Türkiyənin Naxçıvan PLANI nədir?

Türkiyənin Naxçıvan PLANI nədir? Sərdar Cəlaloğlu: “İqtisadi zonanın yaradılmasından sonra Naxçıvanın inkişafı yüz dəfə artacaq”

Məhəmməd Əsədullazadə: “Azad iqtisadi zonanın yaradılması Naxçıvanın iqtisadi, hərbi təhlükəsizliyinin təmin olunmasına şərait yaradır”

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda birgə hərbi təlimlərindən sonra bu bölgə ilə bağlı yeni məlumat yayılıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradacağı bildirilir. Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələrinin artıq bu məqsədlə bir neçə gün əvvəl Naxçıvanda yerləşdirildiyi diqqətə çatdırılıb. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək.

Ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi artdığına görə, Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac var. Bu baxımdan təklif olunur ki, Naxçıvan hüquqi baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Bildirilir ki, Zəngəzuru Azərbaycandan qopaqmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhədi ortadan qaldırıldı. SSRİ dövründə əlaqə Ermənistan üzərindən olduğundan problem yox idi. Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nini süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Bu, Ermənistanı Naxçıvana qarşı hər hansı təxribatdan çəkindirə bilər.

“Naxçıvanın müdafiəsində ciddi problemlər var”



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, Naxçıvan anklavdadır və bu regionun Azərbaycanla birbaşa əlaqələri olmadığına görə, Naxçıvan əhalisinin vəziyyəti olduqca ağırdır. ADP sədri hesab edir ki, bu baxımdan Türkiyənin burada azad iqtisadi zona yaratması, irəliyə doğru atılmış ciddi addımdır:

“Dünyanın bir çox bölgələrində belə iqtisadi zonalar var. Dubayın özü də azad iqtisadi zonadır. Hazırda Dubayın gəlirləri və inkişafı əvvəlki illərlə müqayisədə dəfələrlə yüksəlib. Azad iqtisadi zonanın yaradılması bölgənin inkişafı üçün stimullardan biridir. Hesab edirəm ki, bu çox ciddi addımdır. Hazırda Naxçıvan əhalisinin 80%-i Türkiyədə işləyir və gəlirlərini buradan əldə edir. Naxçıvan demək olar ki, Türkiyənin hesabına ayaqüstədir. Azad iqtisadi zona yaradıldıqdan sonra vətəndaşların qarşılıqlı gediş-gəlişləri üçün viza rejimi də ləğv ediləcək və işləmək üçün heç bir problem olmayacaq. Əbülfəz Elçibəyin vaxtından bu addımı atmaq lazım idi. İşi sürətləndirmək lazımdır.

İqtisadi zonanın yaradılmasından sonra Naxçıvanın inkişafı yüz dəfə artacaq, bölgəyə böyük kapital axını yarana bilər, yeni iş yerləri açılacaq, əhali sosial-iqtisadi problemlərini həll edə biləcək. Naxçıvanı tərk etmiş insanlar geriyə qayıdacaqlar, bu, bölgənin təhlükəsizliyinin təmin olunmasında başlıca amildir. Naxçıvanda 350-400 min insan yaşamalıdır, amma bu gün burada 30-40 min insan yaşayır. Çünki əhalinin böyük əksəriyyəti komnukasiyanın məhdud və yaşayış standartlarının aşağı olmasına görə Naxçıvandan gedib. Bu da Naxçıvanın müdafiəsinə ciddi problem yaradır”.

“Vaxtında Dağlıq Qarabağa bu statusu vermək lazım idi”

Sərdar Cəlaloğlu qeyd edib ki, azad iqtisadi zona həm də Naxçıvanın təhlükəsizliyi baxımından əhəmiyyətlidir:


“Bu, sözdə qalmamalı, təcili həyata keçirmək lazımdır. Türkiyənin resursları hesabına Naxçıvanda inkişafa nail olmaq, naxçıvanlıların burada işlə təmin olunması və bölgədə yaşayış səviyyəsinin yüksəldilməsi üçün təcili addımlar atılmalıdır. Əgər məsələ həyata keçsə, bu düşünülmüş addım olacaq. Türkiyənin imkanları hesabına bölgədə müsbət inkişafa nail olmaq mümkün olacaq. Bunu Ermənistanla birlikdə Dağlıq Qarabağda da həyata keçirib münaqişənin həllinə nail ola bilərik.

Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində azad iqtisadi zona elan oluna bilər. Bu baxımından ermənilər bizimlə iqtisadi münasibətlər qura bilərlər. Hesab edirəm ki, bununla separatizmin də qarşısını almaq mümkündür. Vaxtında Dağlıq Qarabağa bu status verilsəydi, bəlkə də işğalın qarşısı alınardı. Əgər bu proses Naxçıvanda başlasa, Azərbaycanın digər regionlarında da bu ideyanın həyata keçirilməsinə zəmin yaranacaq. Məsələn, Cənub bölgələrində İranla, Şimalda da Rusiya ilə azad iqtisadi zonalar yaratmaq olar. Bunlar xarici kapitalın ölkəyə cəlb edilməsinə imkan verərdi”.

ADP sədri hesab edir ki, bununla belə, azad iqtisadi zonaların mənfi tərəfləri də var: “Azad iqtisadi zonalar təkcə iqtisadi səmərlər gətirmir. Bu cür əlaqələrin arxasından milli təhlükəsizliyə zərər verəcək meyillər də gələ bilər. Azərbaycan hakimiyyəti məsələnin bu tərəfini də nəzərə almalıdır. Azad iqtisadi zonaların yaradılması qloballaşmanın təzahürlərindən biridir. Bu beynəlxalq cinayətkarlığın bölgəyə nüfuz etməsinə şərait yaradır ki, bunun üçün əvvəldən önləyici tədbirlər görülməlidir. Kürd və erməni separatçılar Naxçıvana gəlib burada çox ciddi təhlükələr yarada bilərlər. Bunu da nəzərə almaq lazımdır”.

“Rusiya və Ermənistan narahatdır”



“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə deyib ki, Türkiyənin Azərbaycanla bir neçə ay ərzində keçirdiyi hərbi-taktiki təlimləri bu ölkənin Cənubi Qafqazda hərbi-siyasi maraqlarının artmasından xəbər verir. O, həmçinin bunun Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqliyin möhkəmlənməsinə imkan verdiyini diqqətə çatdırıb:

“Təbii ki, Türkiyə - Azərbaycan müttəfiqliyi Rusiya və Ermənistan tandemini ciddi narahat edir. Hazırda Ermənistanın işğalçılıq siyasəti nəticəsində davam edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların dalana dirənməsi, cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması hərbi əməliyyatların başlanmasına şərait yaradır. Qeyd edim ki, zamanla Ermənistan rəhbərliyi Naxçıvan ərazisinə də iddialar irəli sürür. Bu iddialarla bərabər müəyyən bir sıra məqamlarda ermənilər Naxçıvan ətrafında vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Naxçıvanın təhlükəsizliyinə cavabdeh olan Türkiyənin bir neçə gün əvvəl hərbi-taktiki təlimləri bu bölgənin təhlükəsizliyini qarantiya almaqla yanaşı, regionun iqtisadi blokodasını yüngülləşdirmək üçün azad iqtisadi zonanın yaradılması da Naxçıvanın iqtisadi, hərbi təhlükəsizliyinin təmin olunmasına şərait yaradır”.

Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 28-06-2017, 16:14
Xəbəri paylaş





Xəbər lenti