Azərbaycanda böyük amnistiya gözlənilir - Komissiya üzvlərindən anons
Azərbaycanda hər il bayramlar ərəfəsində məhbusların əfv olunması ənənə halını alıb. Müxtəlif bayramlarda imzalanan əfv fərmanları ilə yüzlərlə məhbus azadlığa çıxır. Ramazan bayramı ilə əlaqədar əfv sərəncamı imzalanmadığı üçün, yaxınları həbsdə olan şəxslər gözünü sentyabrın 1-də qeyd olunacaq Qurban bayramına dikib.
Bu səbəbdən BakuPost.az-ın əməkdaşı Qurban bayramı ilə əlaqədar əfvin olub-olmayacağı ilə bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvlərinə müraciət edib.
Komissiyanın səlahiyyətli şəxsi Mehdi Mehdiyev bu qədər yaxın bir vaxtda əfvin olacağına inanmadığını bildirib: "Novruz Bayramı ərəfəsində əfv olub. Ona görə də belə yaxın bir tarixdə növbəti əfv sərəncamının imzalanağına inanmıram. İlin sonunda əfv ola bilər”.
M.Mehdiyev bununla belə, qeyd edib ki, məsələ Milli Məclisdə qaldırılsa, komissiya müraciətə baxa bilər: "Bu ərəfədə Milli Məclisdə bu məsələni qaldıran olsa, amnistiya ola bilər”.
Əfv Komissiyasının digər üzvü Əliməmməd Nuriyev da həmkarıyla həmfikirdir: "Əfv sərəncamının belə tezliklə imzalanacağına güman etmirəm. Amma bu, cənab prezidentin səlahiyyətində olan məsələdir; əfv sərəncamını hər zaman imzalamaq hüququna malikdir. Lakin nəzərə almaq lazımdır ki, mart ayında prezident tərəfindən 423 nəfərin əfv olunmasıyla bağlı sərəncam imzalanmışdı. Bunun üzərindən elə böyük bir vaxt keçməyib. Bu baxımdan da Qurban bayramı ərəfəsində əfv olacağını güman etmirəm”.
Amnistiya aktının qəbul edilməsinə gəlincə, Ə. Nuriyev məhkumları və onların yaxınlarını sevindirəcək xəbər verib: "Gələn il həm cümhuriyyətin 100 illiyi ilə bağlı, həm də mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar amnistiya aktının olmasını istisna etmirəm. Amma buna hələ çox var. Bu il isə amnistiyanın olacağına inanmıram”.
Komissiya üzvü Azərbaycanda indiyə kimi 11 dəfə amnistiya aktı qəbul edildiyini deyib: "Bu aktların 3-ü ilə bağlı təşəbbüs birinci xanım, həmin vaxt Milli Məclisin deputatı olan Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Bununla da müstəqillik əldə ediləndən bu vaxta kimi Azərbaycanda 120 minə qədər şəxs amnistiya aktına düşüb”.
Tarix: 29-06-2017, 16:20