institutlarının maraqlarını, hesabatlarını, rəylərini nəzərə alır. Biz çalışıb bu institutlara, rus cəmiyyətinə təsir göstərməyi bacarmalıyıq…
– Qüdrət bəy, Rusiyada gələn il keçiriləcək prezident seçkilərindən gözləntilərinizi də bilmək maraqlıdır. Belə rəylər var ki, Moskvanın başının öz daxilinə qarışacağından istifadə edən Qərb seçkiqabağı Rusiyaətrafı qurşaqda, o cümlədən Cənubi Qafqazda möhkəmlənmək istiqamətində ciddi addımlar ata bilər…– Rusiyanı durdura biləcək tək qüvvə ABŞ-dır. Ancaq ABŞ-ın yeni prezidenti Trampın isə aydın xarici siyasət təsəvvürləri yoxdur. Onun Rusiyaya daxili simpatiyası da göz önündədir və özünü də Rusiya ilə əlaqələrdə ittiham edirlər. Tramp sadəcə qorxusundan Rusiya əleyhinə sanksiyalara qarşı çıxa bilmir. Belə bir vəziyyətdə Qərbin bu bölgədə fundamental nəsə edəcəyini gözləmək yanlış olar. Avropa ölkələri ABŞ-ın dəstəyini alıb nəsə addımlar ata bilərdilər, onlar da heç nə etmirlər. Bölgə, faktiki, Rusiyanın təsir zonasına buraxılıb.
Rusiyanın daxilində dəyşiklərə gəlincə, mən bu barədə bir neçə dəfə NATO Parlament Assosiasiyasının iclaslarında, o cümlədən Tiflisdəki son toplantısında da dedim ki, əgər istəyirsinzə Rusiyanın qonşuları rahat nəfəs alsınlar, Avropa Rusiya qorxusu altında yaşamasın, siz hərbi büdcəni artırmaqdan daha çox diqqəti və maliyyəni Rusiyanın daxilinə yönəldin. Bilirsiniz ki, son vaxtlar ABŞ digər NATO üzvlərindən hərbi xərclərini ÜDM-in 2 faizi həddinə çatdırmağı tələb edir. Bu o deməkdir ki, NATO-nun xərcləri əlavə 370 milyard dollar həcmində artacaq. Mən də onu qabartdım ki, bu vəsaitin çox az bir hissəsi – 2-3 milyardı Rusiyada demokratik qüvvələrin dəstəklənməsinə xərclənsə, Rusiyada milli respublikalarla bağlı xüsusi proqramların qəbul edilib həyata keçirilməsinə sərf edilsə, daha yaxşı nəticələr əladə etmək olar. Çünki nüvə silahına malik nəhəng bir dövlətin hərbi təcridi daha böyük təhlükə və riskin artması deməkdir. Rusiyanın demokratikləşməsinə verilən dəstək isə həm rus xalqının, həm qonşularının, həm də elə Avropanın rahat nəfəs almasına gətirib çıxaracaq.
Düzdür, Rusiyanın güclü siyasi elitası var, ancaq o potensial hələ bütün Rusiyada demokratikləşməni təmin edəcək həddə deyil. İndi rus insanı daha çox “Böyük və güclü Rusiya” şovinizminin təsiri altındadır. Sadə rus avropalılar kimi, qanunların hökm sürdüyü, mədəni və rifah içərisində yaşamaq imkanı verən həyatdan yox, “Vodka”dan “vurub”, soyutma kartofdan dişləmək və “Krım artıq bizimdir” şüarını sələndirməkdən daha çox həzz alır, hərbi qüdrətləri ilə öyünməyi sevir, bunda rahatlıq tapır…
Rusiyanın böyük potensialı var. 1917-ci ildə rus xalqının etdiyi inqilab bugünkü milli respublikaları formalaşdırdı, böyük bir imperiya dağıldı. Şübhəsiz, böyük mütəfəkkirlər yetişdirən bu zəngin və qüdrətli xalq, gec-tez, demokratik cəmiyyət də quracaq. Sadəcə zaman lazımdır…Biz özümüz isə oturub Rusiyanın haçan demokratikləşəcəyi günü gözləməməliyik. Güclü milli dövlət qurucluğu istiqamətində qorxmadan, əzmlə çalışmalı, böyük dövlətlərə necə itaət etmək yox, onlara necə müqavimət göstərmək, necə təzyiq etmək barədə düşünməliyik…Söhbətləşdi:
Xaqani Səfəroğlu
Zaur İbrahimli
Tarix: 26-06-2017, 15:00