Rusiyada “Levada mərkəzi” çox maraqlı sorğu keçirib. Rəyi soruşulanların böyük əksəriyyəti ölkə tarixində ən dahi şəxsiyyət kimi İ.Stalinin adını çəkib. İkinci yerdə isə hazırki prezident V.Putin gəlir.
Bu məsələyə münasibət bildirmək də olardı, bildirməmək də ... Bir tərəfdən Rusiya o qədər qəribə ölkədir ki, bir azacıq bu ölkə ilə tanışlığı olan adam burada baş verən heç nəyə təəccüblənmir. Məsələn, mən rus telekanallarındakı siyasi verilişlərə baxa bilmirəm, çünki bu verilişlərdən əməlli-başlı psixoz havası gəlir. Düşünürsən ki, İlahi, bu adamların bir başqa işi-gücü yoxdurmu? Bunlar günün yarısını yalnız Ukrayna haqda, digər yarısını da ABŞ haqda düşünürlər.Digər bir tərəfdən isə, bədbəxtlikdən Rusiya bizim ən böyük qonşumuzdur və burada baş verən proseslər, hiss olunan tendensiyalar istər-istəməz bizim üçün də maraqlı olmalıdır....
Əslində rusların Stalinə rəğbəti elə bir yeni hadisə deyil. Bu adamın ölümündən sonra ona qarşı aparılan inkarçılıq kampaniyası heç nəticə vermədi – sovet diktatorunu rusların ürəyindən silə bilmədi.
Bəlkə də ona görə ki, N.S.Xruşşov da, elə L.İ.Brejnev də onu inkar etməklə yanaşı çox böyük məmnuniyyətlə özlərini onun yerinə qoymaq, hətta onun etdiklərini belə öz adlarına çıxmaq istəyirdilər.
Məsələn, Böyük Vətən müharibəsində polkovnik olmuş L.Brejnev həyatının son vaxtlarında, artıq sərsəmlədiyi bir vaxtda az qala müharibədəki qələbəni öz adı ilə bağlamaq istəyir, müharibənin minlərlə kiçik epizodlarından birini onun “həlledici döyüşü” kimi qələmə verirdi və hətta bu məqsədlə “Kiçik torpaq” adlı bir “əsər” də yazmışdı...
Amma bu “nömrələr”in heç biri baş tutmadı. Xruşşov yadda bir təlxək kimi qaldı, Brejnevin “trilogiya”sı isə onun özü kimi torpağa gömüldü. Amma Stalin qaldı – həm pis, həm də yaxşı tərəfdən... Məsələ bundadır ki, siyasətçilərin də “kalibr”i olur – böyük proseslərə imza atanları onların mənfi - müsbət olmasından asılı olmayaraq heç vaxt tarix adlı yaddaşdan silmək olmur.
Mənə qalsa, rus imperiyası üçün iki nəfər böyük işlər görübdür – bunlardan biri Birinci Pyotr, digəri isə İ.Stalin idi. Rus imperiyası öz qüdrətinin pikinə məhz Stalinin dövründə çatmışdı. Stalin bu dövlət üçün elə bir iş gördü ki, məhz bunun sayəsində Rusiya hələ də dünya siyasətində meydan oxuyur. Təbii ki, söhbət nüvə silahından gedir.
Di gəl, nüvə silahı digər ölkələrin də var. Deməli, məsələ təkcə nüvə məsələsi deyil – bura Kosmos da aiddir, böyük industriya da, böyük bir ərazi də...
Ruslar özləri deyir ki, Stalin ölkəni oraq-çəkiclə təhvil alıb qüdrətli hərbi və sənaye dövləti kimi təhvil verdi.
Amma bu da elə - belə başa gəlməmişdi – Stalin dövründə on milyonlarla insanın repressiya olunduğu deyilir. Bu isə Böyük Vətən müharibəsi zamanındakı itkilərdən heç də az deyil. Bəli, misal var, deyirlər ki, qalibləri mühakimə etmirlər – Stalin də həyatdan qalib kimi, nəhəng bir imperiyanın başçısı kimi getdi...
Bilirsinizmi, mənə elə gəlir ki, İ.V.Stalin özü çox şeyin fərqində idi. O özü də bilirdi ki, bolşeviklərin yaratdığı imperiya da Rusiya imperiyasının davamı və özü də bu imperiyanın qüdrətli hökmdarı idi... Təsadüfi deyil ki, anasına hansı vəzifədə çalışdığını başa salmaq üçün özü belə demişdi: “Çar yadındamı? Bax, onun yerində indi mənəm”...
Əvvəldə dedim ki, ikinci yerdə də V.Putin gəlir. Amma burada mənim bir az şübhəm var. 93-cü ildən sonra da bizdə də “sorğu” keçirmək və ya reytinq cədvəli müəyyən etmək bir dəb idi. Amma bunun bir özəlliyi var idi – bütün partiyalar ikinci yerdə öz liderlərinin adını yazırdılar!..
İndi mən də bilmirəm ki, “Levada mərkəzi” Putini bu yolla ikinci edib, yoxsa o, elə həqiqətən də ikincidir? Təbii ki, Putinin də reytiniq yüksək hesab olunur –ölkəni Çeçenistandakı müharibədən qurtardı, özü də qalib kimi qurtardı və nəhayət, Krımı aldı! Bütün bunlar sözsüz ki, ona böyük xallar qazandırır.
Fəqət, biz elə də sevincək deyilik. Bir tərəfdə Stalin, digər tərəfdə də Putin... Onlar isə Rusiya imperiyası, avtoritarizm və ekspansionizmdir. Üstəlik, orta statistik rus seçicisinin təqdir etdiyi siyasi obrazdır və həm də o deməkdir ki, hətta ən demokratik seçki belə Rusiyada əsl demokratın hakimiyyətə gəlməsinə yardımçı ola bilməz, çünki şüurlarda hələ də, bu gün də Stalindir...
Hüseynbala Səlimov
Tarix: 28-06-2017, 14:36